Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 11:30:01
Beynəlxalq olimpiadaların qalibi : “Artıq Almaniyada kollecə qəbul olmuşam”

 Kimya üzrə respublika, müxtəlif beynəlxalq olimpiadaların qalibi olan 11-ci sinif şagirdi Nəriman Mirişovun AzEdu.az-a müsahibəsi:

- Nəriman hazırda hansı məktəbdə oxuyursunuz?

- Mən 2007-ci ildə məktəbə getmişəm. 160 nömrəli məktəbdə oxuyuram.

-Dəqiq elmlərə maraq necə yarandı?Nə vaxtdan bu istiqamətdə getməyi dəqiqləşdirdiniz?

-6-7-ci siniflərdə riyaziyyat olimpiadasında iştirak edirdim. Orda elə böyük uğur qazanmamışdım. 8-ci sinifdən kimyanı öyrənməyə başladım. Bu sinfi bitirəndə artıq məktəb kursuna aid kimyanı demək olar ki bilirdim. 9-cu sinifdə araşdırdıq ki,  olimpiadaya kim hazırlaşdıra bilir.  Xamət müəllimi tapdıq. Onun yanına getdim.  9-cu sinifdən onun yanında hazırlaşandan olimpiadalarda iştirak etməyə başladım.

-Nəriman, ilk uğurunuzu necə xatırlayırsınız?

-İlk dəfə 2016-cı ildə Moskvada keçirilən D.Mendeleyev olimpiadasında iştirak etdim. Orda heçnə qazanmadım.  İlk uğuru isə həmin il Gürcüstanda beynəlxalq kimya olimpiadasında oldu. Bundan əvvəl  9-cu sinifdə respublika üzrə birincilərin birincisi olmuşdum. 10-cu sinifdə də qızıl medal almışdım.  Bu il zəif oldu. Gümüş medal qazandım.

-Olimpiada üçün xüsusi hazırlığa ehtiyac varmı?

- Məktəbdə onsuz  hər fəndən hazırlaşmalı olursan. Bəzi fənlərdə güzəştə gedirdilər.  Amma biologiya, riyaziyyat, fizikanı normal qaydada oxumaq lazımdır. Olimpiadada kimya heç də məktəb kursuyla eyni deyil. O vaxt məktəb kursunu bilirdim deyə asan gəlirdi. Həmin vaxtlar hamı məktəb kursunu oxuyanda, mən də olimpiadaya hazırlaşırdım. Hazırlıq üçün müəllim olsa daha yaxşı olar. Mən 8-ci sinifdə hansı kitablardan hazırlaşmağı bilmirdim. Xamət müəllimin yanına gedəndən sonra çox şey öyrətdi, həm də bildim olimpiadaya hansı kitablardan hazırlaşmaq lazımdır.  Əgər uşaq çox istedadlıdırsa müəllimin olması elə də vacib deyil. Əsas kitabları bilməlidir.

-Olimpiadada kimyadan suallar məktəb kursuna nə dərəcədə uyğundur?

-Deyilənə görə riyaziyyat və fizikada bizdəki kimi deyil. Onlarda daha uyğundur. Kimyada isə çox fərqlənir. O fənlərdə suallar məktəb kursunun daha çətinləşmiş formasında verilir. Məntiqi yaxşı olan uşaq məktəb kursunu bilərək gedib normal yer tuta bilər. Kimyada rayon və şəhər turu eyni olur.  Amma respublika və beynəlxalq turda universitet kursu olur. 

- Hazırlıq mərhələsi nə qədər çəkdi?

-9-cu sinfin əvvəlində məktəb kursunu demək olar ki, bilirdim. Oktyabrın əvvəlində  müəllim yanına getdim.  Aprelin ortalarında da olimpiadaya getdim.  Altı ay yarım kifayət etdi. Respublikada birinci oldum.

-Beynəlxalq tur üçün də bu müddət kifayətdir?

-Bəli.  9, 10 və 11-ci siniflərə fərqli məsələlər düşür. Amma məndə asan düşmüşdü.

