XƏBƏRLƏR

22.11.2019 12:29
Ali təhsilə aid ixtisasların tanınması

YUNESKO qlobal Konvensiyanı qəbul edib

Parisdə YUNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində  Təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə  ali təhsilə aid ixtisasların tanınması haqqında qlobal Konvensiya sənədi qəbul edilib.  Hökumətlərarası məsləhətləşmələr çərçivəsində  Konvensiya layihəsinin yekun razılaşdırılması prosesində 6 qitə və 23 ölkənin nümayəndələri fəal iştirak edib. Sənəd təhsilalanların kvalifikasiyalarının ədalətli, şəffaf və qeyri-diskriminasiyasız tanınmasının təmin edilməsi prinsiplərini bəyan edir.  Konvensiya ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi prinsiplərini özündə ehtiva edir və informasiya əlaqələrinin təkmilləşdirilməsini, təhsilin tanınma prosesini və keyfiyyət zəmanətini təmin edəcəkdir.

Paris konfransında qeyd olunub ki,  ali təhsilin artan populyarlığı və müasir texnologiyaların inkişafı, eləcə də xaricdə təhsil almaq istəyən tələbələrin sayının xeyli artması şəraitində bu yolla əldə edilmiş ixtisasların tanınması hökumətlər üçün getdikcə daha vacib siyasi vəzifələrə çevrilir.

Ali təhsildə daha çox inteqrasiya və mobillik

Qlobal Konvensiya sənədinin qəbul olunması üçün  YUNESKO-nun tarixində ilk dəfə olaraq dünyanın ayrı -ayrı ölkələrindən 100 -dən çox Təhsil nazirləri və universitet rəhbərləri ali təhsildə inteqrasiya və mobillik səviyyəsinin yüksəldilməsi sahəsində beynəlxalq tədbirləri müəyyən etmək üçün bir araya gəliblər.  “Ali təhsil sahəsində YUNESKO - nun  fəaliyyəti və çoxtərəfli münasibətləri xüsusilə də əsas rol oynamalıdır”, - deyə YUNESKO -nun Baş direktoru Odre Azule müşavirənin açılışında giriş sözündə bildirib. Nazirlərin  toplantısında  ali təhsil sahəsində ən aktual problemlərdən bir neçəsi müzakirə olunub: hökumətlər və ali təhsil müəssisələri  universitetlərdə tələbələrin sürətlə artması və tələbələrin mobilliyinin yüksədilməsi  fonunda daha inklüziv qlobal kampusun yaradılması üzərində birgə necə işləyə bilərlər. Onlar həmçinin artan bərabərsizliyə qarşı mübarizə aparmaq üçün dünyanın bütün ölkələrində ali təhsil sektoru üçün yollar müəyyənləşdiriblər.

“Biz ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bilik mübadiləsinin,  akademik mübadilə və mobilliyin möhkəmləndirilməsi, eləcə də hamı üçün həyat boyu keyfiyyətli və inklüziv təhsil imkanları təklif edən ədalətli, şəffaf və inklüziv qlobal kampusun yaradılması üçün qəti addımlar atmalıyıq”, - deyə YUNESKO-nun Baş direktorunun təhsil məsələləri üzrə müavini Stefania Giannini bildirib.  Kanadanın təhsil nazirləri şurasının üzvü Tina Bodri-Mellor isə çıxışında  qeyd edib ki,  “Təhsil sahəsində üzləşdiyimiz problemlərdən biri Attestasiya prosesinin demokratikləşdirilməsidir”.

Sürətlə dəyişən landşaft

Ali təhsilin qlobal mənzərəsi beynəlmiləlləşmənin artması, müəssisələrin diversifikasiyası və yeni təlim formatları ilə əlaqədar sürətlə dəyişir. Hazırda dünyanın ali məktəblərində 220 milyona yaxın tələbə təhsil alır ki, bu da on il bundan əvvəlki  dövrlə  müqayisədə iki dəfə çoxdur. Xüsusilə Afrika ölkələrində bu göstəricinin daha da artması gözlənilir.

Lakin şagirdlərin sayının artması beynəlxalq səviyyədə razılaşdırılmış və hədəfi  2030-cu ilə qədər  “heç kəsi kənarda qoymamaq”,   ədalətli və münasib keyfiyyətli ali təhsili təmin etmək məqsədi  daşıyan Gündəliyin əldə olunmasının etibarlı göstəricisi deyil.  Müəssisələr getdikcə daha müxtəlif şagird kontingenti,  qeyri-sağlam vəziyyətdə olan miqrantlar, qaçqınlar və yerli xalqlar kimi sosial qruplar üçün keyfiyyətli təhsilin təmin olunması problemi ilə üzləşirlər.

“İxtisas pasportu mənim üçün bir çox qapıları açdı. Mən Suriyadakı müharibədən Yunanıstana qaçdım və sonra ixtisasımın tanınmasını aldım və Norveçdə təhsilimi davam etdirə bildim”, - deyə suriyalı qaçqın Ənvər Xorani bildirib. 

