XƏBƏRLƏR

17.11.2019 15:43
Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyədə təşkil olunan təlimlər başa çatıb

Azərbaycan və Türkiyənin peşə təhsili sahəsində əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyədə təşkil olunan təlimlər başa çatıb.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən AzEdu.az-a bildirilib ki, təlim çərçivəsində Ankara şəhərinə ezam olunan nümayəndələr turizm, səyahət xidmətləri, otelçilik və qonaqpərvərlik ixtisaslarının öyrədildiyi peşə təhsili mərkəzlərində tədris prosesini izləyib, maddi-texniki bazalara baxış keçiriblər. “Radisson Blu” və “Metropoliten” otellərinin, bir neçə turizm şirkətlərinin iş prinsiplərini nəzərdən keçirərək peşə təhsili və təlimində beynəlxalq təcrübə ilə tanış olublar. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimi uğurla başa vuran ixtisas-fənn müəllimlərinə sertifikat verilib.

Xatırladaq ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyi rəhbərliyinin, peşə təhsili müəssisələrinin idarə heyətinin və müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlim ustaları və ixtisas fənn müəllimlərinin iştirakı ilə Ankara, İstanbul və İzmir şəhərlərində təşkil olunub. Liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik və zərgərlik istiqamətləri üzrə 2-12 həftəlik təlimlər peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyətinin ixtisasartırması məqsədilə keçirilib.

İlin gənc müəllimi-Müraciət formu