Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 13:47:00
Təhsilimizin ən böyük problemi –Bilmədiyimiz təhlükə ilə mübarizə yolları

Uzun müddət müşahidə edilən təcrübə göstərir ki, qadınlar pedaqoji istiqamətlərə, oğlanlar isə daha çox texniki sahələrə meyl edirlər.

Bunun  müxtəlif səbəbləri var: Dünya ölkələrinin statistik göstəricilərindən aydın olur ki, iqtisadi cəhətdən zəif, maaşı az olan ölkələrin təhsil müəssisələrində kişilər az maaşa qane olmadığına görə bəzi istiqamətlərdə qadın əməyinə üstünlük verilib.

Bəs Azərbaycanda bu balans necə pozulub, yaxud, onu bərpa etməyin əsas yolları hansılardır? 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Oruclu təhsildə qadın-kişi balansının pozulmasını və onun qadınların xeyrinə dəyişməsini zərərli tendensiya adlandırıb: 

“Təkcə orta məktəblərdə deyil, eyni zamanda da ali təhsil müəssisələrində də çox zərərli bir tendensiya yaranıb: qadınlar sayca çox üstündürlər. Fikrimcə, bu balansın qadınların xeyrinə dəyişməsi çox zərərli haldır.  Balans pozulmasını, oğlanların təhsildən uzaqlaşmasını təxminən, 1987-1988-ci illərdən sonra müşahidə etdik. 

Çünki Azərbaycan cəmiyyətində kişinin missiyası daha böyükdür.  Bir ailənin qazancının təmin olunmasında başlıca pay onun üzərinə düşür. “Yenidənqurma” dalğası başlayandan sonra  kişilər üçün iş imkanları artdı: kiçik müəssisələr, zavodlar açıldı. Hətta tanıdığım nisbətən yaşlı müəllimlər də özlərini alternativ sahələrdə sınamaqla ailənin yükünü öhdəsinə götürdülər. Həmin illərdə qısa bir dövr olsa da, müəllim nüfuzunun aşağı düşməsinə, maaşların cüzi, formal bir məbləğ olmasına gətirib çıxardı. Bu baxımdan  kişilər pedaqoji sahələrdən, təhsildən uzaqlaşdılar. Balans qadınların xeyrinə dəyişdi”.

O qeyd edib ki, “müəllimlik” deyəndə ilk növbədə qadınlar yada düşür.  Cəmiyyətin əksər üzvləri müəllimliyi qadın peşəsi kimi qəbul edirlər:

“Təəssüf ki, cəmiyyətdə hələ də xoşagəlməz fikir var:  “müəllimlik” deyəndə ağıla qadın peşəsi gəlir. Əslində,  heç də belə deyil. Bir məsələni də diqqətə çatdırım ki, nəinki təhsil müəssisələrində,  artıq elmi istiqamətlərdə də balans kifayət qədər qadınların xeyrinə dəyişməkdədir.  Bizim  Şərq ölkəsi olmağımıza, qadınlara gec sərbəstlik verilməsinə baxmayaraq elm sahəsində  olan qadınların sayı Avropa ölkələrindən dəfələrlə çoxdur. Bu hər zaman sual doğurur ki, nəyə görə Azərbaycanda bu balans kəskin şəkildə pozulur.  Bunun ən əsas səbəbi maaş məsələsidir.

 Kişilər daha çox qazanclı sahələrə üz tuturlar.  Ağır da olsa, arzu eləməsələr də digər qazanclı  ixtisaslara üstünlük verirlər. Amma son dövrlərdə oğlanların elmə gəlməsində bir meyl müşahidə edilir. Fikirləşirəm ki,  bu gün bizim zərərli adlandırdığımız təhsildə qadın-kişi  balansının pozulması məsələsi 10-15 ilə həll olacaq. Həqiqi balans cəmiyyətdə formalaşacaq”.

Mövzu ilə bağlı açıqlamasında millət vəkili Sona Əliyeva  bildirib ki, müəllimlik qadınlar üçün ən ideal peşədir:

“Müəllimlik peşəsi qadınlar arasında daha populyardır. Çünki onlar üçün ən ideal iş qrafiki və maaşı yaxşı olan peşələrdən hesab olunur. Son illərdə ali təhsil alanların çoxu xanımlar olduğuna görə bu peşəni seçənlərin də say artımı müşahidə olunur”.

O bildirib ki, müstəqillik illərinin ilk dövründə müəllim maaşının aşağı olması bir növ oğlanları bu peşədən uzaqlaşdırıb:

“Müstəqillik dövründə ölkənin iqtisadi vəziyyətinə görə müəllimlərin maaşı aşağı idi, həm  də elə olurdu ki, aylarla maaş verilmirdi.  Ona görə də kişilər kütləvi şəkildə müəllimlik peşəsindən, pedaqoji fəaliyyətdən uzaqlaşdılar. Hesab edirəm ki, indi o balans yavaş-yavaş bərpa olunur”.

“İlin gənc müəllimi-2019” müsabiqəsində 3-cü yerin qalibi Elvin Bəkirov qadın-kişi balansının pozulmasının əsas səbəbini maaşla əlaqələndirib:

“Ailənin maddi yükü kişinin üzərində olur. Onun vəzifəsi bir növ evinin ehtiyaclarını ödəməkdir. Ona görə də kişilər başqa ixtisas seçməyə məcbur qalırlar.

 Bundan başqa cəmiyyətdə formalaşan “imic” məsələsi var. Uzun müddətdir, qadınlar müəllimliklə  məşğul olduğu üçün onlara aid olan bir peşə  kimi  tanınıb. Amma bu belə deyil, bu sahədə də kişilərə daha çox ehtiyac var”. 

Ayşə Müseyib