Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-11 15:02:00
Məzunların işlə təmini üçün onlardan xəbərsiz cəhdlər edən direktor –“Biri Almaniyada çalışır” -MÜSAHİBƏ

Son iki ay ərzində  7 böyük təşkilatla anlaşma memorandum imzalamışıq. Ümumilikdə isə, 21 özəl və dövlət müəssisəsi ilə müqaviləmiz var.  Tələbələrimiz istehsalat təlimlərini təhsil mərkəzində, istehsalat təcrübəsini isə, müqavilə bağladığımız müəssisələrdə keçirirlər. Daha sonra işə götürənlər peşə təhsil müəssisəsi ilə bağlı müxtəlif tədbirlərdə,  məzunlarının imtahan prosesində, iştirak edirlər. İmtahan götürənlər məhz işəgötürənlərin özləri olur. 

Bu sıx əməkdaşlıq nəticəsində onlar xəbərləri olmadan peşə təhsilinin bir qoluna çevrilirlər” 

AzEdu.az təhsil portalının bölgələrdəki peşə təhsili müəssisələrinin direktorları ilə silsilə müsahibələri davam edir.

Budəfəki müsahibimiz İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov oldu. Əvvəllər orta məktəbdə direktor müavini işləyən Zaur müəllim, İsmayıllı peşə təhsili müəssisəsi yaradıldıqdan sonra burda direktor işləməyə başlayıb. 

Peşə təhsili müəssisəsinin ilk direktoru olan Z.Muradov, müsahibəsi zamanı fəaliyyəti dövründə İsmayıllı Peşə Tədris Mərkəzində görülən işlərdən söz açdı.

“İsmayıllı Peşə Təhsili Mərkəzinin yaradılmasında əsas məqsəd, turizm üçün lazımlı işçi-fəhlə kadrlarının hazırlanması idi. Lakin...”

Zaur müəllim ilk olaraq, mərkəzin yaranma zərurətindən danışdı:

-11 yanvar 2011-ci ildən etibarən İsmayıllı Dövlət Peşə Təhsili Mərkəzində direktor işləyirəm.  2010-cu ilin dekabrında yaradılan təhsil müəssisənin  direktor da mən olmuşam. Bundan əvvəl  isə tam orta məktəbdə direktor müavini olaraq çalışmışam.

İsmayıllı  Peşə Təhsili Mərkəzinin yaradılmasında əsas məqsəd, turizm üçün lazımlı işçi-fəhlə kadrlarının hazırlanması idi. Lakin regiondakı yeganə peşə təhsili müəssisəsi olduğundan, və İsmayıllı aqrar rayon hesab edildiyindən burda turizmlə yanaşı, kənd təsərrüfatı ilə bağlı ixtisaslar da tədris edilir.

Məktəbin maddi-texniki bazası da bunun üçün kifayət qədər qənaətbəxş idi. Bu gün İsmayıllı Peşə Təhsili Mərkəzində turizm və kənd təsərrüfatı ilə yanaşı, sənayenin müxtəlif sahələrinə uyğun olaraq,13 ixtisas üzrə 17 qrup fəaliyyət göstərir”.

“Son iki ay ərzində  7 böyük təşkilatla anlaşma memorandum imzalamışıq. Ümumilikdə isə, 21 özəl və dövlət müəssisəsi ilə müqaviləmiz var” 

Müsahibəsində direktor, İsmayıllı Tədris Mərkəzində görülən işlərdən söz açdı:

