Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 18:00:00
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüş

Noyabrın 19-da Goranboy rayonu Heydər Əliyev Mərkəzində Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.  

AzEdu.az xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər. 

Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar.

Tədbirdə Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, prioritet fəaliyyət istiqamətlərindən söz açıb.

Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açaraq təhsil sistemində yeni yanaşma metodlarından və  idarəetmənin təkmilləşdirilməsindən danışıb.

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.