Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 17:56:00
BMU-nun komandası ilk yeri tutub

Bakı Mühəndislik Universitetində (BMU) “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin regional mərhələsi (XV Azərbaycan Çempionluğu) keçirilib. Müsabiqədə 18 ali təhsil müəssisəsindən 54 komanda və 3 məktəblilər komandası (müsabiqədən kənar) iştirak edib.

AzEdu.az-ın  xəbər verir ki, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov informasiya texnologiyaları sahəsinin dünyanın, eləcə də müasir dövrdə ölkəmizin inkişafındakı rolundan danışıb.

BMU-da bu sahə ilə bağlı yüksək səviyyəli müasir laboratoriyalar və kadr potensialının olduğunu diqqətə çatdıran prorektor, universitetin maddi-texniki bazasının beynəlxalq müsabiqələrin keçirilməsi üçün lazım olan tələblərə cavab verdiyini qeyd edib.

Müsabiqənin Azərbaycan üzrə regional direktoru, Bakı Dövlət Universetinin dosenti Ramin Mahmudzadə bildirib ki, ümumilikdə bu müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli müsabiqədir:”Müsabiqə iştirakçıları dünyanın ən nüfuzlu universitetlərinin tələbələridir. Müsabiqədə iştirak etmiş tələbələr məzun olduqdan sonra informasiya texnologiyaları sektorunda dünyanın məşhur və aparıcı şırkətləri tərəfindən iş təklifi alırlar”.

Müsabiqənin baş sponsoru olan PAŞA Bankın nümayəndəsi Vüsal Xəlilov  gələcəkdədə bu tipli layihələrə dəstək veriləcəyini söyləyib.  

 Qeyd edək ki, müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə http://opentrains.mipt.ru/~ejudge/showres.cgi?data=res625 saytında avtomatik sistemlə aparılıb.

Müsabiqənin nəticələrinə görə BMU-nun Baku EU 1 komandası I, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ASOIU 2 komandası II, Azərbaycan-Fransa Universitetinin UFAZ 1 komandası III yerə layiq görülüb.

Müsabiqədə müvəffəqiyyət qazanmış komandalar Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 44-cü ICPC müsabiqəsinin növbəti yarımfinal mərhələsində və “Cənubi Qafqaz açıq çempionatı”nda iştirak etmək hüququ əldə ediblər.

(Azərbaycan müəllimi)