Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 09:59:00
BDU  niyə və necə yarandı?- AzEdu.az-dan  yubiley təbriki

Vasili İvanoviç Razumovski

Yuxarıdakı epiqraf 1919-cu ilin bir şənbə günündə yaranan sevincin söz versiyası idi ki, onu da həmin təhsil ocağının rəhbəri Vasili Razumovski kövrələ-kövrələ səsləndirməkdən çəkinməyib. Çünki Razumovski tək-tük insanlardan idi ki, Azərbaycan təhsil tarixinin məşəli sayılacaq bir universitetin hansı çətinliklərlə, maneələrlə döyüşlərdən sonra yarandığını bilirdi.

“Həqiqətən də biz yoxdan bir bayraq var etdik”. Məmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması haqqında danışarkən səsləndirdiyi fikir dövlətin çox qısa, 23 aylıq ömrü  müddətində onu var edən ziyalı kəsiminin yaddaşından silinmədi. Onlar anlayırdılar ki, yeni yaranan və dayaq nöqtəsi olmayan gənc dövləti saxlamaq üçün əsas meyarlar elm və mədəniyyətdir. Yalnız bu iki məfhumun formalaşdırdığı düşüncəli insan, ziyalı qrupu sonradan dövlətin əsas təhlükəsizlik qarantı olacaq. Fakt olaraq o da məlum idi ki, bu dövləti quranların hamısıRusiya və Avropanın ayrı –ayrı universitetlərində təhsil alıb. Odur ki, yeni qüvvələr yerli ocaqda yetişməli idi. Beləliklə zaman özü Bakı dövlət Universitetini yaratmağa meyilli idi.  AXC özünün İyirmi üç aylıq fəaliyyətinin  on ayı ərzində gərgin mübahisə və müzakirələrdən sonra bəlkə də ən böyük arzusu – müstəqil dövlətin müstəqil ali təhsil ocağını – Bakı Dövlət Universitetini yaratmağa nail oldu. Bu o qədər vacib bir hadisə idi ki, zaman-zaman həm rus, həm erməni qüvvələri onun yaranmasına maneə törətmişdilər. Çünki onlar da yeni təfəkkür qoşunun yaranmasını və onlara qarşı ziya silahı ilə vuruşmalarını istəmirdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə,  Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Razumovski, eləcə də  başqalarının səyi nəticəsində axır ki, XX əsrin  Şərqi üçün bir elm məşəli  – Bakı Dövlət Universiteti yarandı.

 Tarix , yaxud  böyük yanğınlar qığılcımdan yaranır

1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ilk universitetin açılması haqqında qanun qəbul etdi. “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Qanunun onuncu maddəsində, Bakı şəhərində Dövlət Universitetinin  1919-cu il sentyabrın 1-dən açılması qeyd olunurdu.

Sultan Məcid Qənizadənin sədrliyi, Əhməd Cövdət Pepinovun katibliyi ilə keçirilən parlament iclasında 1919-20-ci tədris ilində 100 nəfər tələbənin xarici ali məktəblərə göndərilməsi haqqında da iki maddədən ibarət qərar qəbul edilir. Orada göstərilirdi ki, 1919-20-ci tədris ilində 100 nəfər abituriyent və tələbənin xarici ali məktəblərə göndərilməsi üçün dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına yeddi milyon manat, Avropaya gedənlərin hər birinə hər ay dörd yüz frank və yol xərci üçün min frank, Rusiyaya gedənlərin hər biri üçün isə hər ay üç min manat və yol xərci üçün üç min manat təyin edilir. Qərarda vurğulanırdı ki, dövlət təqaüdündən istifadə edən tələbələr təhsillərini bitirdikdən sonra hökumətin göstərdiyi yerlərdə dörd il müddətində qulluq etməyə borcludurlar. Qanuna görə, tələbələr xaricə göndərilərkən aşağıdakı şərtlər də nəzərə alınmalı idi: “1. Tələbənin məişət və güzəranını təmin üçün onların üzərinə nəzarət olunsun. 2. Gedənlərin bir qismi riyaziyyat, ədəbiyyat və digər qismi isə təbiət fakültələrinə girməlidirlər”. O dövrün iqtisadi çətinliklərinə baxmayaraq, qanunverici orqan universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinə də xüsusi önəm vermişdir. Bununla bağlı qanunun VI maddəsində göstərilirdi ki, 1919-20-ci tədris ilində universitetin təşkili, sahmana salınması və avadanlıqla təchiz edilməsi üçün dövlət xəzinəsi vəsaitindən birdəfəlik olaraq 5 milyon manat buraxılsın. Qanunun VII maddəsində isə universitetin bütün saxlanma xərcləri üçün 1919-20-ci tədris ilində 10 milyon 857 min 500 manat vəsait ayrılması nəzərdə tutulurdu.” 

Sonradan Azərbaycan tarixi hansı məşəqqətlərlə üzləşdisə Bakı Dövlət Universiteti da paralel olaraq həmin çətinlikləri yaşamalı oldu. Hətta 1930-cu ildə fəaliyyəti dayandırılan universitet sonradan yenidən öz məşəl funksiyasını davam etdirdi. 1937-ci illərin qanlı repressiyaları universitetdən də yan keçmədi. 1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin Universitetin rektoru olmuş xalqımızın 4 görkəmli ziyalısı (Tağı Şahbazi, Maqsud Məm­mədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov) ən ağır cəzaya – güllələnməyə məhkum edildi. 

