XƏBƏRLƏR

09.11.2019 15:19
Müəllim cəmiyyət quruculuğunun mənəvi memarıdır

Göyçək Əliyeva: “İlk gündən hər bir uşağa fərdi yanaşmağa üstünlük verirəm”

Göyçək Əliyeva 1956-cı ildə Cəbrayil rayonunun Soltanlı  kəndində  anadan olub.  1973-cü ildə Soltanlı kənd orta məktəbini bitirib. 1978-ci ildə M.Ə.Sabir adına Şamaxı  Pedaqoji  Texnikumunu  bitirdikdən sonra Soltanlı kənd tam orta məktəbində 14 il ibtidai sinif müəllimi işləyib. İşləyə-işləyə də 1991-ci ildə V.İ.Lenin adına  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai sinif müəllimliyi  fakültəsini  bitirib. Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunandan sonra  Bakıya köçüb. 

 1993-cü ilin sentyabr ayından   Abşeron rayonu Xırdalan şəhər 4 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.

 - Göyçək xanım, necə oldu ki, müəllimlik  peşəsini seçdiniz, bu peşəyə  marağı sizdə kim  yaratdı?

- Müəllim işlədiyim  illər ərzində ömrünü şagirdlərə həsr edən müəllim olmuşam. Bu, mənim  üçün gözəl bir hissdir. Peşəmlə də həmişə  fəxr etmişəm. Amma bu peşəni seçməkdə  ilk yol  göstərənim böyük bacım Üzafə xanım olub. O, vaxtilə orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib...

 - Yaşadığınız Cəbrayıl  rayonu erməni işğalçıları tərəfindən  işğal olandan sonra 1993-cü ilin sentyabr ayından pedaqoji  fəaliyyətinizi Abşeron  rayonu Xırdalan şəhər 4 nömrəli tam orta  məktəbində davam etdirməyə başlamısınız. Ayrı kollektiv, müəyyən çətinliklər... həmin  günü necə xatırlayırsınız?

- Maraqlı sualdır. Doğrusu,  mehriban bir kollektivə  düşməyim məni darıxmağa  qoymadı. Ən əsası məktəb  direktorunun, müəllim yoldaşlarımın isti münasibətləri sayəsində  yaxşı  müəllim olmağımı sübut edə bildim.

 - Müəllimlik peşəsinə olan sonsuz məhəbbətiniz öz yerində... İlk dərs günündə şagirdlərinizlə ünsiyyət  qurmaqda  çətinliyiniz oldumu?

- Xeyr. Əvvəl bacımdan, sonra bu şərəfli peşəni vicdanla, ləyaqətlə daşıyan müəllimlərimdən  bu  peşəni sevməyi öyrənmişəm. Ona görə də tezliklə şagirdlərimin sevimlisinə çevrildim. Bu, əlbəttə, çalışqanlığın, prinsipiallığın nəticəsində oldu.

 - Müəllim cəmiyyət quruculuğunun mənəvi, əvəzolunmaz memarıdır desək,  yanılmarıq.  Sizcə, yaxşı müəllim nə deməkdir?

- Bəli, müəllim ömrünü bir kainata da bənzətmək olar. Ömrünü, beynini, ruhunu elmi-əxlaqi biliklərlə qidalandırdığı, əlinə qələm verdiyi şagirdləri isə bu kainatın kiçik zərrələridir.

 Məşhur pedaqoq V.A.Suxomlinski “Yaxşı müəllim nə deməkdir?” sualına belə cavab vermişdir: “Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünyagörüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər... Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır”.

 - Orta məktəbdə sizə dərs deyən müəllimlərinizi necə  xatırlayırsınız?  

- Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, “ana” kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın keşməkeşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik.  Mən də  müəllimlərimdən, o cümlədən Səyyarə xanımdan, Arif müəllimdən çox dəstək almışam.

 - Sizin də dərs dediyiniz şagirdlər arasında dərsdən yayınan, nadinc olanlar yəqin ki, var. Dərsdə belə şagirdləri ələ almaq üçün hansı  metodlardan istifadə edirsiniz?

- İlk gündən hər bir uşağa fərdi yanaşmağa üstünlük verirəm. Bir də şagirdlər arasında heç bir  fərq qoymuram.

 Sinif üzrə maraqlı tədbirlər təşkil edirəm. Tədbirdə  hər şagirdə qabiliyyətinə görə  tapşırıq  verirəm. Eyni  zamanda,  zəif oxuyan şagirdlərin valideynləri ilə  daim əlaqə saxlayıram. Nəticədə, sinfin  ən passiv uşağı,   sonrakı günlər sinfin ən nümunəvi şagirdi olur.

 - Fənn müəllimlərindən fərqli  sinif müəllimlərinin  zəhməti  daha böyükdür. Dərs dediyiniz şagirdləriniz bu gün sizinlə  əlaqə  saxlayırlarmı?

- Əlbəttə, əlaqə  saxlayırlar. Onlardan rəhbər vəzifələrdə  çalışanlar da var, məni unutmurlar. Zəng edir və işlədiyim məktəbdə  mənimlə görüşürlər.     

 - Təcrübəli bir müəllim kimi indiki gənc müəllimlərə hansı məsləhətləri verərdiniz?

- İlk öncə gənc müəllimlərimiz cəmiyyətdə tanınmış müəllim olmaq üçün öz üzərlərində ciddi çalışmalıdırlar.

 Bir də hər bir müəllimin özünün pedaqoji taktikasının olması labüddür. Müəllimi konkret olaraq hansısa metoddan istifadəyə məcbur etmək, qarşısına tələblər qoymaq mümkün deyil.  Belə olarsa, dərsdən hansısa səmərəni gözləmək yersizdir. Səmərə o zaman əldə olunur ki, müəllim dərs prosesinə yaradıcılıqla yanaşaraq, təlim prosesini şagirdlərinin qavrama, dərketmə səviyyəsində qursun, yaradıcı işləməyə şəraiti təmin etsin, müstəqillik vərdişləri aşılasın və təfəkkürün inkişafına yol açsın.

 Aysel TAHİROVA,

Abşeron Rayon  Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

(Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu