XƏBƏRLƏR

17.11.2019 13:22
Məktəbəqədər yaşlı uşaqlar niyə aqressiv olurlar? – Psixoloq səbəbəri açıqladı
Aqressiv davranışlar istənilən yaş qrupuna mənsub uşaqlarda özünü büruzə verə bilər. Bu davranışlar ilk növbədə qıcıqlanma, qəzəb kimi mənfi emosiyaların ifadəsinə xidmət edir. Belə davranışı müşahidə edən uşaq onu lazımlı hesab edir. 
 
Adətən 7-8 yaşadək olan uşaqlarda aqressiya halları daha çox müşahidə olunur. AzEdu.az bildirir ki, məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Medicina.az saytına açıqlama verib. Onun sözlərinə görə, uşaqlarda xarakterin təməli və şəxsiyyətin formalaşması prosesi 7-8 yaşa qədər formalaşıb bitir: 
 
 
"Ondan sonrakı dövr isə şəxsiyyətin korreksiyası adlanır. Uşağın şəxsiyyətinin formalaşmasında ətrafın uşağa münasibəti və bir-birlərinə olan münasibəti çox önəmli faktordur. Çünki, hər bir uşaq gördüyünü götürür. Ətrafın ona münasibətilə onun xarakterini  bir kərpic kimi formalaşdırır. Bu sonra güzgü kimi uşağın valideynləri  və ətrafı ilə münasibətində özünü büruzə verir. Əgər uşaqda hər hansı aqressiya varsa, deməli, burada hansısa çatışmazlıqdan irəli gəlir. Uşağın şəxsiyyətinin formalaşmasında hər hansı nöqsanlara yol verilib. Adətən uşaqlarda aqressiya özünə inamsızlıqdan və özünü təsdiq edə bilməməkdən yaranır. Yəni valideyn uşağı anlamır və bu da onda  aqressiya yaradır”.
 
Psixoloqun sözlərinə görə, uşaqlarda aqressiyanı yaradan əsas səbəblərdən biri fiziki və psixoloji şiddətə məruz qalmalarıdır:
 
"Bildiyimiz kimi, ölkəmizdə bir çox ailələrdə uşaqlara qarşı fiziki şiddət var. Həm də, həddindən artıq psixoloji şiddət var.  Bu şiddətlərin qarşısında təbii ki, uşaq aqressiya ilə qarşılıq verəcək. Belə desək valideynlər uşağa nə ötürürsə, oda onu geri qaytarır. Ailə münasibətlərində qəddarlıq, zorakılıq, hörmətsizlik, ailədə tez-tez konfliktlərin olması, valideynlərin bir-birinə laqeydliyi aqresiyanın formalaşmasına təkan verir. Demək olar ki, uşaq ailədəki davranışları təkrarlayır, mübahisə etmək, münaqişələri provokasiya etmək, qəzəbini açıq-aşkar göstərmək, diqqət cəlb etmək məqsədilə itaətsizlik və s. Valideynlərinin bir-biri ilə belə davranışı, artıq uşaqda belə fikir formalaşır ki, nə isə əldə etməyin yolu budur. 
 
 
Bir çox ailədə valideynlər uşaqlarını sevgiyə ac saxlayır, onlarla oynamır, vaxt keçirmir. Bunu bir çox bəhanə ilə əlaqələndirirlər. İşdən sonrakı yorğunluq, sosial şəbəkələrdə vaxt keçirmək və s. kimi bəhanələr. Bu səbəblərdən doğan aqressiyalarını  da uşaqlarına göstərirlər. Nəticədə uşaqlarda adekvat ataka ilə qarşılıq verirlər. 
 
Valideynlərin daha bir səhvi uşaqlarını dinləməmək problemidir. Çox vaxt uşağa hirslənərək "səsini kəs” və ya "uşaqdı bilmir” kimi reaksiyalar veririk. Əgər uşağı dinləsək, onda daxilə yığılmış aqressiya baş verməz. Daxili aqressiya yığıldığı zaman uşaq  bunu müxtəlif reaksiyalarla büruza verir. Misal üçün, başını divara vurur, davamlı qışqırır, söz eşitmir və s. Valideynlər deyirik ki, uşaq söz eşitmir. Bəs bu uşaq söz eşitməməyi necə öyrənir? Bunlar hamısı valideynin davranışlarından götürülmüş xüsusiyyətlərdir.  Valideyn uşağı eşitmədikcə, həmin reaksiya uşaqda da yaranır”. 
 
 
 
Psixoloq bildirib ki, uşaqlarda aqressiv davranışları müəyyən etməyin müxtəlif diaqnostik yolları var:
 
"Bunun üçün hər bir psixoloqun öz metodları var. Bu metodlar müəyyən praktikalar əsasında qurulur. Uşaqlar qəbul zamanı analiz edilir. Diaqnostikanın əsasında söhbət isə dayanır. Həkim şikayətlərə qulaq asır, vəziyyəti  aydınlaşdırır, uşaq bağçasının, məktəbin xüsusiyyətlərini öyrənir. Daha sonra ona hansı metodla diaqnoz qoyulacağı müəyyənləşir”.

İlin gənc müəllimi-Müraciət formu