Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 10:13:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilib.

19 noyabr 2019-cu il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilib. Tədbirin keçirilməsində məqsəd Qəbələ rayonunda yerləşən orta məktəb şagirdlərini və onların valideynlərini Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə tanış etmək, tədris olunan ixtisaslar və təlim prosesi barədə ictimaiyyəti məlumatlandırmaq, eləcə də peşə təhsilini təbliğ etməkdir.

AzEdu.az  xəbər verir ki, mərkəzinin pedaqoji heyəti qonaqları salamlayaraq tədbiri açıq elan edib, mərkəzin fəaliyyəti və duala bənzər peşə təhsili və təlimi yanaşmasının tələbələr üçün yaradığı imkanlar barədə danışıblar.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə çıxış edərək peşə təhsilinə göstərilən qayğı, bu sahədə əldə olunan nailiyyətlər və qarşıda duran fəaliyyət barədə məlumat verib.

Tədbirin növbəti hissəsində tələbələrin tərəfdaş müəssisələrdə keçdikləri təlim prosesi, müəssisələrə təşkil olunan səfərlər haqqında məlumat verilib, qısa video-çarx və tələbələrin təlim prosesi zamanı çəkilmiş fotoşəkilləri nümayiş etdirilib.

Tədbirə qonaq kimi dəvət olunmuş ictimaiyyətlə əlaqələr və media üzrə tanınmış mütəxəssis və blogger Mehriban Həsənova peşənin – xobbinin biznesə çevrilməsi barədə uğur hekayəsini bölüşüb, peşə ixtisaslarına yiyələnməyin verdiyi üstünlüklərdən danışıb.

Tədbirin ikinci hissəsində Mərkəzin qənnadçı – şirniyyatçı qrupunun məzunu Elman Seyidov müşayiəti ilə orta məktəbin şagirdləri və mərkəzin məzunları üçün şirniyyatın bəzədilməsi üzrə masterklas təşkil olunub. Masterklas iştirakçılar tərəfindən böyük maraq və həvəslə qarşılanıb.

Qeyd edək ki, tədbir Avropa İttifaqının və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə icra olunan “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin dəstəyi ilə keçirilib. Layihə turizm və kənd təsərrüfatı sektorlarını əhatə edən peşə təhsili ixtisasları üzrə müasir kurikulumların, tədris materiallarının hazırlanması, eyni zamanda müəllim və usta heyətinin təlimləndirilməsini nəzərdə tutur.