XƏBƏRLƏR

16.11.2019 13:51
Məzunlarından çoxusunun BDU-ya qəbul olunduğu kiçik rayon – Bölgə təhsili

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Ucar rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 716 şagird bitirib, onların 698 nəfəri buraxılış imtahanında iştirak edib və 382 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb. Rayon məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 14.84, riyaziyyat fənnindən 14.74, xarici dil (kimya) fənnindən 12.10, hər üç fənn üzrə birlikdə 41.68-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 14.64%, 12.56%, 17.92%, 14.91% aşağıdır.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 23.21%-i “2”, 39.26%-i “3”, 24.64%-i “4”, 12.89%-i “5”, riyaziyyat fənni üzrə 27.79%-i “2”, 29.66%-i “3”, 22.64%-i “4”, 19.91%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 31.09%-i “2”, 41.26%-i “3”, 15.33%-i “4”, 12.32%-i “5” qiyməti alıb.

Ümumilikdə, attestat alanların 63.78%-i (449 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 206 məzunu (imtahanlarda iştirak edənlərin 45.88%-i) tələbə adını qazanıb.

Rayon məzunlarının 42 nəfəri 500-dən, o cümlədən 17 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universitetinə qəbul olub.

Rayon abituriyentlərinin yalnız 35.29%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 200 baldan aşağı nəticə göstərən yoxdur. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 47.46%-dir. Qəbul imtahanlarında 36 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Bərgüşad kənd 2 saylı və Təzə Şilyan kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 6 saylı şəhər və Qazıqumlaq kənd 2 saylı tam orta məktəblərini qeyd etmək olar.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu