Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 15:16:00
Əcnəbi tələbələrə xüsusi yardımlar edən ölkələr – Pulsuz xaricdə təhsil

Xaricdə təhsil almaq gənclərimizin arzusudur.  Amma təəssüf ki, bir çox gənclərimizdə xaricdə təhsil istəyi arzu olaraq da qalır. Bunun səbəblərindən  biri də odur ki, xarici universitetlərdə  təhsil haqqı olduqca yüksəkdir.

AzEdu.az  növbəti yazısında xaricdə pulsuz təhsil almaq istəyənlər üçün xarici universitetlərin təklif etdiyi təqaüd proqramlarını təqdim edir:

Finlandiya ali təhsil müəssisələri universitetlərə və politexnik təhsil ocaqlarına bölünür. Universitetlərdə əsas diqqət elmi tədqiqatlara ayrılır və tələbələrə hərtərəfli nəzəri biliklər verilir. Politexnik profilli təhsil müəssisələrində isə, əsasən, praktiki bacarıqlar xüsusi əhəmiyyət kəsb edir. Belə ali məktəblər bəzi hallarda tədqiqat məsələlərini gündəmə gətirsə də, əsasən sənayenin inkişaf layihələri ilə məşğul olur. Politexnik profilli təhsil müəssisələri, əsasən bələdiyyələr, bəzi hallarda isə özəl qurumlar tərəfindən idarə olunur.

Finlandiyanın bütün universitetlərində bakalavr dərəcəsi üzrə təhsil müddəti təxminən 3-4 ildir. Proqramdan asılı olaraq, bu pillədə ali təhsil tamamlana bilər. Lakin bəzi hallarda bu pillə magistratura pilləsi üçün aralıq mərhələ hesab edilir.

Finlandiyada tələbələrə bir sıra maliyyə yardımları da verilir. Belə yardımlar tələbənin təhsilində davamlı geriləmələr və müvəffəqiyyətsizlik olduqda ləğv edilə bilər. Yardımın miqdarı, adətən, o qədər də çox olmur. Buna görə də tələbələrin əksər hissəsi özlərini maliyyələşdirmək üçün işləyirlər. Finlandiyada tələbələr həmçinin dövlət təminatlı tələbə borclarından da yararlana bilərlər. Bu ölkədə təqaüdlə təhsil almaq istəyən əcnəbilər Helsinki Universitetinə müraciət edə bilərlər. Təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://www.helsinki.fi/en/admissions/scholarship-programme?

Əcnəbi tələbələr üçün sərfəli imkan yaradan ölkələrdən biri də İtaliyadır. Dünyada rəqabətə davamlı, keyfiyyətli və yüksək səviyyədə ixtisaslaşmış ali təhsil məkanı kimi tanınan İtaliya universitetlərinin 70 faizi dövlət statusundadır. İtaliyada bakalavr səviyyəsi üzrə oxumaq istəyənlər 12  illik təhsil sənədi təqdim etməlidirlər. Yəni 11 illik orta məktəb və 1 illik kollec, bakalavr səviyyəsi üzrə oxuyanlar İtaliyaya bakalavr təhsili üçün müraciət edə bilər. İtaliyanın “Ca’ Foscari” Universiteti əncəbi tələbələr üçün sərfəli imkan yaradıb. Bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər “Ca’ Foscari” Universitetinə müraciət edə bilərlər. Təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://apply.unive.it/?fbclid=IwAR1YaQtFjkkWebF-5VgXspp7i-3yydcQi0tPKcEvoHFDydD8rdAaP-fThRo

Rusiya universitetlərində təhsil alan əcnəbilərin sayı durmadan artır. Hazırda Rusiya ali təhsil müəssisələrində  80 mindən artıq əcnəbi tələbə təhsil alır. Bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər aşağıda göstərilən linkə daxil olaraq, ətraflı məlumata sahib ola  bilərlər:

https://od.globaluni.ru/en/?fbclid=IwAR0YRFC8WrdrHNPby8PaQSXbn7_qsWGkCI0Sk71gCejdsrVrcIpVNZOGLgk

Gənclər üçün təhsil imkanı yaradan ölkələrdən biri də İsveçdir. Bu gün yüksək inkişaf etmiş dünya təhsil məkanında İsveç ali təhsil müəssisələri mühüm rol oynayır. Avropanın hüdudlarından kənarda yerləşən ölkələrdən (üçüncü ölkə) gələn tələbələrin İsveçdə təhsil almaq marağı son illər daha da artıb. İsveç hazırda Avropa İttifaqı ölkələrindən gələn tələbələri pulsuz ali təhsil imkanları ilə təmin edən azsaylı ölkələrdən biridir. Avropa İttifaqı hüdudlarından kənarda yerləşən ölkələrdən gələn tələbələr üçün təhsil haqları bakalavr və magistratura pillələri üzrə ayrılıqda müəyyən olunur. Ancaq İsveçdə yaşayış icazəsi olan üçüncü ölkə vətəndaşları da pulsuz ali təhsil almaq hüququna malikdir. Doktorantura pilləsi üzrə isə istənilən ölkənin vətəndaşları pulsuz təhsil ala bilərlər.

Əcnəbi tələbələrin daha çox olması İsveçdə ali təhsil sisteminin əlavə üstünlüyü kimi qəbul edilir. Hesab olunur ki, əcnəbi tələbələr ali təhsil müəssisələrində beynəlmiləl mühitin formalaşmasını və mədəni müxtəlifliyi gücləndirir. Bu ölkədə təqaüdlə təhsil almaq istəyənlər “Visby” təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://si.se/en/apply/scholarships/visby-programme-masters/?fbclid

Günel Yaşarqızı
Müəllifin digər yazıları