Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 10:32:00
AXC dövründə Bakı Dövlətlə yanaşı, bu universitetlər də yaranacaqdı, amma...-ARAŞDIRMA

 

Bu gün Azərbaycanın ilk ali təhsil ocağı, Cümhuriyyət yadigarı olan Bakı Dövlət Universitetində ilk dərslərin başlanmasından 100 il ötür. 

AzEdu.az təqdim edəcəyi yazıda BDU-nun fonunda AXC hökumətinin təhsil sahəsində gördüyü işlər, ərsəyə gətirdiyi məktəblər barəsində qısaca da olsa məlumat verəcək:

Qeyd edək ki, təqdim olunan materialda “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (I və II cildlər) və Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin Stenoqramlarından istifadə edilib.

Cümhuriyyətin təhsil siyasəti

Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarifi Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin təhsil və mədəni-maarif müəssisələri şəbəkəsinin fəaliyyətinə rəhbərlik edən dövlət orqanı idi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1-3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli idi. N.Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəyə Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin olundu.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maarifləndirilməsinə birinci dərəcəli əhəmiyyət verirdi.

Nazirlik fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrdə xalq maarifinin vəziyyətinin öyrənilməsi və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı. Nazirlik xalq təhsilini sürətlə inkişaf etdirmək məqsədilə islahatlar keçirmək üçün qısa müddət ərzində təkliflər hazırlayıb Hökumətə təqdim edir. Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifələri ləğv olunaraq, məktəb və təhsil işinin idarə olunması XMN-nin və xalq məktəbləri təlimatçılarının sərəncamına verilir.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra - iyunun 30-da Hökumətin qərarı ilə XMN-nə nazirliyin ştat cədvəlini müəyyənləşdirmək və Əsasnaməsini hazırlayıb Hökumətə təqdim etmək tapşırıldı. 1918-ci il avqustun 2-də xalq maarifi naziri tərəfindən hazırlanmış Əsasnamə baxılmaq və təsdiq üçün Hökumətə təqdim olundu.

Əsasnaməyə görə, XMN-nin ştatı nazirdən, nazir müavinindən, naziryanı şuradan, məktəbləri idarə etmək üçün ali və orta təhsil, ixtisas təhsili sahələri üzrə üç şöbədən ibarət təsdiq olundu.

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan Hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu.

Cümhuriyyət təhsili rəqəmlərin gözü ilə

Azərbaycan Cümhuriyyəti Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli, ali, ibtidai və orta tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər.

Xalq maarifi naziri N. Yusifbəyli 1918-ci il dekabrın 31-də Azərbaycan qubernatorlarına göndərdiyi məktubda göstərirdi ki, Azərbaycan Xalq Cümhuriyyətində maarif sahəsində qarşıda çox böyük və çətin vəzifələr durur. Nazirlik yeni məktəblər, müəllim kursları açmaqla, təhsil sahəsində ölkəni mümkün qədər qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün bütün qüvvələri səfərbərliyə aldı. Məktubda qeyd edilirdi ki, indiki zamanda yalnız yüksək maarifə malik olan xalq tərəqqi edə bilər.

Cümhuriyyət Hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.

Müəllimlər seminariyaları istisna olmaqla, 1919 və 1920-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi. Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitlərinə böyük ehtiyac var idi. O dövrdə Azərbaycanda mövcud müəllim kadrları və dərs vəsaiti heç də kifayət qədər deyildi. Vəziyyətdən başlıca çıxış yolu Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaitləri gətirmək, habelə qısamüddətli kurslarda Azərbaycan dilini bilən savadlı şəxslərdən müəllim kadrları hazırlamaq idi. XMN məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə xüsusi komissiya yaratmışdı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. cəlb edilmişdilər.

