Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 16:04:00
Tələbə qızlar süd məhsullarından zəhərləniblər - Yeni MƏLUMAT

Təhsil eksperti Kamran Əsədov Bakı Dövlət Universitetinin yataqxanasında 2 tələbə qızın zəhərlənməsi, 1 tələbənin isə vəfat etməsini böyük itki, bədbəxt hadisə hesab edib.

AzEdu.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, hadisə barədə danışan K.Əsədov deyib ki, onda olan məlumata görə tələbə qızlar ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan, süd məhsullarından istifadə etdiklərinə görə zəhərləniblər.

“Mənə verilən məlumata görə, hadisə dünən gecə saatlarında, 20 noyabrda baş verib. Həmin vaxt təcili tibbi yardım gəlib, tələbələrə ilkin tibbi yardım göstərilib, onlar müayinə olunub, iynə vurulub. Onda tələbələrin vəziyyəti normala qayıdıb, özlərinin razılığından sonra təcili tibbi yardım oranı tərk edib. Onlar özləri xəstəxanaya getməkdən imtina ediblər.

Amma görünən odur ki, səhər saatlarında tələbələrimizin səhhətində yenidən problem baş verib.
Vəfat edən tələbəmizə Allahdan rəhmət diləyirəm. Bu bizim üçün böyük itkidir. Gördüyüm qədər məsələ tam şəkildə universitet rəhbərliyinin nəzarətindədir. Hətta BDU-nun rektoru Elçin Babayev 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib tələbələrin müalicəsi ilə yaxından tanış olub.
Əziz tələbələr, qidalanmanıza diqqət yetirin. Sağlamlığınızdan önəmli heç nə ola bilməz. Konservləşdirilmiş məhsul, süd və süd məhsulları alarkən mütləq istifadə tarixinə və saxlanma şəraitinə diqqət yetirin”,- K.Əsədov deyib.

Qeyd edək ki, zəhərlənmə hadisəsi BDU-nun Mətbuat küç.36 ünvanında yerləşən 2№-li yataqxanasında baş verib. 
3 tələbə qızdn biri - fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölü tapılıb.

Digər iki tələbənin - 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının müalicəsi hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə davam edir.