XƏBƏRLƏR

20.11.2019 10:24
300 manatdan başlanan diplom işləri: “Bəzi səhifələrdə yoldaşlarını cəlb edənə endirim olunur”

"Diplom işinin qiyməti universitet və mövzudan asılı olaraq 300 manatdan 420 manata qədər dəyişir. Hətta bəzi internet səhifələri başqa yoldaşlarını cəlb edən tələbələrə müəyyən endirimlər təklif edirlər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Mühəndislik Universitetinin elmi işlər üzər prorektoru Elçin Süleymanov deyib. O, diplom işləri barədə danışarkən öncə onların əhəmiyyətindən söz açıb. Bildirib ki, tələbələrin diplom işi müdafiə etmələri, və ya dövlət imtahanı vermələri onların ümumi orta göstəricilərinə görə müəyyənləşir:

“Ortalaması 80-dən yuxarı olan tələbə diplom işinə layiq görülür. Ortalama aşağı olarsa, o, dövlət attestasiya imtahanı verməlidir. Amma Azərbaycan qanunvericiliyinə görə, diplom işlərinin hazırlanması tələbənin iradəsindən asılıdır. Məsələn, tələbə diplom işindən imtina edib dövlət attestasiya imtahanını da seçə bilər. Diplom işi əziyyətli olduğu üçün əksər tələbələr dövlət imtahanına üstünlük verirlər. Dövlət imtahanı zamanı tələbə sadəcə bir neçə fəndən testləri cavablayır.  Amma bir şeyi də nəzərə alaq: Diplom işinin müdafiəsi xüsusilə də, təhsilini xaricdə davam etdirmək istəyənlər üçün əhəmiyyət daşıyır.  Çünki, xarici universitetə müraciət zamanı müdafiə etdiyi diplom işi tələbəyə kömək edir.

Buna baxmayaraq, hazırda bir çox tələbə diplom işi müdafiəsinə layiq görülsə də, ya imtina edərək dövlət attestasiya imtahanı verir, ya da bu işi müəyyən məbləğ qarşılığında başqalarına gördürür.

Diplom işlərinin yazılma qiymətləri isə müxtəlifdir. O, oxuduğunuz universitet və mövzudan asılı olaraq 300 manatdan 420 manata qədər dəyişir. Hətta bəzi internet səhifələri başqa yoldaşlarını cəlb edən tələbələrə müəyyən endirimlər təklif edirlər”.

Bəs universitetlər bu prosesə necə nəzarət edir?

“Yazını tələbənin özü  hazırlayıb-hazırlamadığı  asanlıqla müəyyən edilir”

Elçin müəllim diplom işlərinin hazırlanmasına nəzarət haqda da məlumat verib. Bildirib ki, diplom işinin həcmi universitetdən asılı olaraq dəyişir:

“Məsələn, Bakı Mühəndislik Universitetində 50-60 səhifəlik iş tələb olunur. Tələbələr diplom işlərini özləri yazmalıdırlar. Buna nəzarət üçün universitetlərdə plagiat sistemi fəaliyyət göstərir. Tələbə plagiatdan keçsə də müdafiədə ona mövzu ilə bağlı müxtəlif suallar verilir. Bu zaman, yazını tələbənin özünün hazırlamadığı  asanlıqla bəlli olur. Diplom işini tələbənin yazmadığı müəyyənləşərsə, onun  müdafiəsi qeyri-müvəffəq sayılır. İyunda müdafiədən kəsilən tələbə, dekabrdakı müdafiəyə yeni mövzu ilə müraciət etməli olur”.

İlin gənc müəllimi-Müraciət formu