Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 16:03:00
UNEC-də vətənpərvərlik mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu ilin 1-ci qrant müsabiqəsinin qaliblərdən biri olan “Turan Araşdırma Mərkəzi” İB noyabrın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vətənpərvərlik mövzusunda tədbir keçirib.

AzEdu.az xəbər verir ki, tədbiri UNEC-in İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev açaraq “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adlı layihə çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, layihənin əsas məqsədi Vətənə məhəbbət, ilk növbədə, dilimizə, milli musiqimizə, tarixi keçmişimizə, folklorumuza sahib çıxmaq, insanların mənsub olduğu dini dəyərlərə, ənənələrə hörmətlə yanaşmaq, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.

“Turan Araşdırma Mərkəzi” İB-nin sədr müavini Cavid İsmayıl çıxışında vətənpərvərliyi ali insani hiss kimi dəyərləndirib. Bildirib ki, bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsinə malik olan Azərbaycan multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib. Müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsidir. Lakin xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında xalqımızın vahid Azərbaycan ideyası və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsi önəmlidir.

Sonra UNEC-in dosenti Sadiq Qurbanov layihənin əhəmiyyətindən danışıb.

Professor Əhməd Qəşəmoğlu çıxışında mövzunun aktuallığını vurğulayıb. Təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi vətənpərvərlik tərbiyəsinin təbliğinin vacibliyini bildirib.