Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 13:36:00
Dövlət hesabına olan xaricdə təhsillə bağlı  ən çox verilən suallar – Hava-su kimi vacib cavablar

 

 AzEdu.az “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktoranturada təhsillə bağlı mütəmadi verilən suallara cavabı təqdim edir.

 -Dövlət Proqramına qəbul prosesi hansı formada həyata keçirilir?

- Dövlət Proqramına sənədlərin qəbulu elektron ərizə vasitəsilə həyata keçirilir. Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədləri qəbul olunan namizədlər II mərhələdə müvafiq müsahibədə iştirak edirlər. Fərdi müsahibənin keçirilmə yeri və vaxtı barəsində məlumat namizədə elektron ərizə sistemi vasitəsilə bildirilir. Son mərhələdə müsbət qiymətləndirilmiş namizədlərin siyahısı təsdiq edilmək üçün Azərbaycan Respublikasının Təhsil nazirinə təqdim olunur.

-Mən xaricdə doktorantura təhsili almaq istəyirəm, lakin heç bir xarici universitetə qəbul olmamışam. Dövlət Proqramı vasitəsilə xarici universitetə qəbul olmaq üçün mən nə etməliyəm?

- Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul həyata keçirilmir. Yalnız xarici ali təhsil müəssisələrinə qəbul olunmuş və yaxud artıq orada təhsil alan doktorantlar təhsilləri ilə bağlı xərclərin qarşılanması məqsədilə Dövlət Proqramına müraciət edə bilərlər. Təhsil almaq istədiyiniz ali təhsil müəssisəsinin internet səhifəsində qəbul barədə müvafiq məlumatla tanış ola bilərsiniz.

-Mən Azərbaycanda bir dəfə doktorantura təhsili almışam. Dövlət Proqramı çərçivəsində xaricdə eyni təhsil səviyyəsi üzrə yenidən təhsil ala bilərəm?

- Əgər siz Azərbaycanda dövlət hesabına/ödənişsiz/pulsuz doktorantura təhsili almısınızsa, Dövlət Proqramı çərçivəsində 2-ci doktorantura təhsili ala bilməzsiniz. Belə ki, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 5.4-cü maddəsinə əsasən “Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir”. Azərbaycanda aldığınız doktorantura təhsili ödənişli olduğu təqdirdə isə Dövlət Proqramı çərçivəsində 2-ci doktorantura təhsili üçün müraciət edə bilərsiniz.

-Mən artıq xarici universitetlərin birində doktorantura təhsil səviyyəsi üzrə 2-ci kursda təhsil alıram. Təhsilimin qalan hissəsinin Dövlət Proqramı çərçivəsində maliyyələşməsi üçün müraciət edə bilərəm?

- Bəli, siz müvafiq qaydalara uyğun olaraq Dövlət Proqramına müraciət edə bilərsiniz.

-Dövlət Proqramına müraciət etmək üçün maksimum yaş həddi nə qədərdir?

- Yaş həddi meyarı tətbiq edilmir.

-Mən hansı ixtisaslar üzrə Dövlət Proqramına müraciət edə bilərəm?

- Siz Dövlət Proqramına yalnız prioritet ixtisas istiqamətləri üzrə müraciət edə bilərsiniz. Prioritet ixtisas istiqamətlərinin siyahısını keçiddən əldə edə bilərsiniz.

-Dövlət Proqramı çərçivəsində hansı ölkələr və universitetlər olacaq?

- Təhsil almaq istədiyiniz və ya təhsil aldığınız xarici ali təhsil müəssisəsinin (təhsil iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, onların hamısının) aşağıdakı beynəlxalq reytinqlərin hər hansı birində cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə 500 (beş yüzüncü) yerdən aşağı olmayan sırada yer almalıdır.

“Times Higher Education (THE) World University

Keçid”: https://bit.ly/2Kn7UBJ

“Academic Ranking of World Universities (Shanghai)”:

Keçid: https://bit.ly/2CR2Cdf

-Dövlət Proqramı çərçivəsində xarici ölkədə təhsil almağın şərtləri ilə hansı sənəddən tanış olmaq mümkündür?

- 2019-cu il 13 noyabr 444 nömrəli Qərar ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları”larından ətraflı məlumat əldə edə bilərsiniz.

-Dövlət Proqramına müraciət etmək üçün hansı sənədlər tələb olunur?

- Dövlət Proqramına müraciət etmək üçün tələb olunan sənədlərin siyahısını müvafiq elandan əldə edə bilərsiniz.

-Dövlət Proqramına müraciət edərkən hansı beynəlxalq dil sertifikatını təqdim etməliyəm?

- Qəbul olunduğunuz xarici ali təhsil müəssisəsinin tələbinə uyğun olaraq tədris dilinə uyğun beynəlxalq dil sertifikatı (TOEFL, IELTS, TestDAF, DSH, TCF, DALF, DELE, TÖMER və s.) qarşı tərəfə təqdim edilir.

-Hazırda xarici ali təhsil müəssisəsində təhsil alan və ya bu il qəbul olunmuş namizədlər dil sertifikatı təqdim etməlidirmi?

- Ali təhsil müəssisəsinə qəbul zamanı dil sertifikatı tələb edilmədiyi halda sizin dil sertifikatı olmadan da Dövlət Proqramına müraciətiniz mümkündür. Lakin dil sertifikatı olduğu halda onun təqdim olunması müsahibə zamanı üstünlük kimi qiymətləndiriləcək.