Hazırkı Bakı Dövlət, yaxud böyük alovlar kiçik bir qığılcımın törəməsidir

Bu gün Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin flaqmanı funksiyasını yerinə yetirir. Vaxtilə Bakı Dövlət Universitetinin  ayrı-ayrı fakültələrindən yaranan müstəqil universitetlər reytinqində öz ana məbədlərinə çatmaqda çətinlik çəkirlər. Uzun müddətdir ki, dünya universitetlərinin beynəlxalq reytinq cədvəlində Bakı Dövlət Universiteti Azərbaycan universitetləri arasında ön cərgədə yer alır.

Universitetin göstəricilərindən biri də onun Azərbaycan tarixi üçün dəyərli kadrlar yetirməsidir. Ulu Öndər Heydər Əliyevin adını çəkmək kifayətdir ki, bu universitetin Azərbaycan tarixi üçün nə qədər önəmli kadrlar yetirdiyini əsaslandıraq. Heydər Əliyevin “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” ifadəsi universitetin dəyər göstəricisinə çevrilib.

Cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetin bu gün 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. Bolonya təhsil sisteminə qoşulmuş universitetdə kompyuter texnologiyasının tətbiqi sahəsində böyük işlər görülüb. İnformasiya Texnologiyaları Mərkəzi, bütün fakültələrdə isə hər birində onlarla kompüter olmaqla, 20 elmi-tədqiqat sinfi yaradılıb və müəllimlərlə təmin edilib.

Son illər ərzində BDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, universitet şəhərciyinin və tədris korpuslarının abadlaşdırılması, tədrisin texniki vasitələrlə təchiz edilməsi, elmin son nailiyyətlərinin təcrübəyə tətbiqi, yeni cihazların alınması sahəsində böyük işlər görülür.

Universitetin son zamanlar hərtərəfli inkişafında ölkə başçısı İlham Əliyevin də müstəsna xidmətləri var. Prezidentin sərəncamından sonra təhsil ocağının yeni korpuslarının açılması və universitetin yubileyin keçirilməsi prioritet məsələyə çevrilib.

Yunus Əmrə İnstitutu

Bakı Dövlət Universitetinin elmi uğurları haqqında çox danışmaq olar. Amma mövzunu iki məsələ üzərində konkretləşdirmək daha məqsədəuyğun olardı. Belə ki, son zamanlar BDU-da yaranan elmi tədqiqat institutları həqiqətən də Azərbaycan düşüncəsi üçün önəmli hadisələrdən oldu. Bunlardan biri də Yunus Əmrə İnstitutu, digəri isə  Konfutsi İnstitutudur.

Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində adıçəkilən İnstitutla Bakı Dövlət Universiteti arasında imzalanmış 13 sentyabr 2012-ci il tarixli müqavilə ilə açılıb.

Yunus Əmrə İnstitutu Yunus Əmrə Fonduna bağlıdır. Bu Fond Türkiyəni, türk dilini, tarixini, mədəniyyətini və sənətini tanıtmaq, bu istiqamətdə təhsil almaq istəyənlərə ölkə xaricində xidmət göstərmək, Türkiyənin digər ölkələr ilə mədəni əlaqələrini artırıb dostluğunu inkişaf etdirmək məqsədiylə 05 may 2007-ci il tarixli və 5653 saylı qanuna əsasən fəaliyyət göstərən bir qurumdur. 

Yunus Əmrə İnstitutu qanunun məqsədlərini reallaşdırmaq üçün təhsil və tədris fəaliyyətləri ilə yanaşı, elmi tədqiqat və tətbiqlərini icra etməkdədir. İnstitut türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha yaxşı təbliği və öyrədilməsi məqsədi ilə tədqiqatlar aparmaq, fərqli təşkilatlarla əməkdaşlıq edərək elmi işləri dəstəkləmək və əldə edilən nəticələri müxtəlif qəzet və jurnallar vasitəsilə ictimaiyyətə çatdırmaq məqsədinə nail olmaq üçün müxtəlif fəaliyyətlərə imza atır.

Yunus Əmrə İnstitutu habelə türk dili, tarixi, mədəniyyəti və musuqisi sahəsində bacarıqlı alim və tədqiqatçıların yetişməsinə kömək etməyi, sertifikat proqramları ilə təhsil və tədris işlərini reallaşdırmağı əsas hədəf kimi götürür.

Həmçinin hər il başda Bakı Dövlət Universiteti olmaqla Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Türkdilli Birliklər Nazirliyi ilə birlikdə Türk dili Yay Məktəbləri çərçivəsində Azərbaycandan Türkiyəyə tələbə göndərir. Bu layihə çərçivəsində tələbələr Türkiyədə davamlı olaraq türk dili kurslarına qatılmaq imkanı əldə edir və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən mədəniyyət gəzintilərində iştirak edirlər. Proqram ödənişsizdir, proqrama qatılan tələbələrə 250 dollar təqaüd verilir.

Universitetin 1 saylı tədris binasında yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən təmin edilib.

Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru  Əli Curadır.     

Konfutsi İnstitutu

İnstitut 2011-ci ilin aprel ayında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin əsasında yaradılan – Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzidir. İnstitutun yaradılmasının təşəbbüsçüsü  Çin höküməti  nəzdində Çin dilinin yayılması üzrə dəftərxana nümayəndələri olub. İş partnyoru isə BDU ilə möhkəm iş əlaqəsi olan ÇXR-in ən tanınmış Universitetlərindən biri Anxoy Universitetidir.  Artıq iki Universitet arasında “Təhsil əməkdaşlığı  haqqında  memorandum” və “BDU ilə Anxoy Universiteti arasında BDU nəzdində Konfutsi  İnstitutunun yaradılmaslı haqda saziş ” imzalanıb.