1919-cu il sentyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarifi Nazirliyinə bir milyon manat vəsait ayrılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xalq maarifi sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən biri də ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi idi. Təkcə 1919-cu ildə Azərbaycanda dövlət hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi. Cümhuriyyət Hökumətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də yaşlıların savadlandırılması idi. Bu məqsədlə 1919-cu il sentyabrın 15-dən Bakı, Gəncə, Şuşa, Nuxa (Şəki), Zaqatala və Qazaxda yaşlılar üçün Azərbaycan dilini öyrədən xüsusi kurslar, 1919-cu ilin noyabrından isə Bakıda azərbaycanlı fəhlələr üçün texniki axşam kursları açıldı. Bu kurslarda 200 nəfərə yaxın azərbaycanlı fəhlə peşə təhsilini artırırdı. Xalq Maarifi Nazirliyi bu kursların işinə yaxından kömək göstərirdi. Azərbaycan Cümhuriyyəti Xalq Maarifi Nazirliyi ölkədə maarifin inkişafi üçün geniş tədbirlər planı hazırlamış, həmin plan Azərbaycan Hökuməti tərəfindən bəyənilmiş və onun həyata keçirilməsinə razılıq verilmişdi. Lakin aprel işğalı (1920) bu planların gerçəkləşdirilməsini yarımçıq qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına mühüm kömək göstərdi.

Həyata keçməyən təhsil arzuları

AXC parlamentinin 121-ci iclasında tədris və maarifin inkişafı üçün bir çox yerlərdə realnı məktəblər açılması təklif edilir. Lakin təhsilin birbaşa içində olan və həyatını buna həsr edən deputatların bir neçə buna qarşı çıxır. Səbəb isə müxtəlifdir. Lakin əsas səbəbi ömrünü bütünlüklə maarifçiliyə həsr edən Sultan Məcid Qənizadə deyir.

Azərbaycan Cümhuriyyəti parlamentinin stenoqramlarına istinadən Sultan Məcidin bu xüsusda ərz etdiyi nitqini diqqətinizə çatdırırıq. Təbii ki, müəllifin dil və üslubuna toxunmadan... Burada təkcə realni məktəblər haqqında danışılmır, eləcə də ADR dövrünün təhsil mənzərəsi açıq-aşkar göstərilir:

“Əlbəttə, mən Göyçayda məktəb açılmasının tərəfdarıyam. Zira bu mədəniyyətdir. Özüm də çox zaman maarif işində işləmişəm. Lazım bilirəm məlum edim ki, Göyçayda açılacaq məktəb ali-ibtidai məktəblərin nüfuzunu azaldacaqdır. Əgər şəhər üçün açılırsa, qoy açılsın. Fəqət, mən yenə təkrar edirəm, orada on beşdən artıq uşaq olmayacaq. Necə ki, Salyanda da elə oldu. Axırı bir şey çıxmadı. Realni məktəbin açılması ali- ibtidailərin bağlanmasına səbəb ola bilər. Onlar da bağlanarsa cəmaət üçün böyük bədbəxtlik üz verə bilər. Ali- ibtidai məktəbin nəfi cəmaət üçün daha artıqdır. Bəs, ziyanı olanda gərək ali-ibtidailərdə olsun. Mən ona görə dedim ki, bununla bir şey çıxmaz, sentyabrdan açarıq. Gələn yıl o yerlərdə, ətraf realni məktəb yoxdur. Şamaxıda da iki-üç yıl ola bilməyəcəkdir. Onların həpsi oraya gələcəkdirlər. Hərçəndi buna riza verə bilmirlər ki, Muxtar əfəndi. Ərəşdən oraya gəlirlər. Mən deyirəm ki, ehtiyac özü gətirir. Ərəşdən də gəlir. Ali-ibtidai məktəb Ərəşdə, Ağdaşda da var. Kürdəmirdə də açılır. Onlardan da gəlirlər. Altmış-yetmiş uşaq yığılıb gəlirlər. Hələlik dayansın, Bakıda da realnidə pansion var idi, bağlandı. Bağlanması lazımdı da. Neçün lazımdı? Bir vaxt var idi, ətrafda, Qarabağda və başqa yerlərdə realni yox idi, həp buraya daxil idi. Onda da pansiyon var idi. Vaxta ki, Qarabağda, Salyanda, Lənkəranda realni açıldı, artıq Bakıda bulunan pansiyon lazım olmadı. Çünki bakılılar uşaqlarını pansiyona vermirlər idi. Kənardan da uşaq gəlmirdi, bir yandan da bahalıq başlandı, ona körə də bağlamaq lazım gəldi. Mən özüm də bağlanmasına səs verdim, çünki lazım deyildi. Amma Göyçayda pansiyon lazımdır. Kənardan gələn uşaqlar oraya girsinlər. Orada bir-iki indigent ailə tapılar ki, uşağını oraya verərlər, 10-15 ailə ançaq ola bilər. Qalanları yığma, o yandan, bu yandan gəlmiş qara adamlardır. Mən uşağımı necə verəyim? Görə-görə haraya aparacaq, mənim balama nasıl tərbiyə verəcəklər? Mən görmüşəm çox yerdə uşaqlar çayçı dükanlarda qalmışlardır. Çayçı dükanında nə öyrənəcəklər? İstibdad vaxtında bizim uşaqlarımıza pansiyon açmağa qoymurdular. İndi, bizim hökumətimizdir, məmləkətimizdir, uşaqlarımız üçün pansiyon açmaq lazımdır. Bir də tək hökumət olmayacaq, o adamlar oğlu üçün pul verəcək, çünki pansiyonda müəllim var, tərbiyə var. Ancaq indi Göyçayda bir ev yoxdur ki, pansiyon və məktəb üçün yarasın. Çünki məktəb və pansiyon üçün hər ev yaramaz; onun gərək klassaları olsun. Məktəb üçün xüsusi ev olsun, xüsusi ev tikmək lazımdır. Məktəbin hər yerdə olmasına biz razı olmadıq. Biz gərək pansiyon və məktəbimiz üçün xüsusi ev tikmək tədarükünə düşək. Bununla belə, para hazırlığına başlamaq 9 min manata qədər xərcimiz var. Dayanmalı, iyulun əvvəlindən başlamalı, müəllimlər dəvət etməlidir. Bu para da qalar Göyçay məktəbi üçün. Mən bu məktəbi boğmaq deyil, istəyirəm ki, vüsətli açılıb yaşasın.

