Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-17 09:01:00
Sumqayıtda məktəb psixoloqları maarifləndirilir

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri – Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində Sumqayıt şəhəri ərazisində psixoloqların maarifləndirilməsi üçün "Seminar, təlim və sənədləşmə işlərinin təkmilləşdirilməsi”, məktəbdə davamiyyəti zəif və öyrənmə çətinliyi olan uşaqlarla fərdi işin təşkili, risk qrupuna daxil olan valideynlərə uşaqları ilə birlikdə psixoloji, pedaqoji və fərdi inkişaf planının hazırlanması sahəsində psixoloqlara dəstək göstərilir.

AzEdu.az-a  verilən məlumata görə, layihə çərçivəsində Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Təhsil Şöbəsinin inspektoru Səxavət Qənbərov və "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayevanın iştirakı ilə birgə fəaliyyət planı hazırlanıb.

Bu fəaliyyət planına əsasən Sumqayıt şəhəri 11 nömrəli orta məktəbdə məktəb psixoloqları üçün 2 günlük təlim keçirilib. Təlimn keçirilməsində əsas məqsəd psixoloqların məktəblərdə risk qrupuna daxil olan uşaqlarla işin təşkili bacarıqlarının artırılması, bu uşaqların valideynləri ilə münasibətlərinin düzgün qurulması, müəllim-valideyn-şagird üçbucağının yaradılması, təhsildən geri qalmış uşaqların diqqət mərkəzində saxlanılması və onlarla işin təşkili bacarıqlarının artırılması olmuşdur.

Tanınmış təlimçi Vüsalə Əmiraslanova iki gün ərzində 40-dan yuxarı məktəb psixoloqlarına bu sahədə fəaliyyətin daha da yaxşılaşdırılması üçün bilik və bacarıqların artırılmasında dəstək olub.

Sonda müvafiq materiallar və sənədlər hər bir psixoloqa paylanılıb. İki günlük təlimin nəticəsi olaraq psixoloqlara müvafiq sertifikatlar verilib. Təlimin yekununda təşkil olunmuş qiymətləndirməyə əsasən müəyyən edilib ki, iştirakçıların hamısı təlimin təşkilini, təlimçinin bu sahədə bilik və bacarıqlarını yüksək qiymətləndiriblər.