Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 16:09:00
Zoologiya İnstitutunda bu il 40 elmi-tədqiqat işi yerinə yetirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin iştirakı ilə institutun 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan illik hesabat iclası keçirilib.

Zoologiya İnstitutundan AzEdu.az-a bildirilib ki, iclasda AMEA-nın vitse-prezidenti, biologiya üzrə elmlər doktoru, akademik İradə Hüseynova, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibin müavini, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov və bölmənin elmi katibi biologiya üzrə fəlsəfə doktoru Afiq Məmmədov iştirak ediblər.

İnstitutun direktoru, dosent Elman Yusifov aparılmış elmi-tədqiqat işləri və nəticələr haqqında ətraflı məlumat verib. O bildirib ki, institutda “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi və məlumat bazalarının yaradılması” istiqaməti üzrə 3 problem, 10 mövzuya aid 40 elmi-tədqiqat işi yerinə yetirilib. İnstitut əməkdaşları tərəfindən Cənubi Qafqaz faunası, eyni zamanda, elm üçün yeni olan ilan növünün təsviri verilib və tədqiqatın nəticələri “Web of Science” və “Scopus” bazasında olan “Peer” jurnalında dərc edilib. 5 nadir məməli növünün - nəcib maral, Qafqaz köpgəri, bezoar keçisi, Asiya muflonu, qonur ayının yaşayış yerləri modelləşdirilib və GİS xəritələri hazırlanıb.

Hesabat ilində institut əməkdaşları tərəfindən 63 məqalə, 40 tezis, 1 dərs vəsaiti (xaricdə), 3 monoqrafiya (1-i xaricdə), 2 kitabça çap olunub. Onlardan 49 məqalə və 31 tezis xarici jurnallarda dərc edilib, əməkdaşların elmi əsərlərinə 32 istinad olunub. Cari ildə “Azərbaycan faunasının taksonomik spektrinin (onurğalılar)” hazırlanması üçün 130 növ balığın, 11 növ amfibinin, 62 növ sürünənin, 405 növ quşun, 115 növ məməlinin inventarizasiyası aparılıb, bəzi növlərin adına yenidən baxılaraq onların elektron və çap variantı hazırlanıb, baxılması üçün Terminologiya Komissiyasına göndərilib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrə yekun vuran professor Nuru Bayramov institutun fəaliyyətini müsbət qiymətləndirib.