Ondan başqa biz darülfunun açanda hökumətin qərarı bu idi ki, mümkün qədər edadi çox açılsın. Biz gərək hər yerdə orta məktəblər açaq. Əlbəttə, Göyçayda realni məktəbi açılanda, özgə yerlərdə də açılacaqdır. Sabahısı realni Şamaxıda da açılacaqdır. Ora böylə qalmayacaqdır. Müvəqqəti bağlanıbdır. Kürdəmirdə də əşyası var, açılar. Ümid vardır ki, ətrafdakı otuz-qırx məktəb, bir yerə yığılanda klasslar açılar oxuyarlar. Ona görə dediyim budur ki, əvvəl internat olsun. Yoxsa, təəssüf edirəm ki, pessimist (bədbin) olmağa məcburam. Sonra məktəbin binası olsun, xalqvəsət məktəbləri olsun. O yerlərdə ki, bir şey yoxdur, orada mən bir realni məktəb açıram. Realni açmaq üçün əvvəla, ibtidai məktəb olmalıdır. Yoxsa, oraya neredən uşaq gələcəkdir? Birinci klassa 20 uşaq gələrsə, 2-ci klassa keçəndə qalacaq 10 nəfər. Baxıb görəcəksən ki, axırıncı sinifdə 2-3 nəfər qaldı. Buna da ki, heç vaxt razı olmaq olmaz. Həmişə ümid ibtidai məktəblərədir. Kəndlərdə olan ibtidai məktəblərdə oxuyan mütəəllimlər toplayıb 40-50 nəfərə kimi bir kom- plekt hazırlayırlar və ali-ibtidaiyə girirlər. Mənim məlumatıma görə, Göyçay dairəsində 52 ibtidai məktəb var ki, onların şagirdləri qurtarandan sonra ali-ibtidai (məktəb) açmaq lazım gəlir. Bu da Göyçayda və Kürdəmirdə açılacaq. Bunun hamısı ona görə deyil ki, məktəbi istəməyirəm. Biləks, məktəblərin daha da geniş və rövnəqli olmasını arzu edirəm. Deməsinlər ki, məktəb apara bilməyirik. Öylə olmasın ki, istibdad zamanında olan kimi məktəblər yaramaz bir halda qalsın".

