Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 14:05:00
Şahmatçı  xanımlarımız Ermənistanı necə uddular?- Təəssüratlar AzEdu.az-da

Gürcüstanın Batumi şəhərində şahmat üzrə Avropa çempionatı keçirilib. Son turda Ermənistan yığması ilə mübarizə aparan şahmatçımız Günay Məmmədzadə Lilit Mkrtçyanı məğlub edib. Milli komandamızın digər üzvləri Ülviyyə Fətəliyeva Mariya Gevorqyan, Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

 Görüş Azərbaycan millisinin 2.5:1.5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da  Azərbaycanın qadınlardan ibarət yığması 27 ildən sonra yenidən qitə çempionatında üçüncü yerə layiq görülüb.

Azedu.az şahmatçılarımızı daha yaxından tanımaq üçün onların hər biri ilə qısa söhbət edib:

Gülnar Məmmədova şahmata anasının arzusu ilə başladığını deyib:

“Əslində, bu, anamın arzusu idi. O, özü şahmatçı olmaq istəsə də, qardaşları xaricə getməyə Bakıda oyunlara qatılmağa icazə verməyiblər; Onların vaxtında bu işlər daha çətin idi. Bu səbəbdən, anam öz arzularını bir növ, mənim üzərimdə reallaşdırıb. Mən uşaq olanda anam bir əlində gəlincik, o biri əlində  isə şahmat tutub, məndən ikisinin arasında seçim etməyimi istədi. Təbii ki, uşaq məntiqi ilə gəlinciyi seçdim. Anamsa məntiqlə başa saldı ki, şahmatdan uğur qazana bilsən, hər şeyin-paltarın, ad-sanın və s. olacaq. Elə bununla da mən 6 yaşımda  şahmata başladım”.

Gülnarın hazırda  27 yaşı var. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və  İdman Akademiyasının həm bakalavr, həm də magistratura  səviyyəsində təhsil alıb, indisə  orda şahmat müəllimi işləyir. Şahmat Tacını ölkələrinə gətirən hər kəs onun üçün nümunəvi şəxsdir. Elə özü də onların yerində olmaq istəyir. İdmanla yanaşı, bədii ədəbiyyata, şeirə marağı var. Əvvəllər şeir yazmaqla qələmini də sınayıb.

O son oyunun təəssüratları haqqında da danışıb:

“Çox asan oyun oldu. Elə oyun başlayandan qələbəyə doğru addımladıq. Bəzən olur ki, bir tərəf üstünlük qazananda, qarşı tərəf də axıra qədər mübarizə aparır. Amma bu dəfə belə olmadı. Rəqibim məğlubiyyətlə razılaşdı”.

AzEdu.az-a danışan şahmatçımız Türkan Məmmədyarova da idmana hələ uşaqlıqdan başladığını bildirib:

“Şahmatla 4-5 yaşlarımdan məşğul oluram. Bu idman növünə marağımız atamın təsiri ilə yaranıb. Ailədə üç uşaq idik. Atam hamımızı şahmata yönəldib və ilk məşqçimiz də o olub. Özü -Məmmədyarov Həmid - ağır atletika üzrə Azərbaycan çempionudur. Şahmatla məşğul olmayıb, sadəcə, böyük sevgisi vardı.  Ümumiyyətlə, kiçik yaşlarımdan bayrağımızı, formanı çox sevirdim. Həmişə onlara sahib olmaq istəyirdim. Bu amillər də məni yarışlara həvəsləndirib.  İndi şahmatda konkret nümunə götürdüyüm biri yoxdur. Bütün uğurlu şahmatçılardan öyrənməyə çalışıram”.

O, son oyundan qaydalara görə iştirak etmədiyini bildirib:

“Ermənistanla təşkil olunan son oyuna mən çıxmadım. Qaydalara görə hər gün komandada  bir nəfər oynamır. Son oyun bizim üçün çox həyəcanlı idi. Həm Ermənistanla oynayırdıq, həm də medal qazanmaq bizim məqsədimiz idi. Amma oyunumuz elə başlayandan çox uğurlu alındı və gözəl qələbə qazandıq”.

Məmmədyarovanın 30 yaşı var, ailəlidir, 3 uşaq anasıdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. İndi özəl liseydə şahmat müəllimi işləyir. Boş vaxtlarında kitab oxumağı sevir. Dünyanın ən güclü şahmatçılarından biri olan Şəhriyar Məmmədyarovun bacısıdır.

Ölkəmizə bu qələbəni qazandıran idmançılar arasında Balacayeva Xanım da var. O son oyunun çox gərgin keçdiyini deyib.

“Oyun çox gərgin idi. Əvvəlcədən çox ciddi hazırlaşmışdıq. Püşk atılmamışdan əvvəl biz Ermənistanla oynayacağımızı təxmin edirdik. Bu  bizim məsuliyyətimizi ikiqat artırırdı. Bir gün öncə səhərə qədər komanda olaraq hazırlaşdıq və çox az yatdıq. Oyunda da əlimizdən gələni etdik. Bir taxtada qələbə gördükdən sonra digər komanda üzvləri də heç-heçəyə razılaşdı.  Bu qələbəni isə Günay Məmmədzadə qazandı. Onun qələbəsi ilə biz oyunu udduq”.

O, şahmata həvəsin uşaqlıqdan yarandığını bildirib:

“Mənim atam və anam şahmat müəllimidir. 5-6 yaşlarımdan onların dərslərində iştirak edəndən məndə  şahmata həvəs yarandı. İndi 18 yaşım var. Şahmatda nailiyyət əldə etməkdən ötrü dərslərimi arxa plana keçirdim. Çünki professional şəkildə məşğul olmaq üçün gərək nəyisə qurban verəsən. Mən də bu yolu seçdim. 6-cı sinifdən sonra dərslərimdə bir az ləngimə oldu. İndi İdman Akademiyasında 3-cü kursda oxuyuram. Şahmatdan başqa kitab oxumağı, idman yarışlarını, xüsusilə, voleybol izləməyi sevirəm”

Ayşə Müseyib