-Yaradıldığı dövrdən bu yana İsmayıllı Peşə Təhsili Mərkəzi yerli və beynəlxalq layihələrin iştirakçısı olub. Bunlara nümunə olaraq, xidmət sahələri, aşpaz, barmen kimi ixtisasları üzrə Avropa İttifaqının, aşpazlıq ixtisası üzrə Britsh Concil-lə  Arıçılıq ixtisası üzrə Birləşmiş Millətlər Təşkilatının. üzümçülüklə bağlı Avropa İttifaqının layihələrinə qoşulmuşuq.  Turizmin inkişafı ilə bağlı pilot məktəb olduğumuzdan əldə etdiyimiz uğurlarımız çoxdur. Bizim tələbələrimiz nəinki, İsmayıllı və yaxın ətrafda, eləcə də, paytaxtda və respublikanın müxtəlif  bölgələrində  kifayət qədər nüfuzlu şirkətlərdə fəaliyyət göstərirlər. Respublika kulinariya yarışlarında tələbələrimiz yüksək yerlər tutublar. Hətta ölkə xaricində də öz sözünün demiş tələbələrimiz var. Hazırda aşpazlıq ixtisası üzrə bir tələbəmiz Almaniyada təhsilini davam etdirir; həm oxuyur, həm də işləyir. Mənə görə, ən böyük uğurumuz peşə təhsilinin inkişafı üzrə işəgötürənlərlə əməkdaşlıq sahəsində olub.  Belə ki, son iki ay ərzində  7 böyük təşkilatla anlaşma memorandum imzalamışıq. Ümumilikdə isə, 21 özəl və dövlət müəssisəsi ilə müqaviləmiz var.  Tələbələrimiz istehsalat təlimlərini təhsil mərkəzində, istehsalat təcrübəsini isə, müqavilə bağladığımız müəssisələrdə keçirirlər. Daha sonra işəgötürənlər peşə təhsil müəssisəsi ilə bağlı müxtəlif  tədbirlərdə,  məzunlarının imtahan prosesində, iştirak edirlər. İmtahan götürənlər məhz işəgötürənlərin özləri olur.  Bu sıx əməkdaşlıq nəticəsində onlar xəbərləri olmadan peşə təhsilinin bir qoluna çevrilirlər. 

Bu da gələcəkdə peşə təhsili müəssisələrini bitirən məzunların işlə təmin olunmasında öz sözünü deyir.  Nəticədə, peşə təhsili müəssisəsini bitirən tələbələr təhsillərini başa vurar-vurmaz işlə təmin olunurlar. Əsas məqsədimiz də məhz tələbələrin təhsillərini başa vurduqdan sonra əmək bazarında iş tapmalarıdır”.

“Əvvəllər işəgötürənlərin peşə təhsil müəssisələrinə bu dərəcə də mafraqlı deyildilər”

Zaur Muradov işəgötürənlərin peşə təhsili məüsəssislərinə münasibətindən də danışdı:

“Əvvəllər işəgötürənlərin peşə təhsil müəssisələrinə bu dərəcə də mafraqlı deyildilər. Bu gün isə vəziyyət dəyişib.  Hazırda işəgötürənlər öz müəssisələrini genişləndirirlər və onlara ixtisaslaşmış işçi qüvvəsi lazım olur. Biznesi bilən işəgötürən də təbii ki,  peşə təhsilli gənc kadrlara  üstünlük verir. Bu yaxınlarda İsmayıllıda yeni bir tikiş fabriki açılıb. Orda işləyən işçilərin hamısı  müxtəlif dövrlərdə  bizim peşə təhsili mərkəzində təhsil alan tələbələrdir. Sahibkarlar daha çox, təcrübə və peşə təhsili olan işçi qüvvəsinə maraq göstərirlər.  Bu gün işəgötürənlər tərəfindən,  xüsusilə də, aşpaz, xalçaçı, dərzi kimi ixtisaslara daha çox tələbat var”.  

“İşə götürənlər  də özlərinə lazım olan kadrları əldə etmək şansı əldə edirlər”

Z.Muradov “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahəsində Dual Peşə Təhsil və Təlim pilotların yaradılması” (ED VET) qrant layihəsinin İsmayıkllı Peşə Tədris Mərkəzinə qazandırdıqlarından da söz açdı:

“İsmayıllı Peşə Təhsili Müəssisəsi  ““Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahəsində Dual Peşə Təhsil və Təlim pilotların yaradılması” (ED VET) qrant layihəsi çərçivəsində Avropanın inkişaf etmiş ölkələrində tətbiq edilən peşə təhsili forması İsmayıllı Peşə Təhsili Mərkəzinə də tətbiq edilməyə başladı. Lakin Almaniyada, sırf dual təhsili tətbiq edilirsə, bizdə hələ duala bənzər təhsil tədris edilir. Çünki tam bu sistemi olduğu kimi tətbiq etmək hələ mümkün deyil. Duala bənzər peşə təhsilində biz nəzəri dərsləri az, praktiki dərsləri çox keçirik. Tələbələr dərsləri daha çox istehsalat müəssisələrində, işə yerlərində keçirlər.  Buna iş yerində təcrübə proqramı da demək olar.  Dualdan sonra tələbələrdə dərsə daha çox maraq yarandı. Onlar elə iş yerində təcrübə şansı qazanırlar. İşə götürənlər  də özlərinə lazım olan kadrları əldə etmək şansı əldə edirlər”.

