XƏBƏRLƏR

16.11.2019 17:16
Orta İxtisas Polis Məktəbində tələbələrlə görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul, eləcə də “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamları muxtar respublikada elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına stimul yaradıb.

AzEdu.az-ın məlumatına görə, AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində (NDU) Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində keçirilən görüşdə ətraflı danışılıb.

Görüşdə çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov bildirib ki, təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsində əsas məqsəd güclü təhsil infrastrukturunun, yüksəkixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqinə təkan verməkdən ibarətdir. Bu zərurətdən yaranan “Startap Naxçıvan” hərəkatının xüsusi önəmi var. Belə layihələrə dövlət tərəfindən xüsusi qayğı ilə yanaşılır və layihələrin “İdeyadan başlanğıca” çevrilməsi üçün bütün lazımi dəstək göstərilir. Startap layihələr hazırlayan qrupların tərkibinə hüquq təhsili alan qabaqcıl tələbələrin cəlb edilməsi xüsusilə vacibdir.

“Məlum sərəncamla NDU-nun Hüquqşünaslıq ixtisası digər hüquq-mühafizə orqanları ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin də hamiliyinə verilib”, – deyən Rəşad Seyidov vurğulayıb ki, hazırlanan startap layihələrin hüquqi müstəvidə dəyərləndirilməsində hami olaraq nazirlik öz səlahiyyətləri çərçivəsində bütün lazımi köməklikləri göstərəcək.

Qeyd edilib ki, hazırda nazirlik sistemində “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində yeni nəsil videomüşahidə kameralarının quraşdırılması, müasir tələblərə cavab verən kadr potensialının formalaşdırılması istiqamətində Orta İxtisas Polis Məktəbinin yaradılması uğurlu startap layihələrinin bir hissəsi kimi qiymətləndirilir.

Naxçıvan Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev tələbələrlə görüşdə bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun yüksək diqqət və qayğısı nəticəsində muxtar respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları üçün müasir iş şəraiti var. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək üçün Ali Məclis Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb. Bu, muxtar respublikamızda gənclərə göstərilən növbəti qayğının bariz nümunəsidir.

Sonra tələbələr Orta İxtisas Polis Məktəbinin tədris kompleksi ilə yaxından tanış olublar. Məktəbin Kriminalistika kabinəsində onlara yazı xətlərinin xüsusi əlamətləri, məhkəmə fotoqrafiyası, ayaq izinin surətinin hazırlanması, trasologiya, daktiloskopiya, kriminalistik ballistika barədə danışılıb, müəyyən vasitələrdən istifadə qaydaları göstərilib.

Avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti kabinəsində tələbələr nizamlayıcının siqnalları, yol üzərində istifadə olunan işarələr, xəbərdarlıq, üstünlük, qadağan, servis, əlavə məlumat, məlumatverici – göstərici nişanlar və sair haqqında ətraflı məlumat alıblar.

İnteraktiv atəş hazırlığı sinfindəki məşğələdə də tələbələr fəal iştirak ediblər.

Üç min kitab fondu olan kitabxanada ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən siyasi ədəbiyyatlar, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr tələbələrdə yüksək təəssüratlar yaradıb.

İlin gənc müəllimi-Müraciət formu