Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 16:59:00
Azərbaycan Universitetinin tələbələri SOCAR-da  infoturda olublar

Azərbaycan Universitetinin iqtisadiyyat və marketinq ixtisasları üzrə təhsil alan bir qrup tələbəsi SOCAR-ın Ə.C. Əmirov adına neft və qazçıxarma idarəsində infoturda olublar. Tələbələri idarənin rəisi Ramin Quliyev qəbul edib.

AzEdu.az xəbər verir ki, idarə rəisi görüşdə infoturda iştirak edən tələbələrə Azərbaycan neft sənayesinin tarixi, inkişafı, Azərbaycan iqtisadiyatında rolu haqqında məlumat verib, Qaradağ-Lökbatan neft yatağının kəşf olunması və istismarı haqqında maraqlı faktlar çatdırıb. O cümlədən Salyan, Neftçala, Naftalan və Şəmkirdə idarə tərəfindən istismar olunan yataqlar haqqında da danışıb. Ramin Quliyevin tələbələr qarşısında çıxışı təhlükəsizlik və əməyin mühafizəsi, ətraf mühitin mühafizəsi, neft və qazın itkisiz nəql edilməsi, mütəxəssis-işçilərin bilik, bacarıq və səriştələri, məsuliyyətliliyi, neftçilərin əməyinin qiymətləndirilməsi, onların sosial şəraitinin yaxşılaşdırılması, işin və məhsulun keyfiyyəti kimi mövzuları əhatə edib. İnfoturun bu hissəsində tələbələrin çoxsaylı sualları cavablandırılıb və neftlə çirklənmiş ərazilərin təmizlənməsi və abadlaşdırılmasına həsr olunmuş video nümayiş etdirilib.

Tələbə heyəti infoturun ikinci hissəsində neftin çıxarıldığı ərazidə olub, burada neft hasilatını izləyib, quyuların təmiri prosesi ilə tanış olublar.

İnfotur Maliyyə və iqtisadiyyat kafedrasının təşkilatçılığı ilə baş tutub. İnfoturda kafedranın müdiri, dosent Nəriman Böyükkişi və kafedranın müəllimi Çingiz Məmmədov da iştirak edib. Kafedra müdiri Azərbaycan Universitetinin rəhbərliyi adından tələbələr üçün yaradılan şəraitə görə təşəkkür edib, çətin və şərəfli peşələrində uğurlar arzulayıb.