-Yalnız Gürcüstan və Rusiyada iştirakınızı qeyd etdiniz. Başqa uğurlarınızdan da danışardınız.

-Qazaxıstan(Astana), Tailand (Banqkok) gümüş,  Belarusiyada (Minsk) yenə gümüş   medal qazanmışdım.

-Qızıl medal almaq üçün rəqibinizdən nə qədər geri qaldınız?

-Tailanda fərq o qədər də çox deyildi. Amma son olimpiadada fərq çox idi.

- Olimpiada cavablarını kimlər yoxlayır və münsiflər heyəti necə müəyyənləşir? Kimlər olacağı haqda əvvəldən məlumatınız olur?

-Mendeleyev olimpiadalarında həmişə Moskva Dövlət Universitetin professorları olur. Münsiflərin bəziləri daimi olur. Dəyişən üzvlər də olur.Məsələn, bu il 2017-ci ildə Tailandda keçirildiyinə görə ordan da üzvlər iştirak edirdi.  Hər il ötən ildə keçirilən yerdən nümayəndələr olur.

-Sizcə, obyektivlik nə dərəcədə qorunur?

-Hətta gözlədiyimizdən artıq bal verirlər. Məsələn 60 bal gözləyiriksə, 75 ola bilir.

-Olimpiadada yarışma qaydaları necədir? Qaliblər necə müəyyənləşir?

-İki tur nəzəriyyə yazırıq. Birinci turda 8 sual  A4 vərəqində  təqdim olunur. Bir sualın daxilində 10, 50  xırda suallar da ola bilər. İkinci turda isə bu say 5-ə endirilir.  Hamısı yazılı şəkildə olur, fərqli günlərdə keçirilir. Hər birinə 5 saat ayrılır. Praktika turunda da eynilə. Bu, laboratoriyada aparılır. Nəyisə sintez etməlisiz.

-Ən maraqlı praktiki turunuzdan danışardınız...

-Ən maraqlı Tailandda idi. Adətən 3 sual  verilir. Birinci  qeyri-üzvi sintez ilə bağlıdır. Hansısa maddəni sadələşdiririk. Bir neçə reaksiya gedir. Yazılı şəkildə qaydalar bizə verilir. Sintez edib münsiflərə təqdim edirik, onlar da yoxlayır. Bunun üçün nəzəri biliklər olmalıdır. Bu, adətən, əlinizin laboratoriyada işləməyə nə qədər alışdığından asılıdır.  Münsiflər heyəti sizi izləyir. Nəsə partlatdınızsa gəlib kömək edirlər.

-İndiyədək sizdə laboratoriya şəraitində belə bir hal baş verib?

-Partlayış yox, amma buna bənzər bir şey olub. Qatı turşunun dibində çöküntü var idi. Çöküntü dibdə qalmasın deyə qaynatmaq və qarışdırmaq lazım idi ki. Qarışdırmaq yadımdan çıxmışdı. Çökəndə altı çox qızır. Buna  görə də vulkan kimi  hər tərəfə tökülməyə başladı.

-Uğurlar əldə etməyinizdə daha çox kimin rolu var?

-Kimin əziyyəti varsa hamının.

-Bu sahə üzrə getməyinizi valideynləriniz istəyib?

-Xeyr. Sırf kimyaya heç kim istiqamətləndirməyib.

-Hazırda abituriyentsiniz. Hansı qrupa hazırlaşırsınız?

-IV qrupa hazırlaşıram.  Almaniyada tibb üzrə oxumaq istəyirəm. Ora sənədlərimi vermişəm.  Almaniyada tibb təhsili 12 ildir. Bundan əvvəl bir illik kollecdə oxuyub sonra universitetə qəbul olmaq lazımdır.  Kollecə artıq qəbul olmuşam.

-Almaniyanı seçməyinizə səbəb nədir?

-İkinci sinifdən məktəbdə alman dili keçirik. Dil cəhətdən də problem yaranmır. Həm də tibb təhsili ən güclü Almaniya və Amerikadadır. Mən  də Almaniyanı seçdim.

