Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 17:11:00
Peşə təhsil sahəsində əməkdaşlıq çərçivəsində Türkiyədə təlim-FOTO

Azərbaycan və Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlıq çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyədə təşkil olunan təlimlər keçirilib.

AzEdu.az həmin təlimlərdə iştirak edən peşə sahibləri ilə söhbətləşərək qazandıqları təcrübə, təlimin əhəmiyyəti barədə fikirlərini öyrənib.

Təlimdə iştirak edən Nuranə Məmmədova hər iki ölkənin peşə təhsil müəssisələri üzrə ümumi və fərqli cəhətləri qeyd edib:

“Təlimdə mənimlə bərabər Qəbələ və İsmayıllı peşə məktəbindən turizm və   aşpazlıq üzrə nümayəndələr  də iştirak edirdi. Ankarada bir neçə məktəbdə ekskursiyada olduq, əlaqəli müəssisələrdə iş prinsiplərini öyrəndik.  Qeyd edim ki, Türkiyədə otellərin nəzdinə “uyğulama otelləri” var. Tələbələr birbaşa istehsalat təlimlərini məhz bu  orada öyrənirlər. 

Bizdən fərqli olaraq,  türkiyəli tələbələr təcrübəni real məkanlarda, real müştəri ilə üzbəüz  qazanırlar.   Azərbaycanlı tələbələr nəzəriyyə baxımdan onlardan üstün olsalar da, bunu təcrübəyə şamil etmək olmaz. Onların bizdən tək üstünlüyü öyrəndiklərini anında təcrübəyə çevirmələridir.  Bilik, maddi-texniki baza baxımdan bərabər səviyyədəyik”.

O, həmçinin peşə təhsilindən gözləntiləri, iştirak etdiyi təlimlərin faydalılığından da bəhs edib:

“Turizm Azərbaycanda  yeni inkişaf edən sahədir.  Ümid edirik ki, gələcəkdə peşə təhsili turizm sahəsində çox irəliləyəcək. Çünki indi bu sahədə kadr çatışmazlığı var.  Bizdə maksimum təqribən 20 olduğu halda, Ankarada  peşə məktəbinin nəzdində 105  “uyğulama oteli” var”.

Məmmədova onu da qeyd edib ki, Türkiyədə birinci kursda tələbələrə yay istirahəti verilmir. Həmin müddətdə tələblər ixtisaslarına uyğun olan müəssisələrdə çalışırlar:

“ Tələbələr may ayından sentyabra qədər  5-7 ulduzlu otellərdə təcrübə keçirlər.  Bu müddətdə tələbələrə qismən ödəniş olur. Yerli Təhsil Nazirliyi,  Türkiyə Böyük Millət Məclisi kimi qurumlar hər il 50 nəfər peşə təhsilli tələbəni işçi kimi qəbul edir. Həmin qurumların rəsmi səfərləri, qonaqları olanda servis xidmətində,  konqres, simpoziumların təşkilində tələbələr birbaşa iştirak edir.  Bu qurumlara seçilmək üçün onlar  daimi rəqabət aparır.   Təqdir etdiyim  cəhətlərdən biri də o oldu ki, “uyğulama otelləri” üç ulduzlu otel səviyyəsində olsa da, tələbələrin işlədiyinə görə  hər an səhv olma ehtimalına   baxmayaraq, həmin otellərdə deputatlar, nazirlər, müəyyən idarələrin rəhbərləri də qonaq olurlar.  Xidmətin yüksək səviyyədə olmadığını bilsələr də, məhz tələblərə stimul olmaq üçün həmin otellərə üstünlük verirlər. Tələbə də tanınmış bir şəxsə xidmət edəndə  işində daha məsuliyyətli, dəqiq olur”.

Türkiyəyə peşə təhsili  ilə bağlı təlimdə iştirak edənlərdən biri də Gülnar Əliyeva olub. O, səfər təəssüratlarını bizimlə bölüşüb.

“Səfərimizin məqsədi ordakı təhsil sistemi ilə, tədris proqramları haqqında  maraqlanmaq idi.  Məsələn, bizdə peşə təhsili iki il olsa da, onlarda dörd ildir.  Öz sahəmiz üzrə əlavə iki il ərzində hansı proqramlarla dərslərin keçirilməsi, nələrdən istifadə etmələri bizim üçün maraqlıdır.  Tələbələrin “Avtokad” proqramı ilə  evin planının hazırlamaları, üst baxışdan qurmaları proseslərini  izlədik.  Divarların dekor edilməsində istifadə olunan alətlər, materiallar barədə məlumatlar əldə etdik.   “İnteryer və eksteryerin bədii tərtibatçısı”  peşəsi bizdə bir ixtisas hesab olunsa da, onlarda hər ikis ayrıca peşə sayılır.”

O, həmçinin yuxarı kurslarda peşə təhsil müəssisələrinin proqramını da diqqətə çatdırıb. Onun sözlərinə görə aşağı kurslarda tələbələr  çertyojların, eskizlərin əl ilə çəkilməsini, ümumi təməl bilikləri öyrənirlər. Yuxarı kurslarda isə xüsusi  kompüter proqramları –Avtokad, 3Dmax ilə işləyirlər.

Əliyeva bu səfərin bilik mübadiləsi üçün əhəmiyyətli olduğunu deyib:

“Biz qarşılıqlı tədris prosesini müqayisə edərək bir sıra yeni təcrübələr əldə etdik.  İnanıram ki, gələcəkdə xüsusi proqramlarla işləmə ənənəsi bizdə də tətbiq olunacaq.   Çünki tələbələrin buna çox marağı var.  Onlar mənə də dəfələrlə proqramlarla işləmək istədiklərini deyiblər.  Çox təəssüf ki,  bizə verilən komputerlərin  renderi az olduğuna görə həmin proqramları yükləmək olmur.  Orda qazandığımız, bizə lazım olan təcrübəni öz tədris prosesimizdə reallaşdıracağıq”.

Ayşə Müseyib