Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 12:02:00
Avropa Azərbaycan Məktəbində “Beynəlxalq gün” keçirilib  

Milli-mənəvi və bəşəri dəyərlərə sadiq olan Avropa Azərbaycan Məktəbində payız tətili ərəfəsində “Beynəlxalq gün” keçirilib.

AzEdu.az xəbər verir ki, şagirdlərini düşünən, tədqiqat aparan, mühakimə yürüdən, ünsiyyət quran, risk etməyə qadir olan, bilikli, prinsipial, obyektiv və açıq fikirlilik ruhunda formalaşdıran Məktəb onlarda sosial məsuliyyət hissinin aşılanmasına, hər bir addımlarının başqalarının həyatına təsir göstərdiyini dərk etmələrinə xüsusi diqqət yetirir. “Beynəlxalq gün”ün keçirilməsi də bu məqsədlərə xidmət edir. 

Məktəbin təşkilatçılığı və valideynlərin fəal dəstəyi və iştirakı ilə ayrı-ayrı sinif otaqlarında Azərbaycan, ABŞ, Hindistan, Rusiya, İtaliya, Türkiyə, Qazaxıstan, Almaniya, Fransa, İndoneziya, Avstraliya, Bolqarıstan kimi ölkələrə həsr olunmuş xeyli sayda maraqlı tədbirlər həyata keçirildi, şagirdlərə yer kürəsində mədəniyyətlərin müxtəlifliyi nümayiş etdirilib.

Məktəbəqədər qruplarda və ibtidai siniflərdə təhsil alan uşaqlar dünya xalqlarının mədəniyyəti, milli geyimləri, adət-ənənələri ilə əyani şəkildə daha yaxından tanış olublar. Onlar hamının bu dünyada yaşayıb-yaratmaq haqqı və hüququ olduğunu, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanların bir-birinə hörmətlə yanaşmaq, anlamaq və s. keyfiyyətlərə malik olmağın vacibliyini daha dərindən dərk ediblər.    

Şagirdlər sinifləri bir-bir gəzərək özlərini sanki müxtəlif  ölkələrdə hiss etdilər, yeni məlumatlar aldılar, bununla yanaşı həm də çox əyləniblər. “Beynəlxalq gün” tədbirlərindən zövq alan yalnız şagirdlər deyil, onların valideynləri də oldu. Bəziləri isə öz təəssüratları ilə bölüşdülər.

Lingling Vibovo, İndoneziya təmsilçisi: ““Beynəlxalq gün”lərin keçirilməsi çox yaxşı haldır. Uşaqlar İndoneziyanın mədəniyyəti, tarixi, insanları ilə maraqlanır, xeyli sayda suallar verdilər. Onlar çox sevinirdilər, bundan biz-valideynlər də özümüzü xoşbəxt hiss etdik”.

Nigar Ağabəyli: “Bu gün biz Bolqarıstanı təmsil etdik. Şagirdlərin sevinci bizi daha da ruhlandırırdı. Onlara kiçik hədiyyələr verdik. Gələn il yenə də bu tədbirdə mütləq iştirak edəcəyəm”.

Pəri Xoşbonyani: “Qızım Zəhra 1-ci sinifdə oxuyur. Biz Fransanı təqdim etdik. Uşaqların çox xoşuna gəldi, verdiyimiz məlumatlar onlara maraqlı və faydalı oldu”.

Sevinc Xankişili: “Fikrimcə, bu, gözəl tədbirdir. Uşaqların dünyagörüşünün formalaşmasında çox müsbət rol oynayacaq. İtaliya və  Qazaxıstan təmsilçilərinin təqdimatları, çıxışları daha çox xoşuma gəldi. Digər ölkələrin təmsilçiləri də layiqincə iştirak etdi”.

 
1 / 2