XƏBƏRLƏR

19.11.2019 10:28
Astarada ilk dəfə “Voltran” robototexnika sərgisi keçirilib

“Voltran” robototexnika sərgisi cənub bölgəsinin kənd məktəbləri arasında ilk dəfə Astara rayonunun Qapıçıməhəllə kənd ümumi orta məktəbində keçirilib.

AzEdu.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən məktəbin direktoru Elnur Quliyev, layihə rəhbəri Həbib Əlizadə layihə haqqında məlumat verərək, onun əsas məqsədinin rayon şagirdləri arasında robototexnika sahəsi üzrə bilik və bacarıqlı şagirdlər yetişdirmək və onlara dünya trendlərini çatdırmaq olduğunu bildiriblər.

Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova və rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov çıxış edərək, rayonda keçirilən bu layihənin əhəmiyyətini yüksək dəyərləndirərək iştirakçılara uğurlar arzulayıblar.

İştirakçı şagirdlərdən Elnur Məmmədovun valideyni çıxış edərək, övladının vaxtilə ancaq kağız kartonlardan çox məhdud imkanlarla əşyalar, fiqurlar düzəltdiyini deyib. O, övladının leqolarla işləməsinin onun üçün sanki bir yuxu kimi inanılmaz olduğunu bildirib və sevincini bölüşüb.

Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının əməkdaşı, “Voltran” layihəsinin baş təlimçisi Emin Bayramovun rəhbərliyi ilə şagirdlər robototexnika-lego yarışmaları keçiriblər. Sonra şagirdlər dron uçurdaraq, 3D qələm işləri və elektronika üzrə təqdimatlarla çıxış ediblər.

Şagirdlər, həmçinin qonaqlara 3D qələm vasitəsilə onların adlarını yazıb hədiyyə ediblər.

Qeyd edək ki, “Voltran Robototexnika üzrə yay məktəbi” layihəsi təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olmuş layihələrdəndir. Layihənin icrasına 21 avqustdan başlanılıb, 6 məktəbdən 20 şagird seçilib. Onlar Astara şəhər 1, 2, 3 nömrəli tam orta, Qapıçıməhəllə ümumi orta, Kijəbə qəsəbə tam və Lovayın kənd tam orta məktəblərinin şagirdləridir.

Layihənin icrası noyabrın 21-də başa çatacaq.

İlin gənc müəllimi-Müraciət formu