Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 15:03:00
Bölgə müəllimi Bakı məktəbində direktor olmaq üçün nə etməlidir? - Cavab

Direktorların işə qəbulu üzrə müsabiqə orta ümumtəhsil müəssisələrinə həqiqətən idarəetmə bacarıqları, qanunvericilik bilikləri yüksək səviyyədə olan birilərinin rəhbər kimi gətirilməsinə hesablanmış addımdır.

Müsabiqə zamanı direktor namizədin etnik, xarakterik xüsusiyyətlərinə bələd olduğu bölgəyə təyinat alması da nəzərə alınıb. Hazırda direktor namizədləri maraqlandıran əsas məqamlardan biri də elə bununla bağlıdır.

Bölgə məktəbində çalışan direktor Bakıdakı ümumtəhsil müəssisələrindən birinə təyinat ala bilər?

AzEdu.az məlumat verir ki, müsabiqə zamanı namizədlərə hazırda işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi rayon üzrə 4 vakant yer seçmək imkanı verilir.  Yəni, bölgə məktəbinin müəllimi paytaxt məktəbinə direktor kimi təyinat ala bilməz. Amma hər hansı məcburi köçkün məktəbinin direktoru həmin rayonun paytaxtda yerləşən məcburi köçkün məktəbinə təyinat ala bilər.

Bölgə məktəbində işləyən, paytaxt ümumtəhsil müəssisəsində direktor olmaq istəyən müəllim öncə, göstəricilərinə uyğun olaraq Bakı məktəbinə yerdəyişmə etməlidir. Bir müddət işlədikdən sonra Bakı məktəbində direktor olmaq üçün müsabiqədə iştirak edə bilər.

Bundan əlavə, direktorun məktəb göstəriciləri nəzərə alınaraq başqa bir bölgə məktəbinə rotasiyası da mümkündür.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada dörd mərhələdən - elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə mərhələlərindən ibarət müsabiqə yolu ilə keçirilir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olanlar üçün isə bu müddət 3 ildir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları