Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 15:59:00
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji işçiləri üçün seminarlar keçirilir

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün seminarların təşkilinə başlanılıb.

AzEdu.az xəbər verir ki, seminarlar “Gender bərabərliyi və insan haqları”, “Sağlam həyat tərzi və fiziki aktivlik”, “Tarixi şəxsiyyətlərin, milli qəhrəmanların məktəblilər arasında tanıdılması” və “Milli-dini ayrı-seçkiliklə mübarizədə təhsilin rolu” mövzularında keçirilib.

19-20 noyabr tarixlərində Lənkəran şəhərində keçirilən tədbirdə Bakı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən məktəbdənkənar təhsil müəssisələrindən 140 nəfər nümayəndə iştirak edib.

Seminarda peşəkar təlimçilər tərəfindən zərərli vərdişlər, onların sağlamlığa mənfi təsiri, yetkinlik yaşına çatmayanların və gənclərin idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmalarının müsbət təsiri, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi, gənclərin insan hüquqları və gender bərabərliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, Azərbaycan tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlər, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülər, milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərləri və digər mövzularda çıxışlar edilib, bu kimi məsələlərinin uşaq-gənclər arasında təbliğ edilməsinin əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, min nəfərə yaxın əməkdaşın iştirak etməsi nəzərdə tutulan seminarlar respublikanın bütün bölgələri əhatə olunmaqla ilin sonuna qədər davam etdiriləcək.