-Bəs, tibbin hansı sahəsi üzrə təhsil almaq istəyirsiniz?

-Yəqin ki, cərrahiyyə.

-Cərrahiyyəyə maraq necə yaranıb?

-Sırf elə bir maraq yoxdur. Sadəcə hələ ki, fikrim belədir. Orda oxuyandan sonra daha dəqiq seçim etmək olar.

-Kimyaya qayıdaq. Yaxşı kimyaçı olmaq üçün necə olmaq lazımdır,hansı göstəricilər olmalıdır?

-Bilik və məntiq. Məncə bütün dəqiq elmlərdə bunlar lazımdır. Paralel getməlidir. Kimyada belədir.

-Çox məktəblilərdən soruşanda kimyanı sevmədiklərini və ya çətin olduğunu vurğulayırlar. Sizcə bu nə ilə bağlıdır?

-Mənə də həmişə bu sual maraqlı olub ki, nəyə görə çətindir. Kimyada çətin bir şey görmürəm. Məncə, fizika, riyaziyyat kimyadan daha çətindir.

 -Nəyə görə məhz tibb? Bəlkə də gələcəyin böyük kimyaçı alimi olacaqdınız. Birbaşa elmi kimya istiqamətində yox, tibbi seçməyinizə səbəb nədir?

-Tibbin daha perspektivli olduğunu düşünürəm. 50 il öncə olsaydı, onda elmi işlərlə məşğul olmaq daha rahat olardı. İndi kimyaçıların çoxundan soruşuram, sırf sənət kimi məsləhət görmürlər. Deyirlər ki, onsuz yeni bir şey etmək çətin məsələdir.

-Tibdə hansısa yenilik edəcəyinizi düşünürsünüz?

-Yenilik etməsəm də, tibdə daha çox xeyirli iş görmək olar. Hələ də sistemlər hamısı avtomatikləşsə, kimya sənayesində insana ehtiyac qalmayacaq. Nəyisə sintez edirsiz. Burda heç bilik də lazım olmayacaq. Hər hansı birinə desəniz nəyi necə qarışdırmaq lazımdır işi görə bilər. Robot da eynilə. Kimyadakı ən rahat yenilikləri bir əsr əvvəl ediblər. Ona görə, bu sahədə işləmək üçün yeni texnologiyalardan istifadə etmək lazımdır.Bunlar da çox pul tələb edir. Adi kimyaçısınızsa, pulu tapa bilməyəcəsiniz və yeni heçnə etmək olmayacaq. Ona görə də bizim zamanda tibbə getmək daha məqsədəuyğundur.

- Olimpiadalara hazırlaşdığınız müddətdə kimya elmi, alimlərlə maraqlanmısınızmı?

-Hər elementi keçəndə öyrənirdik ki, bunu kim açıb. Məncə, bundan artıq məlumat lazım deyil. Zinn soyadlı biri olub, Şuşada doğulub. Reaksiya aparıb ona görə dünyada məşhurdur.Soyadına görə tanınır. Universiteti Kazanda oxuyub, amma əslən azərbaycanlıdır. Ən tanınan Yusif Məmmədəliyevdir.O, məncə, böyük bir adam olub.

-Kimya sahəsində Azərbaycanda hansı yeniliklər ola bilər?Bu haqda düşünmüsünüz? Və digər ölkələrlə müqayisədə bu elm bizdə hansı səviyyədədir?

-Neft ölkəsi olduğumuza görə, neft kimyası ilə məşğul olmaq çətin iş deyil. Həmin məqsəd xidmət edən laboratoriyalar var. Dünya miqyasında neft kimyası əsasdır. Başqasına ehtiyac da yoxdur . Ona görə də bizim respublika tanınır. Minskdə mənə deyirdilər ki, sizdə kimya çox güclüdür . Səbəbini isdə  bizdə neftin çoxluğu ilə izah edirdilər.