Tələbələrin mobilliyinin artırılması

Son onilliklərdə tələbələrin ali məktəblərə qəbul göstəricilərinin görünməmiş artımı onların mobilliyinin artması ilə müşayiət olunur ki, bu da tələbələrin, müəllimlərin və tədqiqatçıların qlobal kampusunun tədricən ortaya çıxmasına gətirib çıxarır. 2011-ci ildən əvvəlki on il ərzində öz ölkəsindən kənarda oxumağa qərar verən təhsilalanların sayı iki dəfədən çox artaraq 4,3 milyona  çatmışdır. Qiymətləndirmələrə görə, bu rəqəm 2025-ci ilə qədər yenidən iki dəfə artacaq.  “Tələbələrin mobilliyi istisna deyil, norma olmalıdır. Bizim borcumuz ixtisasların transsərhəd tanınmasını asanlaşdırmaqdır”, - deyə Norveçin elm və ali təhsil naziri İselin Nibe bildirib.

Lakin bir çox tələbələr hələ də Vətənə qayıtdıqda və ya yeni ölkəyə köçərkən öz bacarıqlarının tanınmasında maneələrlə qarşılaşırlar. Kvalifikasiyaların tanınmaması  gələcək tədrisə giriş əldə etmək yolunda və ya işədüzəltmə imkanlarını tapmaq üçün əsas maneədir. Bu gün dünyadakı əcnəbi  tələbələrin yarıdan çoxu yalnız öz ölkəsinin hüdudlarından kənarda deyil, başqa qitədə və ya başqa bir regionda təhsil alır.

“Bir çox ali təhsil müəssisələrində struktur maneələr universitet təhsilini yalnız cəmiyyətin ən imtiyazlı qruplarında doğulmuş şəxslər üçün əlçatan edir”, - deyə Harvard Universitetinin (ABŞ) Beynəlxalq təhsil üzrə professoru,   YUNESKO-nun “Təhsilin gələcəyi” hesabatının hazırlanması üzrə komissiyasının üzvü Fernando Reymers  qeyd edib. “İnklüzivlik probleminin həlli bir çox hallarda ali təhsilə çıxış imkanlarının genişləndirilməsini tələb edir”. Onun sözlərinə görə, ali təhsil sahəsində ixtisasların tanınması haqqında qlobal Konvensiya tələbələrin mobilliyini təşviq etmək,  regionlarda və qitələrdə ali təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır.

“Ali təhsil sahəsində ixtisasların tanınması haqqında qlobal Konvensiya çoxtərəfli münasibətlərin tənqidinə baxmayaraq, məhz bu sistemin müasir qarşılıqlı əlaqəli dünyanın şərtlərinə daha uyğun olduğunu əyani şəkildə sübut edəcək”, - deyə xanım Odre Azule əlavə edib.

YUNESKO, eyni zamanda  kvalifikasiyalara malik olan qaçqınların mobilliyinin yüngülləşdirilməsi üçün kvalifikasiya pasportunu da hazırlayıb.  Kvalifikasiya pasportu hazırda təcrübi əsasda Zambiyada tətbiq olunur.

“Bu pasport  qaçqınların öz  ölkələrində aldıqları ixtisas və təhsili tanımaqla onların  inteqrasiyasına kömək etməkdə əsas rol oynaya bilər”, - deyə xanım Odre  Azule bildirib.  Zambiyanın ali təhsil naziri isə öz növbəsində deyib: “Biz ölkəmizdə qaçqınlar üçün ixtisas pasportunun eksperimental tətbiqi ilə fəxr edirik. Qaçqın şagirdlər üçün təhsil və karyeralarını davam etdirmək imkanlarını təmin etmək üçün biz YUNESKO ilə işləyirik”.

Təhsildəki uğurlar davamlı inkişafın yolunu açacaq

Konfransda çıxış edən Türkiyənin Təhsil naziri Ziya Selçuk  YUNESKO-dan gözləntilərin çox yüksək olduğunu, BMT-nin əsas gücü olan bu qurumun güclü viziyonuna qayıdacağına inandıqlarını vurğulayıb.  Nazir  dünyada çoxsaylı yeni problemlər və imkanlar yarandığı bir vaxtda təhsilə daha çox maliyyə vəsaitinin ayrılması zəruriliyini diqqətə çatdırıb. Təhsildə əldə olunan nailiyyətlərin bütövlükdə davamlı inkişafa nail olmağa  yol açacağını deyən Z.Selçuk qeyd edib ki, təhsil YUNESKO-nun fəaliyyətinın mərkəzində olmağa layiqdir,  qurum bu sahədə güclü və uzaqgörən liderliyi davam etdirməlidir.  “Türkiyə ali təhsildə ixtisasların tanınması üzrə Qlobal Konvensiyanı başa çatdırdığına görə baş direktor və üzv dövlətləri təbrik edir. Ümid edirik ki, konvensiyanın  qəbul edilməsi ali təhsildə daha yaxşı ixtisaslaşmanı təmin edəcək”, - deyə Z.Selçuk bildirib. 

Qeyd edək ki, Konvensiya  özünün qlobal əhatə dairəsi ilə Birləşmiş Millətlər Təşkilatının ali təhsil haqqında ilk müqaviləsi olacaq. Bu, tələbələrin, müəllimlərin, tədqiqatçıların və öz ölkələrindən kənarda iş axtaran şəxslərin qarşılaşdıqları maneələri azaltmağa imkan verəcək. “Təhsil-2030” gündəliyinə və ali təhsil sahəsində müasir qlobal tendensiyalara uyğun olaraq Konvensiya akademik mobilliyin təşviq edilməsinə, ali təhsil müəssisələrinin keyfiyyətinin artırılmasına və ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldilib.

Oruc MUSTAFAYEV(Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu