Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 10:53:00
UNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Bu gün ali təhsilin beynəlmiləlləşməsi qlobalizasiyanın yaratdığı çağırış və ehtiyaclara cavab verir. Milli və ya beynəlxalq səviyyələrdə universitetlərin yeri, eləcə də onların beynəlmiləlləşməsi dərəcəsi təhsilin keyfiyyətində ən vacib amillərdəndir. Beynəlmiləlləşmə təhsilin keyfiyyətini artırır və bənzərsiz səlahiyyətlərə yiyələnmək üçün daha geniş imkanlar açır.

AzEdu.az xəbər verir ki, bu sözləri UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində keçirilən təhsil nazirlərinin iclasında nazir Ceyhun Bayramov söyləyib.

“Qürur hissi ilə bildirirəm ki, Azərbaycan dövlət başçısının təsdiqlədiyi “Azərbaycan respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsasında təhsil sahəsində islahatların hazırlanması, həyata keçirilməsi üçün mühüm addımlar atılır. Bu təməl sənəd təhsil sistemimizə, onun çatışmazlıqları və zəif cəhətlərinə tənqidi baxışın nəticəsidir”, - deyə nazir diqqətə çatdırıb.

Bildirib ki, ölkəmizdə ali təhsil sisteminin beynəlmiləlləşməsinin gücləndirilməsi istiqamətində səylər artırılıb. Vurğulayıb ki, universitetlərin beynəlmiləlləşməsində əsas uğur “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiqlənməsidir.

Nazir Azərbaycan təhsil sisteminin qlobal təhsil sisteminə inteqrasiyasından söz açıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, bu proqram çərçivəsində xaricdə təhsil almış azərbaycanlı tələbələrdən danışıb. Ölkəmizdə bir sıra ali təhsil müəssisələrinin tələbə mübadiləsi, eləcə də ikili diplom proqramlarından bəhrələndiyini qeyd edib.

O, Azərbaycan Fransız Universiteti (UFAZ), onun Strasburq Universiteti ilə əməkdaşlığından bəhs edib. İkili diplom proqramlarının universitetlərarası əlaqələrin təkmilləşməsinə töhfə verdiyini vurğulayıb. Ölkəmizdə 10 universitetin ikili diplom proqramının tətbiq edildiyi diqqətə çatdırılıb.

C.Bayramov Azərbaycan universitetlərinin Erasmus Mundus layihələrindəki iştirakına toxunub. Bu layihə çərçivəsində 2015-2019-cu illərdə 1600 azərbaycanlı tələbənin peşə təhsilinin səmərəliliyini təmin etmək üçün yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi, onun məqsədləri və beynəlxalq əməkdaşlığı haqqında məlumat verib.

Diqqətə çatdırıb ki, ölkəmizdə təhsil sahəsində görülən bütün tədbirlər öz müsbət nəticələrini verməkdədir. Dünya İqtisadi Forumunun yaydığı “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatında Azərbaycan ötənilki göstərici ilə müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutub. Təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən “Bacarıqlar” (“Skills”) kateqoriyası üzrə Azərbaycan bu il 6 pillə irəliləyərək 48-ci yerdə qərarlaşıb.