-Neft əsri demək olar sona çatıb. Bəs neft olmasa  bu elm inkişaf edə bilməzmi?

-Ənənəvi bir elm deyil. 200 il əvvəl  kimyanın bu qədər inkişaf edəcəyini kim düşünə bilərdi ki? Yusif Məmmədəliyev yüksək oktanlı benzin ixtira etmişdi.Onu satıb xeyli pul qazanıldı. İqtisadi cəhətdən çox məqsədəuyğun idi. Əgər ölkədə neft yoxdursa, kimyanın irəli getməsi biraz çətindir. İndiki vaxtda bəlkə də gedər. Məsələn, Yaponiyada kimya heç də geridə qalmayıb. Amma o ölkədə neft heç yoxdur. Ancaq Amerika və digər ölkələrdən alırlar. 50 il öncə neftdən  çox şey aslı idi.

-Oxuduğunuz məktəbdə və digərlərində kimya laboratoriyaları hansı səviyyədədir? Orada reaksiyalar apara bilən, laboratoriyada işləməyi bacaran müəllimlər varmı?

-Bizə Moskva Dövlət Universitetinin Bakı filialında xüsusi dərslər keçirdilər. Həmin filial Xocasəndə yerləşir. Orda çox güclü laboratoriyalar var. Ora MDU-nun özündən  də müəllimlər gəlir. Onlar deyir ki, həmin laboratoriyalar çox yüksək səviyyədədir. Bizə dərsi bir müəllim keçir. Həmin müəllim də Rusiyadan- MDU çağırılan müəllimdir.Dərslər yüksək səviyyədə keçirilir.  Digər məktəblərlə maraqlanmamışam. Deyilənə görə, yüksək səviyyədə laboratoriyalar var. Fikrimcə, bunun üçün çox pul sərf etmək lazımdır. Bunu da məktəb edə bilməz. Həm də çox adamın başı çıxmır deyə,elə bilirlər yüksək səviyyəli bir şeydir. Ona görə, soruşmağa  dəyməz.

-Əksər uşaqlarda kimyaya maraq reaksiyalar aparmaq bir növ dağıtmaq, partlatmaq eşqindən yaranır. Sizdə də belə olubmu?

-Xeyr. Reaksiyalara görə yox, hamısı nəzəriyyədən başlayıb. Marağım olmayıb ki, götürüm qarışdırım, nəsə rəng alım.

-Elmi öyrənmək üçün nəzəriyyə, yoxsa praktika önəm daşıyır?

-Nəzəriyyə çox rol oynayır. Amma sənət kimi baxsaq praktikanı əsas götürmək lazımdır. Elm kimi baxırsansa nəzəriyyə daha üstündür.

 

-Qəbul imtahanının hər iki mərhələsində iştirak edəcəksiniz?

-Birinci yaxşı olsa, ikinci mərhələyə ehtiyac olmayacaq. Eyni qrup üzrə verəcəm.

-Sınaqlarda iştirak etmisiniz? Nəticələr sizi qane edibmi?

-İştirak etmişəm. Sonuncu sınaqda 624 bal toplamışdım. Bilikləri bir neçə il ərzində almaq lazımdır.Son 2 həftəylə heçnə etmək olmaz. Səhvləri görürəm.  Amma bilmədiyim mövzulardısa onsuz da olacaq. Sırf bunları oturub öyrənməyin məncə, mənası yoxdur.

-Qəbulda bu göstəricini qaldıracağınızı düşünürsünüz? Hədəfiniz neçə baldır?

-20-25 bal aşağı, ya yuxarı ola bilər. Hədəfim yoxdur. Qəbula yetəcək qədər olsun. 700 bal toplamaq o qədər mənalı bir şey deyil.

-Sınaqlarda hansı fənndən nəticəniz yaxşı olur?

-Adətən riyaziyyatı yazıram. IV qrupda riyaziyyat nisbətən rahat olur. 25-ni də yazıram.

-Bəs Kimya?

-Kimyadan 24 yazıram. Adətən biri qalır. Bilmirəm.