AXC parlamentinin  26.02.1920-ci il tarixində  keçirilən 128-ci iclasında məktəb məsələsi gündəmə gəlir. Cümhuriyyət parlamenti  bu dəfə məktəb məsələsini ön plana çəkib. Parlamentin sədr əvəzi Həsən bəy Ağayev özünün nitqində, daha doğrusu, məruzəsində məktəb, təhsil probleminin və onların həll vacibliyini ustalıqla əsaslandırır.

BİLDİRİŞ- “Məsələ gündəlikdə belə adlarla qeyd olunur: "8. Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında onuncu bir maarif müfəttişliyi məmuriyyəti təşkil edilməsi. Məruzəçi Həsən bəy Ağayev; 9. Baş maarif müfəttişliyi vəzifəsi öhdəsinə aid qanun layihəsi". Hər iki məsələ məktəblə bağlıdır. Əvvəlcə, Həsən bəy Ağayevin maarif nəzarəti haqqında məruzəsinin xülasəsi verilir, sonra yenə onun məktəblərlə əlaqədar çıxışı dinlənilir və müzakirə başlanır. Ardıcıllıq olsun və anlaşılsın deyə, həmin hissələri kiçik ixtisarlarla təqdim edirik. 

 Həsən bəy Ağayev - Məruzəçi sifətilə izahat verir:

“Qanun layihəsi maarif nəzarəti tərəfindən tərtib edilmişdir. Məruzəçi uşaq bağçalarının əhəmiyyəti xüsusunda danışmağı fəzlə ədd edir. Uşaq bağçaları uşaqları ibtidai siniflərə hazırlamaq üçün bir vəsilədir. Xırda cocuqları oyun arasında, onları əyləncələr ilə, mahnılar ilə oxumaya hazır edərək hesab elmini dəxi bir taqım oyuncaqlar ilə öyrədirlər. Böyləliklə, cocuqları ibtidai məktəblərə hazırlayırlar. Bu kimi ibtidai tərbiyə görmüş cocuqlar məktəbdə müşkülat çəkməyib asanlıqla oxuyurlar. Maarif nəzarəti bunun əhəmiyyətini nəzərə alaraq birinci milli ünas məktəbi cünbündə sentyabrın birindən böylə bir uşaq bağçası açmışdır. Orada onlara əl işləri, xəmirdən yapma heykəllər, taxta üzərində şəkillər yapdırır və kəsdirirlər, şəkil çəkirlər, nəzəri hesab öyrənirlər. Bunların həpsi üçün maarif  nəzarəti keçən 1919-cu sənə 29 min 330 manat 33 qəpik para sərf etmişdir. İndi layihə təqdim edərək təsdiqim rica edir”.

Natiq bu uşaq bağçasının ştatı və məmurlarının maaşları cədvəlini oxuyur. Əlavə edir ki, bu qanun layihəsim maliyyə-büdcə komissiyonu qəbul etmiş, parlamentdən dəxi təsdiqini rica edir. Qanunun ümumi əsasları üzərində danışmaq istəyən olmadığından ikinci qiraətinə keçilir. Katib qanun layihəsim maddəbəmaddə oxuyur. Sədr tərəfindən səsə qoyularaq qəbul olunur. 3-cü kərə qiraəti gələcək iclasa qalır. Növbədəki 8-ci məsələnin Şuşa, Zəngəzur və Cəbrayıl qəzalan da onuncu bir maarif müfəttişliyi təsisi haqqında qanun layihəsinin müzakirəsinə keçilir. 

 Həsən bəy Ağayev - yenə məruzəçi sifətilə izahat verir: Təqdlm edilən layihənin maarif nəzarəti tərəfindən gəldiyim söyləyir. Qarabağda nə qədər məktəb olduğundan bəhs edir:

“Qarabağ məktəblərinə məxsus olmaq üzrə bir müfəttişlik təsis edilsin. Maarif nəzarəti böylə bir müfəttişliyi lazım görərək bir qanun layihəsi təqdim etmişdir. Qanun layihəsi üç maddədən ibarət- ir. Maliyyə-büdcə komissiyonunda buna baxılaraq qəbul edilmiş və parlamentin dəxi qəbul və təsdiq etməsi aruzu olunur”.