Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 17:14:00
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb

Noyabrın 15-də İstanbulun Boğaziçi Universitetində Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimlə burada təhsil alan tələbələrin görüşü olub. Görüşdə yüksək balla bu universitetə qəbul olmuş azərbaycanlı tələbələr də iştirak ediblər.

AzEdu.az xəbər verir ki, “Azərbaycanın bölgədəki rolu: xarici və mühafizə siyasətləri” mövzusunda keçirilən görüş tələbələr tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Xəzər İbrahim Azərbaycanın xarici siyasətini müəyyən edən əsas amillərdən söhbət açıb. Azərbaycanın çoxmillətli, tolerant və multikultural ölkə olduğunu vurğulayan səfir bunun respublikamızı bir çox digər dövlətlərdən fərqləndirən ən vacib xüsusiyyətlərdən biri olduğunu söyləyib.

Eyni zamanda, təbii sərvətlərin zənginliyi səbəbindən Azərbaycanın hər zaman böyük dövlətlərin maraq dairəsində olduğunu deyən səfir bildirib ki, Azərbaycanın xarici siyasətinə müsbət təsir göstərən əsas daxili amillərdən biri də insan potensialıdır.

X.İbrahim ümumilikdə götürüldükdə xarici siyasətə təsir göstərən ən mühüm amillərdən birinin coğrafi mövqe olduğunu vurğulayıb: “Coğrafi mövqe baxımdan Azərbaycan tarixən digər dövlətlərin diqqətini çəkib. Tarixboyu Azərbaycanın ətrafında böyük imperatorluqlar, savaşlar olub. Coğrafiya və tarixi bir araya gətirdikdə isə burada erməni faktoru ortaya çıxır. Bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini uzun illərdir işğal altında saxlayır. Bu səbəbdən Azərbaycan öz təbii qaynaqlarının bir hissəsindən istifadə edə bilməyib. Hazırda bizim üçün ən əsası ölkəmizin ərazi bütövlüyünün bərpasıdır”.

Səfir bildirib ki, bu gün Azərbaycan siyasi, iqtisadi, hərbi baxımdan çox güclü ölkədir. Qonşu dövlətlərlə xoşməramlı münasibətlər Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir. Xəzər İbrahim deyib: “Azərbaycanla Türkiyə arasında tarixə söykənən qardaşlıq əlaqələri var. Bu gün iki dövlətin liderləri eyni siyasəti dəstəkləyir. Bu da dünya üçün nümunəvi münasibətdir”.

Səfir, həmçinin Azərbaycanla Rusiya və Gürcüstan arasındakı sıx dostluq, əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.

Görüş mövzu ətrafında tələbələrin suallarının cavablandırılması ilə davam etdirilib.

(Azərtac)