Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 15:56:00
Bağçalara ciddi ehtiyac duyulan Şəki – Zaqatala iqtisadi rayonu – Say artmalıdır

Ölkəmizin Şəki – Zaqatala iqtisadi rayonunda ən az məktəbəqədər təhsil müəssisəsi Oğuz qeydə alınıb. Burada 18 məktəbəqədər müəssisə mövcuddur.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuədə qeyd olunan göstəricilərə əsasən, Şəki-Zaqatala iqtisadi rayonunda ən çox uşaq bağçası Şəkidə fəaliyyət göstərir. Burada 61 məktəbəqədər təhsil müəssisəsi qeydə alınıb. Müəssisələrdə ümumilikdə 2673 azyaşlı təhsil alır.

Məktəbəqədər təhsil müəssisələrinin say çoxluğuna görə ikinci yerdə 42 müəssisə ilə Zaqatala rayonu gəlir. Buranın məktəbəqədər təhsil müəssisələrində isə 2708 uşaq təhsil almaqdadır.

Qaxda 36, Balakəndə 25, Qəbələdə 23 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Onlarda uyğun olaraq 1850, 1370, 820 şagird təhsil alır.

Bu Şimal – Qərb regionunda ən az  bağça isə Oğuzda qeydə alınıb. Orada 18 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil alan azyaşlıların sayı isə 935-dir.

Şimal - Qərb bölgəsindəki məktəbəqədər təhsil müəssisələrində ən az sıxlıq isə Qax rayonunda müşahidə edilir. Buradakı məktəbəqədər müəssisələrdə 100 yerə düşən uşaqların sayı 88-dirsə, bölgənin əksər rayonlarında bu say 100-dür.

Ən çox sıxlıq Zaqatala bağçalarında müşahidə edilir. Burada bağçadakı 100 yerə 110 azyaşlı düşür.

Qeyd edək ki, AzEdu.az Azərbaycanın ayrı – ayrı bölgələrindəki məktəbəqədər təhsil müəssisələri, onların sayı və vəziyyəti ilə bağlı yazıları mütəmadi davam etdirəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları