Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 17:33:00
Direktorlara da H1 və H2 tətbiq olunmalıdır?- “Bəzilərinə ev də tikilməlidir”-Polemika

Ölkənin ucqar ərazilərindəki məktəblərdə kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə burada işləyən müəllimlər üçün həvəsləndirmə tədbirləri nəzərdə tutulub.

Qeyd:

Həvəsləndirmə tədbirləri rayon mərkəzindən 3 km-dən artıq məsafədə yerləşən kənd məktəblərində tətbiq edilir. Onların 2 istiqaməti var:H1 və H2.

H1-rayon mərkəzindən 3 km-dən 20 km-ə, H2 isə  20 km-dən artıq məsafədə yerləşən kənd məktəbləri üçün nəzərdə tutulub. Müəllim MİQ müsabiqəsində iştirak edib H1 və ya H2 tətbiq olunan hər hansı məktəbə müddətsiz müqavilə əsasında işə qəbul olunub və  yaşı 35-dən çox deyilsə, seçdiyi vakant yerdə tətbiq olunan həvəsləndirmədən asılı olaraq hər ay əmək haqqına H1-60 manat, H2-160 manat əlavə olunur.

Bəs, ucqar ərazilərə təyinat alan direktorlar necə? Uzaq yol qət edərək məktəbdə vəzifəsinin ödəsindən gəlməyə çalışan direktorlar nə kimi tədbirlərlə həvəsləndirilmələrini istərdilər?

“Həvəsləndirmə tədbirləri direktorların  ictimai işlərə cəlbinə də kömək etsin”

Ağstafa rayon 1 nömrəli tam orta məktəbin direktoru Elvin İmaməliyev şəhər məktəbinə təyinat alsa da, hər gün yaşadığı kənddən məktəbə gəlib vəzifəsini reallaşdırmaq üçün xeyli məsafə qət etməli olur.

Mövzu ilə bağlı AzEdu.az-a danışan Elvin müəllimin dediyinə görə, yaşadığı kəndlə məktəb arasında 10 kilometrə yaxın  məsafə var və hər gün bu yolu gedib qayıtmalı olur:

“Bəzi namizədlər müəyyən keyfiyyətlərinə görə ucqar dağ kəndlərindəki məktəblərə təyinat alırlar. Fikrimcə, həvəsləndirmənin tətbiqi onlara daha çox stimul verər.

Direktorlar xeyli iclas və tədbirlərdə iştirak edir, bütün günü məktəbdə oturmurlar. Şəxsən mən bir direktor kimi bunu öz əməkhaqqım hesabına qarşılayıram. Amma  həvərləndirmə tətbiq olunsa, direktorlar daha stimullaşar və belə tədbirlərdən geri qalmazlar. Bunun əvəzində öz maliyyələri hesabına məktəbdə müxtəlif intellektual oyun təşkil edə, şagirdləri ekskursiyaya apara bilərlər. Demirəm ki, direktor həmin pulu özü üçün xərcləsin. Xeyr! Sadəcə, bu həvəsləndirmə tədbirləri direktorların  ictimai işlərə cəlbinə də kömək etsin”.

“Yaşayış şəraiti çətin olan direktorlar və ailəsinin məskunlaşması üçün ev tikilsin”

Elvin müəllim direktor namizədlər üçün həvəsləndirmə tədbirlərinin müxtəlif formalarını təklif edib:

“Bundan əlavə, yaşayış şəraiti çətin olan direktorlar və ailəsinin məskunlaşması üçün ev tikilməsi, onlara torpaq sahəsinin ayrılması kimi tədbirlər də görülə bilər”.

“Rəhbərin həvəsləndirilməyə ehtiyacı yoxdur”

Kəlbəcər rayon 23 saylı tam orta məktəbin rəhbəri Həqiqət Şükürovanın fikrincə isə direktorlar üçün hər hansı həvəsləndirməyə gərək yoxdur:

“Direktor məktəbin rəhbəridir və Təhsil Nazirinin əmri ilə təyin olunubsa, nazirliyin verdiyi bütün qərarlara hörmətlə yanaşmalıdır.

Yaşı 35-ə qədər olan müəllimlərin il boyu çəkəcəyi əziyyətlər nəzərə alınaraq  onlara müəyyən həvəsləndirmələr tətbiq olunur. Direktor isə vəzifəni öhdəsində götürürsə, bunlarla razılaşmış olur. Onlar üçün həvəsləndirmənin tətbiqini düzgün hesab etmirəm. Direktor məktəbin bütün ağırlığını çəkməli, onun öhdəsindən gəlməlidir. Rəhbərin həvəsləndirilməyə ehtiyacı yoxdur.

