Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 17:41:00
Müəllim və şagirdlər payız tətilində ən  çox nədə səhv etdilər?- Ekspert təhlili

Sabah məktəblilərin beşgünlük payız tətili başa çatır. Tətil günlərində ən çox xatırlanan məsələlərdən biri də hər zamankı kimi məktəblilərin tapşırıqlarla həddindən artıq yüklənməsi oldu. Əksər ekspertlər və təhsil işçiləri tətil müddətində bu məsələni gündəmə gətirsələr də, hələ ki, tətil tapşırıqları ilə bağlı  hər hansı normativ qəbul olunmayıb.

“Evə materialın hafizədə möhkəmlənməsinə xidmət edən konkret tapşırıqlar verilsin”

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilov  da ev tapşırıqları ilə bağlı müəyyən limit tətbiq olunmasının vacibliyini xatırladıb. Bildirib ki, dərs yükünün ağırlığı, mürəkkəb və əhəmiyyətsiz ev tapşırıqları, müəllimlərin tələb etdikləri test və digər vəsaitlərin çoxluğu təhsilimizin əsas problemlərindən biridir. Bu məsələlər mütəmadi gündəmə gətirilir və heç də hamı onları birmənalı qarşılamır:

“Yeniyetmələrin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkilini nəzərə alıb şagirdlərin həddən artıq yüklənməsini hazırkı tədrisin böyük bəlası adlandıranlar var.

Maraqlısı budur ki, dünya təcrübəsində də bu məsələyə yanaşma heç də bir mənalı deyil. Bəzi ölkədə ev tapşırığı bilik və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş hesab edilir, digərlərində isə yanaşma tam fərqlidir.

Məsələn, Böyük Britaniyanın Kolçester şəhərində müəllimlərin vaxta qənaət etməsi və uşaqlarda dərs yükünün azaldılması məqsədi ilə ev tapşırıqlarının tamamilə ləğvi təşəbbüsü özünə xeyli tərəfdar toplayıb. Belə təcrübələrdən illərdir, İngiltərənin başqa məktəblərində, həmçinin Almaniya, və digər ölkələrdə də yararlanırlar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tədqiqat mərkəzinin yaydığı məlumata görə, Finlandiya məktəbliləri hər hansı digər OECD ölkələri ilə müqayisədə daha az dərs keçir və ev tapşırığı alırlar.

“Ev tapşırığı” deyəndə bu,  əsasən müəllimin şagirdə dərsdən sonra həll etmək üçün verdiyi tapşırığı nəzərdə tuturuq. Belə hesab olunur ki, onun məqsədi yeni keçilən mövzunun yadda saxlanmasıdır. Bununla  yanaşı, proqram materialı əsasən dərs prosesində mənimsənilməlidir, evə isə bu materialın hafizədə möhkəmləndirilməsinə xidmət edən konkret tapşırıqlar verilə bilər”.

“Hələ ki, bu tapşırıqdan imtina etməyə tam hazır deyilik”

Nadir müəllim tətil tapşırıqları ilə bağlı real vəziyyət barədə də məlumat verib:

“Reallıq isə budur: Bəzi məktəblərdə şagirdləri ev tapşırıqları ilə elə yükləyirlər ki, hətta onların ali təhsilli valideynləri belə ifrat dərəcədə qəliz tapşırıqların həllində övladlarına kömək edə bilmirlər.

Təhsil Nazirliyi hələ ki, ev tapşırıqları ilə bağlı yayılan fikirlərə münasibət bildirərkən, bir çox valideynlərin şikayətlərində haqlı olduqlarını təsdiq etməklə yanaşı,  ibtidai sinif müəllimlərinə ev tapşırıqları verilərkən ağırlıq səviyyəsinə diqqət yetirmələrini tövsiyə edib. Məktəbəhazırlıq qruplarında ev tapşırığının olmayacağını bəyan etməklə kifayətlənib. Nazirliyin mövqeyinə görə, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idraki inkişaflarına müsbət təsir göstərməlidir. Bir halda ki, əvvəlkindən fərqli olaraq mövcud  proqramın məqsədi şagirdlərin hafizəsindən çox təfəkkürünü inkişaf etdirməkdir, tapşırığın verilməsi ümumiyyətlə məqsədəuyğun deyil.

Kurikulim təliminə keçid şagirdləri ev tapşırığından azad etmək tələbi qoyub.  Kursumuz yaddaş məktəbindən idrak məktəbinə keçid, düşüncənin ön plana çəkilməsi, nəzəri biliklərdən çox şagirdin bacarığı istiqamətində təhsil verilməsinə yönəlib. Ev tapşırığı şagird üçün nə qədər üzücü, valideyn üçün nə qədər zəhlətökən olsa da, məktəblilərin asudə vaxtlarını mənalı keçirməsində, valideynlərə məişət və sosial qayğıları ilə məşğul olmalarında maneə yaratsa da, biz hələ ki, bu tapşırıqdan imtina etməyə tam hazır deyilik”.

“Məsələ İctimai Şuranın diqqət mərkəzində olacaq”

Verilən tapşırıqların qəlizliyinə, məhz buna görə də şagirdin repetitor yanına getməsinə gəlincə isə, ekspert belə cavab verib:

“Şagirdlərlə əlavə məşğul olma təcrübəsi sovet dönəmində də geniş tətbiq olunub və müsbət nəticələr verib. Hətta bu təcübənin bərpası, bu məşğələlərə görə müəllimlərə əlavə saathesabı ödəniş edilməsi barədə rusiyalı deputatlar Duma qarşısında məsələ də qaldırmışdılar.

Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə  tam mənimsətməyi örənməmişik ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik.  Bu proses mərhələli şəkildə həyata keçirilə bilər. İlk mərhələ isə dərs keyfiyyətini yüksəltmək yolu ilə tapşırıqların həcmi və ağırlıq dərəcəsini azaltmaqdan ibarət olmalıdır. Bir sözlə, hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar.

Çox ehtimal ki, bu məsələ də Təhsil Nazirliyi yanında İctimai Şura olaraq diqqət mərkəzimizdə olacaq. Ümumi ictimai rəyi bir daha dərindən öyrənib, təhlil etdikdən sonra Təhsil Nazirliyinə təkliflər verə bilərik”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları