XƏBƏRLƏR

17.11.2019 10:26
80-dək fiziki tərbiyə müəllimi təlimlərə cəlb olunub

Qubada yerləşən ümumtəhsil məktəblərində “TOPs – təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində təlimlərə başlanılıb.

AzEdu.az AZƏRTAC-a istinadla xəbər verir ki, təlimlərə rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 80-ə yaxın fiziki tərbiyə müəllimi cəlb olunub.

TOPs metodologiyası üzrə təşkil olunan 3 günlük təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılır, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilir. Həmçinin dərslərin səmərəli tədris olunması üçün “TOPs Oyun” metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilir.

Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə ediləcək.

TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihə ümumtəhsil məktəblərində təhsilalanların bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. TOPs metodologiyası vasitəsilə fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi də layihənin məqsədlərindəndir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Azərbaycanda TOPs proqramının tətbiqinə pilot layihə kimi, 2014-cü ildən start verilib. 2018-2019-cu tədris ilində Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonlarından olmaqla, layihədə iştirak edən məktəblərin sayı 250-yə çatdırılıb. 2019-2020-ci tədris ilində proqramın ölkənin digər rayon və şəhərlərində fəaliyyət göstərən ümum təhsil müəssisələrində tətbiqi davam etdiriləcək.

İlin gənc müəllimi-Müraciət formu