-İki variant arasında qaldıqda necə edirsiz?

-Heç bilmədiyim halda yazmıram. Amma birini bilirəmsə bu variant dəqiq deyil, digərlərindən birini seçirəm.

-Almaniyada tibb təhsilinin yüksək səviyyədə olduğunuzu qeyd etdiniz. Bəs alınmadığı halda Azərbaycanda oxuyacaqsınız. Burdakı tibb təhsili haqda nə düşünürsünüz?

-Nə deyim. (gülür)

- Hər il kimya sahəsində yeni  bir kəşfə Nobel mükafatı verilir. Başqa müxtəlif mükafatlar da var. Türkiyədə Əziz Sancar da kimya üzrə mükafat alıb. Kimyada da nəsə etmək olardı. Doğrudur  tibbə baxanda  daha məhduddur. Bəlkə bu məhdudluq sizi fikrinizdən yayındırıb?

-Əziz Sancar özü də tibdə oxuyub. Nobel mükafatını da daha çox biokimyaçılara verirlər, ya da fiziki kimyayala məşğul olanlara. Sırf kiimyada axtarılası çox şey yoxdur.

-Elmin biokimya və İT-ə istiqamətlənən hissələrinə də yönələ bilərdiniz. Bu barədə düşünmüsünüzmü?

-Biokimya haqqında düşünmüşəm. Amma yenə də biokimyaçı olmaq istəyirəmsə, tibbə getmək lazımdır, nəyin ki kimyaya. Kimya istiqamətində gedəndə adətən ənənəvi olur.

-Dünyada da belədirmi?

-Kimyaçı özü çox şey edə bilər. Amma iqtisadi cəhətdən lazım olmayacaq. Heç kim ona sponsorluq etməyəcək. Ona görə biokimyaçı olmaq daha yaxşıdır.

-Tibbə getdiyiniz halda yenidən elmə qayıtmaq fikriniz varmı?

-Əlbəttə olar. Elmlə məşğul olmaq üçün heç kim pul ayıran deyil. Əvvəl öz qarajınızda da yeni bir şey aça bilərdinizsə, indi elə deyil. Yeni texnologiyalar lazımdır.

-Tibblə paralel olaraq elmlə məşğul olacaqsınızmı?

-Biokimya istiqamətində bəli. Hobbi kimi biokimyayla məşğul olaram.

-Azərbaycanda tibb təhsili almalı olsanız yenə bu istiqamətdə davam edərsiniz, yoxsa elmi seçərsiniz?

-Azərbaycanda tibb, ya xaricdə elm desələr təbii ki, xaricdəki elmi seçərəm. Amma hər ikisi burda olsa  tibbi.

-Dünyanın ən güclü biokimya mütəxəssislərindən biri Qərib Mürşüdovdur. Hazırda Kembric laboratoriyasında dərs deyir.  Yaşayışından narazı deyil. Demək Avropa və Amerikada bundan da maddi qazanc  əldə etmək olar. Bu istiqaməti xaricdə davam etdirmək istəyərsinizmi? Məsələn, sizi Kembricə dəvət etsələr razı olardınızmı?

-Razı olardım.

-Əgər perspektivi olsa tibbi elmə qurban verərdiniz?

-Güclü perspektiv olsa niyə də yox.

-Mayın 20-də I və IV qrupların imtahanıdır. Kimyadan imtahan verənlərə öz təcrübəndən çıxış edərək nələr demək istərdiniz? Nələrə diqqət etsinlər?

-Həyəcanlanmamaq lazımdır. Əgər diqqətinizi məsələyə yönləndirsəniz adam həyəcanlanmır ki, pis yazaram. Qazaxıstanda  belə halla rastlaşmışdım. O vaxt xəstələnmişdim, ağlımda o idi ki, gedib dərman alım düzəlim. Ona görə heç fikirləşmirdim ki, necə yazacam. Vecimə deyildi. Ona görə çox yaxşı yazmışdım.Tək tövsiyəm odur ki, heç kim həyəcanlanmasın.