Üstəlik məktəb seçimi mərhələsində bu kimi məsələlərin hər biri direktor namizədlə razılaşdırılır. Namizəd öncədən bilir ki, hansı məktəbi götürür, onunla arasındakı məsafə nə qədərdir. Seçim üçün 4-5 məktəb qoyulur və namizədin fikri soruşulur. Məsələn, mənə Gəncədəki ən böyük məktəblərdən birinə təyinat təklif olundu. Ailə vəziyyətim, Bakıda yaşamağım barədə məlumat verdim. Dediklərimi çox müsbət qarşılayıb məni elə işlədiyim məktəbə qəbul etdilər. Yəni, öncədən razılıq verdiyinə görə, işə gəlmək məsafə qət etmək, uzaq ərazidə yerləşən məktəbdə dərs demək və s – hər biri namizədin öz istəyi ilə baş verir”.

“Həvəsləndirmə tədbirlərinin mənim üçün heç bir əhəmiyyəti yoxdur”

Gənc direktor onu da əlavə edib ki,  bu, çox uzaq məsafədə olan məktəblərdə müəllim çatışmazlığını aradan qaldırmaq üçün atılmış addımdır:

“Direktor isə kollektivin içindən seçilir və ya göstəricilərə əsasən təyin edilir. Belə başa düşürəm ki, həvəsləndirmə tətbiq edilsə, daha yaxşı olar. Amma olmasa da, onsuz da, biz işimizi sevirik. Direktor işini sevir, ona maddiyyat kimi baxmırsa, məktəbi irəli gedəcək. Şəxsən mən məktəbə maddiyyat gözü ilə baxmıram. Ona görə də həvəsləndirmə tədbirlərinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Əsas olan işim, məktəbi ön sıralara çəkməyimdir”.

"Yüksək və zəif nəticəli direktorların əmək haqları fərqləndirilməsi rəqabətə səbəb olar"

Yardımlı rayonu Dəlləkli kənd ümumi orta məktəbinin direktoru Zaur Abbasov isə bildirib ki, 46 yaşı olduğuna görə, həvəsləndirmə tədbirləri tətbiq edilsə də, bu, ona aid olmayacaq:

"Amma 35 yaşı tamam olmamış direktorlara H1 və ya H2-nin  tətbiq edilməsi, əlbəttə, müsbət addım olar.
Qarşıdan gələn sertifikasiyada  direktorların təhsil sahəsindəki hüquqi normativ sənədlər, əmək qanunvericiliyi ilə bağlı bilikləri və idarəetmə bacarıqları müəyyənləşməsi, məktəbin reytinqini aydınlaşdırmaqla yüksək və zəif nəticəli direktorların əmək haqları fərqləndirilməsi rəqabətə səbəb olar.

Məktəbin idarə olunması dövlət-ictimai xarakter daşıyır. Məktəbin yerləşdiyi ərazidə olan yerli icmanın rəyi nəzərə alınsa, məktəbi valideynlərin üzünə bağlayan,ictimai rəydən çəkinən bəzi rəhbərlər də üzə çıxacaq. Artıq təhsilə baxış dəyişib, islahatlar gedir. Məktəbi köhnə təfəkkürlə idarə edənlər süzgəcdən keçməlidirlər.
Bu sahədə son vaxtlar çox işlər görülür. Amma təəssüf ki, müasir biliklərə,idarəetmə qabiliyyətinə, IKT biliklərinə sahib olmayan direktorlar az da olsa var. Bunlarla təhsili irəli aparmaq çətindir".

"Heç olmasa yol xərci qarşılansa, yaxşı olardı"

 Füzuli rayonu 7 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova da məktəb rəhbərləri üçün həvəsləndirmə tədbirlərinin tətbiq edilməsinin tərəfdarıdır:

"Məsələn, mən Sumqayıtda yerləşən Füzuli rayon məcburi köçkün -məktəbinin direktoruyam. Təhsil şöbəsi Füzuli rayonu Horadiz şəhərində yerləşir. Nümayəndəlik isə Bakıdadır. Təsəvvür edin, təhsil şöbəsindəki hər hansı is üçün Bakıya gedib - gəlirik. Bu, həftədə ən azı 2 dəfə olur

Hələ rayona gedib gəlməyi demirəm. 300 kilometrlik məsafədir. Bir dəfə gedib - gəlmək ən azı 50 mananata başa gəlir. Heç olmasa yol xərci qarşılansa, yaxşı olardı".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları