XƏBƏRLƏR

20.11.2019 15:35
Rusiyalı alimlər: Proton “yağışları” və geomaqnit aktivliyi bir-biri ilə əlaqəlidir

Proton “yağışlarının” atmosferdə uzun müddət müşahidə edilməsi rusiyalı alimlərdə belə qənaət doğurub ki, bu kosmik hadisə və geomaqnit aktivliyi arasında birbaşa əlaqə mövcuddur. Bu kəşf imkan verib ki, Yer kürəsinin maqnit qalxanını bu cür hissəciklər və dalğalar vasitəsilə daha dəqiq tədqiq etmək mümkün olsun.

AzEdu.az xəbər verir ki, bunu TASS agentliyinə Rusiya Elm Fondunun mətbuat xidmətindən “Geophysical Research Letters” jurnalında dərc edilmiş məqaləyə istinadla bildiriblər. Tədqiqatın müəlliflərindən biri olan Qütb Geofizika İnstitutunun əməkdaşı Andrey Demexov qeyd edib ki, alimlər ion-siklotron təlatümü nəticəsində yaranan elektromaqnit dalğalarının radiasiya qütblərində elektronların dinamikasında böyük rol oynadığını göstəriblər. Məlum olub ki, kosmosda baş verən bir çox hadisələr öz aralarında sız əlaqəlidir.

Veneradan başqa, Günəş sisteminin digər planetlərində, o cümlədən Yerdə kifayət qədər güclü maqnit sahəsi var. Onu bizim planetimizin nüvəsindəki maye hissədə fasiləsiz sirkulyasiya edən ərinmiş metal axını yaradır. Yer kürəsinin bu xüsusiyyəti onun səthində həyatın olması baxımından olduqca mühümdür. Məsələ bundadır ki, planetimizdə maqnit sahəsi kosmos şüalarını əks etdirir və onları tutub saxlayır, habelə Yeri Günəşin küləklərindən və güclü partlayışlarından qoruyur.

Maqnit sahəsi kosmosda van Allen adlanan qurşaqlar şəklində görünür. Orbitdə onun iki sahəsi Yer kürəsindən 6 və 58 min kilometr aralıda yerləşir. Alimlər müəyyən ediblər ki, hələ ötən əsrin ikinci yarısında bu zonada elektronlar və yüksək enerji protonları yığılıb və Yerin maqnit sahəsi onları özünə çəkib. Müəyyən şəraitlərdə, məsələn, Günəşdə partlama olduğunda bu hissəciklər qurşaqdan qaçır və proton “yağışı” kimi Yerin atmosferinə daxil olurlar. Onlar radio efirində pozulmalar yaradır və yüksək enliklərdə ecazkar qütb parıltıları kimi görünürlər. Proton “yağışları” ən çox Günəş aktivliyinin artması zamanı müşahidə olunur.

ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Təşkilatının (NOAA) kosmosa göndərdiyi və 850 kilometr yüksəklikdə uçan POES seriyasından olan elmi peyklər vasitəsilə yarım il ərzində aparılan tədqiqatlar göstərib ki, proton hissəcikləri Yerətrafı orbitdə və atmosferin yuxarı təbəqələrində elektronlara van Allen qurşağından qaçmağa imkan verən xüsusi maqnit sahəsi yaradırlar. Qlobal xəritə tərtib edən rusiyalı alimlər bu məlumatlar əsasında planetimizin ayrı-ayrı regionlarında geomaqnit aktivliyinin səviyyəsini daha dəqiq ölçə biləcəklər. Bütün bunlar, həmçinin peyklər və kosmik gəmilərin ekipajları üçün vacib olan kosmik havanı müəyyən etməyə imkan verəcək.

(Azərtac)

İlin gənc müəllimi-Müraciət formu