“Bizi fərqləndirən ən əsas cəhətlərdən bir də müəllimlərimizin uğurlarıdır”

İsmayıllı Peşə Tədris Mərkəzinin digər peşə təhsili müəssisələri ilə fərqindən danışan direktor bu sahədə müəllimlərin rolunu xüsusi vurğulayıb:

“İsmayıllı Peşə Təhsili Mərkəzinin ölkədəki digər peşə təhsili müəssisələrindən fərqi, məktəb yenidir və maddi  texniki bazaya sahib olmasıdır. Hətta bu yaxınlarda tələbələri istehsalat təlimi keçirilən yerlərə aparması üçün xüsusi avtobus da aldıq.  İsmayıllı Peşə Təhsil Mərkəzinin  əsas fərqlərdən biri də praktiki dərslərə üstünlük verilməsidir. Digər peşə təhsil müəssisələrindən dərslər 70% nəzəri, 30% praktikaya əsaslanırsa, bizdə dərslər 50% nəzəri, 50% praktik əsaslarla tədris edilir. Yeni hazırlanan kurikulumlar , dərs materiallar hazırlanaraq, yeni təlim metodları pilot məktəb olaraq ilk bizim peşə təhsili mərkəzində tətbiq edilir, uğur qazandıqdan sonra digər məktəblərə də şamil edilir. Bizi fərqləndirən ən əsas cəhətlərdən bir də müəllimlərimizin uğurlarıdır. Müəllimlərimiz respublikada müəllimlərin diaqnostik qiymətləndirilməsində yüksək nəticə göstəriblər. Respublika 2-cisi və 3-cüsü olan müəllimlərimiz var. Daha sonra iki nəfər müəllimimiz kitab müəllifidir. Biri Turizm üzrə Bələdçi, digəri isə Turizm Sahəsində Biznesin Təşkili kitablarının müəllifləridirlər.  Bu isə gələcəkdə onların əmək fəaliyyətində, daha yaxşı təhsil vermələri üçün imkanlarını genişləndirir.

Bu gün İsmayıllı Peşə Təhsili Mərkəzində 13 ixtisas tədris edilir. Gələcəkdə əmək bazarına uyğun yeni ixtisaslar da yarana bilər.  Bununla bağlı bizim əmək bazarını öyrənən xüsusi işçi qüvvəmiz araşdırma aparır.  Bazara uyğun yaradılmasına ehtiyac olan ixtisasları bizə verir biz də bu haqda Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət edirik”.

“Bu sənət nümunələrini qoruyub saxlamaq bizim borcumuzdur”

Müsahibəsi zamanı Z.Muradov  yeni yaradılan ixtisaslardan da danışarkən tariximizi əks etdirən ixtisaslara diqqət yetirildiyini bildirdi:

“Əmək bazarı ilə yanaşı, biz Eyni zamanda biz həm də el sənətlərini də qoruyub saxlamağa çalışırıq.  Belə ki, bu il biz Lahıc qəsəbəsində misgər qrupu açmışıq. Həmin qrupun ustası isə Azərbaycanda məşhur misgər Nəzər Əliyevdir.  Nəzər müəllim uzun müddət müəllim işləyib. SSRİ dağıldıqdan sonra müəllimlikdən uzaqlaşıb. İsmayıllı peşə təhsili mərkəzi olaraq, biz onu yenidən bu sahəyə qaytara bildik. Çünki bu gün həqiqətən də tariximizi əks etdirən, misgərlik, xalçaçılıq kimi ixtisasların tədrisinə böyük ehtiyac var.  Əhalinin də bu ixtisasa marağı böyükdür. Hazırda həmin ixtisas 20 nəfər orda təhsil alır. Dərslər nəzəri və təcrübi əsaslarla keçiril. Əsasən də isə təcrübə dərslərinə üstünlük verilir.  Bu qrup yaradıldığı ilk ildən 6 aylıq qruplarda keçirilsə də, növbəti illərdən iki illik qruplarda tədrisi nəzərdə tutulub. Nəzər müəllim ən qısa müddət ərzində 10-15 nəfər misgərlik sənətinə dərindən bilən sənətkar yetişdirməyi öz öhdəsinə götürüb.  Bu da gələcəkdə tarixi sənətimiz olan misgərliyin davam etdirilməsinə gətirib çıxardacaq.  Bu gün UNESCO xalça, misgər və kəlağayı ilə bağlı sənətləri mədəni sənət nümunəsi olaraq, təsdiq edib.  Misgərliklə yanaşı, kəlağayı kimi ixtisasların yaradılmasına da ehtiyac var. Kəlağayı ixtisası  ilə bağlı Heydər Əliyev Fondu ilə də layihəmiz var.  Bu el sənətləri inkişaf etdirilərək gələcək nəsillərə ötürülməsinə çalışırıq. Hələlik misgər, kəlağayı və xalçaçılıq ixtisasları üzərində fokslanmışıq. Bu sənət nümunələrini qoruyub saxlamaq bizim borcumuzdur”.

“Gələcək perspektivimiz,  istehsal etdiyi  məhsullarla məktəbimizin brendini  yaratmaq”

Zaur Muradov sonda, İsmayıllı Peşə Tədris Mərkəzinin  gələcək planlarından danışdı:

“İsmayıllı peşə təhsili mərkəzi yaradıldıqdan bu yana, mərkəzdə bir çox ali təhsilli tələbələr oxuyublar. Ötən il bir tələbəmiz Azərbaycan Dövlət Pedoqoji Universitetinə ödənişli əsaslarla qəbul olsa da imtina edərək dərzilik ixtisası üzrə peşə təhsili aldı. Bundan sonra yenidən imtahan verib istədiyi ixtisasa qəbul oldu. Daha sonra bir tələbəmiz Bakı Ali Neft Məktəbini bitirdikdən sonra İsmayıllıda ixtisasına uyğun iş yeri tapmadığı üçün yenidən peşə təhsili  almağa başlayıb. Hazırda burda öyrəndiyi ixtisası üzrə yaxşı iş yerinə sahibdir. Ümumiyyətlə bu illər ərzində ölkənin bir çox nüfuzlu universitetlərinin məzunları İsmayıllı Peşə Təhsili Mərkəzində yenidən peşə təhsili  alıblar.  mərkəzdə 2011-ci ildən bu peşə təhsili müəssisəsində çalışıram. Bu illər ərzində yadımda belə bir xatirə qalıb. Belə ki, ötən il bir tələbəmiz ödənişli əsaslarla ali təhsil müəssisəsinə qəbul olsa da bundan imtina edib peşə təhsili aldı, Bundan sonra yenidən hazırlaşaraq, universitetə imtahan verdi və istədiyi ixtisasa qəbul oldu.  Ümumiyyətlə bizim peşə təhsil müəssisəsində Azərbaycanın kifayət qədər nüfuzlu ali təhsil müəssisələrinin məzunları oxuyublar.  Bir dəfə də Bakı Ali Neft Məktəbinin məzunu universiteti bitirdikdən sonra ismayıllıda oxuduğu ixtisasla bağlı iş tapa bilmədiyi üçün yenidən peşə təhsili alaraq, öz işini qurub.  Nəinki, BANM digər nüfuzlu universitetlərində məzunları bizim peşə təhsili müəssisəsində təhsil alıblar.

İsmayıllı Peşə Təhsili Mərkəzi olaraq, biz qazandıqlarımızla kifayətlənmirik. Daim öz üzərimizdən işləyib daha böyük uğurlar əldə etməyə çalışırıq.  Gələcək perspektivimiz,  istehsal etdiyi  məhsullarla məktəbimizin brendini  yaratmaq,  məktəbin büdcə asılılığını azaltmaqdır. Hazırda əsas məqsədimiz büdcədən asılılığımızı azaltmaqdır ki, bu da büdcəyə qənaətə gətirib  çıxarır”.