Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 17:29:00
“Bizdə pedaqoji ədəbiyyat digərlərindən bahadır, çünki...” – 5 yaşlı “TEAS PRESS”

“Biz kitaba sadəcə kommersiya məqsədilə yanaşmırıq. Onun müəllifi ilə razılaşmaq, tərcümə, redaktə, korrektə işləri çox vaxt və vəsait aparır. Bizim məqsədimiz nəşriyyatın adından oxucuya keyfiyyətli kitab təqdim etməkdir”

AzEdu.az xəbər verir ki , bu sözləri “Teas Press” nəşriyyatın PR və marketinq meneceri Aysel Zahidqızı deyib. O, bildirib ki, nəşriyyat daha çox bədii istiqamətlə fokuslandığından pedaqoji ədəbiyyat nisbətən az nəşr olunur.

“Biz daha çox bədii kitablara fokuslanmışıq. Amma təhsil, pedaqogika sahəsində istifadə olunan kitablar da tərcümə edilib. Hazırda iki tanınmış müəllifin satışda kitabı var:   Bill Martinin “Uğur qazandıran məktəblər” və Con Hettinin “Müəllimlər üçün görünən təlim” kitabları təhsilin pedaqoji istiqamətlərini əks etdirir. Biz elektron saytımızda oxucuların rahatlığı üçün kitabları bölmələrdə təqdim edirik.  Həmin bölmələrdən biri dərsliklər, dərs vəsaitlərinə aiddir. Orada “Azərbaycan dilinin tarixi”,  “Azərbaycan coğrafiyası”,  “Coğrafiyanın əsasları”, bununla yanaşı “ABŞ və Beynəlxalq terrorizm problemi” ilə   bağlı elmi kitablar oxucuya təqdim olunub”.

O qeyd edib ki, pedaqoji ədəbiyyatları daha çox Təhsil Nazirliyi nəşr etdiyinə görə nəşriyyat sadəcə tələbat olan kitablara müraciət edir:

“Pedaqoji istiqamətdə tələbat olsa da, daha çox bu kitabları Təhsil Nazirliyi nəşr etdirir. Biz də hansı sahədə boşluqlar varsa,  həmin sahə üzrə kitablar nəşr edirik. Azərbaycanda universitetlərinin çoxu müxtəlif ixtisaslara uyğun kitablar nəşr etdirir, yaxud da xarici ədəbiyyatlarla kitabxanalarını zənginləşdirirlər. Ona görə də dərsliklər, dərs vəsaitlərini çap etdirməyə ehtiyac qalmır. Məsələn,  biz son illərdə Qəzənfər Kazımovun  “Azərbaycan dilinin tarixi”,   Con Hettinin “Müəllimlər üçün görünən təlim”, yaxud müasir tendensiyaları əks etdirən kitabları oxuculara təqdim etmişik”.

A.Zahidqızı kitabların qiymətin digər nəşriyyatlardan fərqli olmasına da aydınlıq gətirib.

“Biz kitabların ərsə gəlməsində çox dəqiqlikə işləyirik. Ona görə də kitabların qiyməti digər nəşriyyatlardan fərqlənir. Sadəcə  biz oxucuya seçim şansı veririk. Hansı nəşriyyata müraciət etməsi onun öz seçimindən asılıdır. Pedaqoji kitabların qiyməti  isə 10-20 manat arasında dəyişir. Bu bədii kitablara nisbətən bahadır. Çünki elmi kitabları tərcümədən, redaktədən sonra təkrar ixtisaslı biri tərəfindən oxumasına ehtiyac yaranır.  Bu kitabların ərsəyə gəlməsinə bədii ədəbiyyatdan  daha  çox vaxt sərf olunur”.

Qeyd edək ki, bu gün “Teas Press” nəşriyyat evinin 5 yaşı tamam olur.

Ayşə Müseyib