-Tövsiyə məktublarını iş yerimdən ala bilərəm, yoxsa yalnız təhsil aldığım təhsil müəssisəsindən olmalıdır?

- Tövsiyə məktublarını istəyiniz üzrə iş yerinizdən və (və yaxud) təhsil aldığınız/məzun olduğunuz ali təhsil müəssisəsindən ala bilərsiniz.

Tələb olunan sənədləri Təhsil Nazirliyinə elektron poçtla göndərə bilərəm?

- Xeyr, tələb olunan sənədləri poçtla və elektron poçtla deyil, yalnız elektron ərizə vasitəsi ilə təqdim etməlisiniz.

-Müsahibəyə kimlər çağırılır?

- Yalnız birinci mərhələdə Dövlət Proqramında iştirak qaydalarına uyğun namizədlərin sənədləri yoxlanıb-təsdiqləndikdən sonra onlar fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunurlar. Sənədləriniz natamam olduqda və ya proqramda iştirak qaydalarına uyğun olmadığınız halda siz müsahibəyə çağırılmayacaqsınız və bu barədə sizə bildiriş göndəriləcək.

-Müsahibədə iştirak etmək nə dərəcədə vacibdir?

- Müsahibə Dövlət Proqramına qəbul prosesinin mühüm mərhələsi olduğundan iştirakınız mütləqdir.

-Müsahibə harada və kimlər tərəfindən aparılır?

- Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla Nazirliyin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun və namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşları tərəfindən aparılır.

-Müsahibə hansı dildə keçirilir?

- Müsahibə Azərbaycan dilində və doktorantın xarici ölkədə təhsil alacağı müvafiq tədris dilində keçirilir.

-Dövlət Proqramı doktorantının təqaüdləri ona hansı yolla çatdırılır?

- Dövlət Proqramına qəbul olunduqdan sonra hər bir doktorant Təhsil Nazirliyi tərəfindən “DP Təqaüd Kartı” ilə təmin olunur. Dövlət Proqramına qəbul olunan doktorant təhsil yerinə getdikdən və təhsilə başladığını təsdiq edən müvafiq sənədləri Nazirliyə təqdim etdikdən sonra onun üçün hesablanmış aylıq yaşayış xərcləri doktorantın istifadəsinə verilir.

-Doktorant “DP Təqaüd Kartı” ilə təmin olunduğu təqdirdə, əlavə bank hesabı açmağına ehtiyac varmı?

- Bəli, doktorantlar tərəfindən çəkilən digər xərclərin (təhsil, yol, viza və sığorta xərcləri) onlara geri qaytarılması üçün hər bir doktorantın müvafiq bankda manat hesabı olmalıdır.

-Mənim bank hesabım yoxdur, amma digər bankda hesabım var. Təqaüdlərimin bu hesaba köçürülməsi mümkündür?

- Xeyr, doktorant tərəfindən ödənilmiş xərclərin yalnız onun müvafiq bankda açdığı manat hesabına ödənilməsi mümkündür.

-“DP Təqaüd Kart”ları harada və necə işləyir?

- “DP Təqaüd Kartları yalnız doktorantların təhsil almaq üçün göndərildiyi ölkələrdə aktivdir.

-Ali məktəbin təhsil haqqı necə ödənilir?

Dövlət Proqramına qəbul olmuş doktorantın təhsil haqqı təhsil aldığı ali məktəb tərəfindən təqdim edilmiş rəsmi təhsil haqqı sənədi ("invoys”) əsasında birbaşa ali məktəbin bank hesabına köçürülür.

-Mən ali məktəbin təhsil haqqını özüm ödəmişəm. O zaman həmin məbləğ geri ödənilirmi?

- Bəli, cari tədris ili üçün siz təhsil haqqını ödədiyinizə dair müvafiq bank qəbzini və eləcə də ali məktəbin ödənişi təsdiq edən sənədini müvafiq ərizə forması ilə birlikdə təhsil aldığınız ölkə üzrə əlaqələndirici şəxsə elektron olaraq göndərməlisiniz.

-Dövlət Proqramı çərçivəsində xaricdə təhsil zamanı ailəm də mənimlə olarsa, mənim aylıq təqaüdümün artırılması mümkündür? Ailə üzvlərim üçün viza dəstəyi ala bilərəm?

- Xeyr, Dövlət Proqramı çərçivəsində doktorantların xaricdə təhsili zamanı ailə üzvlərinin yaşayış, nəqliyyat, sığorta, viza və yaxud digər xərclərinin maliyyələşdirilməsi nəzərdə tutulmamışdır.

-Dövlət Proqramı çərçivəsində təhsil alan doktorant hansı hallarda Proqramdan xaric edilə bilər?

- Dövlət Proqramı çərçivəsində təhsil alan doktorant Təhsil Nazirliyi ilə imzalanmış müqavilənin öhdəliklərinə riayət etmədikdə Dövlət Proqramından xaric edilə bilər.

- Dövlət Proqramı çərçivəsində təhsil alan doktorant ilə Təhsil Nazirliyi arasında bağlanacaq müqavilə formasını necə əldə edə bilərəm?

- Müvafiq müqavilə forması Təhsil Nazirliyi tərəfindən təsdiqləndikdən sonra aidiyyəti üzrə internet səhifədə yerləşdiriləcək.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları