Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 13:04:00
Müəllimlərin diqqətinə! – Məzuniyyət maaşı bu cür hesablanır  

 

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən birdəfəlik ödənişlər istisna olmaqla əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.

AzEdu.az çoxsaylı müraciətləri nəzərə alaraq məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanma qaydasını təqdim edir:

Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

12 təqvim ayından az işləyib məzuniyyətə çıxan müəllimin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

NÜMUNƏ: işçinin 12 təqvim ayının cəmlənmiş əmək haqqı məbləği 7.440 manatdır. Belə olan halda cəmlənmiş məbləği (7.440) 12-yə (ay) bölməklə (7.440/12) bir ay üçün aylıq vəzifə maaşı 620 manat müəyyən edilir. Alınan rəqəm (620) təqvim günlərinin orta illik miqdarına (30,4) bölünür və nəticədə bir günlük əmək haqqının məbləği 20 manat müəyyən edilir. Əgər işçi 56 iş günü müddətinə məzuniyyətə çıxırsa, bir günlük əmək haqqı məbləği (20) məzuniyyət günlərinin sayına (56) vurulur. Beləliklə, işçinin məzuniyyət müddətində alacağı əmək haqqı 20*56=1120 manat təşkil edir.

Qeyd edək ki, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir