Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 15:24:00
“Qayaüstü mədəniyyət: mif, rəsm və dünya”

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

AzEdu.az xəbər  verir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bildirib ki, akademiyada Müstəqil Dövlətlər Birliyi Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə bundan öncə də müxtəlif mövzulara həsr olunan beynəlxalq elmi konfranslar keçirilib, dövlətlər arasında elmi əməkdaşlıq ənənələrinin yenidən bərpa edilməsi istiqamətində mühüm addımlar atılıb.

AMEA rəhbəri deyib ki, ötən il keçirilən beynəlxalq elmi konfransda da çox aktual və müasir problemlər müzakirəyə çıxarılıb, konkret “Fizika və lirika” mövzusu ətrafında AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında və Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təşkil edilən müzakirələr MDB ölkələrində humanitar sahənin alimləri ilə dəqiq və təbiət elmlərini təmsil edən elm adamlarının qarşılıqlı əlaqələrinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib.  

 “Bu gün “Qayaüstü mədəniyyət: əsatir, rəsm və dünya” mövzusunda keçirilən beynəlxalq elmi seminarda qədim sivilizasiyaların, ibtidai insan düşərgələrinin formalaşması, habelə bədii düşüncənin və yazı mədəniyyətinin əmələ gəlməsi kimi ciddi elmi problemlər müzakirə olunacaq”-deyən R.Mehdiyevin sözlərinə görə, hazırkı mərhələdə sivilizasiya və insan məskunlaşması məsələləri beynəlxalq elmi mühitdə geniş müzakirə edilən aktual problem olduğu üçün səslənəcək tezislər dünya elminin
inkişafına mühüm töhfələr verəcək; Bəşəriyyətin qədim qayaüstü mədəniyyətdən müasir mədəniyyətəqədərki keçilmiş yolunun dərslərini və vacib elmi nəticələrini müəyyən etmək istiqamətində mühüm addımlar atılacaq.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dünya elmində qayaüstü mədəniyyətin ilkin insan birliklərinin daş yaddaşı kimi qəbul edildiyini, qayaüstü təsvirlərin etnosun mənşəyi və qədimliyini müəyyən etməyə imkan verən əsas faktorlardan biri olduğunu bildirib.

 “Azərbaycan qayaüstü mədəniyyəti özündə oturaq mədəniyyəti, habelə əfsanə ilə reallıqları bir yerdə əks etdirir”, – deyən akademik Azərbaycan qayaüstü rəsmlərindəki araba, öküz, yallı, əmək və qoşqu alətləri təsvirlərinin regiondakı oturaq mədəniyyətin nişanələri olduğunu vurğulayıb.

 Daha sonra Tacikistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Karamatullo Olimov “Qayaüstü mədəniyyətin fəlsəfi və ekzistensial aspektləri” mövzusunda məruzə edib. Alim qayaüstü rəsmlərdə estetik dəyərlə yanaşı,  qədim insanların dünyagörüşü ilə bağlı dərin fəlsəfi fikirlərin gizləndiyini qeyd edib.

 Qırğızıstan-Rusiya Slavyan Universitetinin Tarix və Mədəniyyətşünaslıq kafedrasının müdiri Lyudmila Stavskaya da çıxış edərək Qırğızıstanın qaya sənətinə dair kitabı təqdim edib.

 Seminar öz işini Qobustan Milli Tarix-Bədii Qoruğunda davam etdirib.

(Azərbaycan müəllimi)