XƏBƏRLƏR

07.11.2019 12:56
Milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunması prioritet vəzifədir

Müasir dövrdə İnternet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır.

Cəmiyyətin müxtəlif yaş qrupuna daxil olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də öz əlçatanlığı ilə cəlb edən sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar. Bu platformanın səmərəli əks əlaqə imkanları onu əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevirir. Sosial şəbəkələr öz yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur.

Son illərdə sosial şəbəkələrin milli təhlükəsizliyə yaratdığı təhdidlərlə bağlı narahatlıqlarını dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Burada müxtəlif mümkün risk ssenariləri – terrorçu, ekstremist, radikal qruplar tərəfindən sosial media platformalarından təbliğat və təşviqat aləti kimi geniş istifadə olunması, dini, milli, irqi ayrıseçkiliyə çağırışlar və digər təhdidlər birbaşa vətəndaşın, dövlətin və cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və səyləri nəticəsində gənc nəslin vətənpərvərlik, xalqımızın qədim və zəngin tarixinə, milli adət-ənənələrinə, mədəni və mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, onların müasir elmin və təhsilin verdiyi üstünlüklərdən bəhrələnmələri üçün dövlət tərəfindən geniş imkanların yaradılması ölkədə həyata keçirilən uğurlu milli inkişaf strategiyasının prioritet vəzifələrindəndir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir. Bu seminarların başlıca məqsədi də dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır.

Seminarlar DTX-nin Heydər Əliyev adına Akademiyasının müəllimləri və digər ali təhsil müəssisələrinin bu sahə üzrə peşəkar mütəxəssisləri tərəfindən aparılır.

2019-cu il noyabrın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı, Təhsil Nazirliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 20 nömrəli məktəb-liseydə ilk dəfə yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri və bu formatda keçirilən interaktiv seminarda rayonun iyirmi altı məktəb və liseyinin 600-dən artıq şagirdi iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Sonra sosial şəbəkələrin insanların gündəlik həyatlarına təsiri, müsbət və mənfi tərəflərini əks etdirən video-çarx nümayiş olunub.

Tədbiri 20 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim Səadət Veysova açaraq, belə mühüm maarifləndirmə və tədris formalarının əhəmiyyətini vurğulayıb. O, bu seminarın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uşaqların və yeniyetmələrin milli ruhda tərbiyəsinə, inkişafına, təhsilinə və kamil vətəndaş kimi formalaşmalarına, ümumən uğurlu gənclər siyasətinə növbəti töhfələri olduğunu qeyd edib.

Dövlət Təhlükəsizlyi Xidmətinin bu təşəbbüsünün təqdirəlayiq olduğunu və indiyədək keçirilən seminarların müəllim-şagird kollektivləri tərəfindən rəğbətlə qarşılandığını bildirib.

Sonra DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.

Seminarda Akademiyanın dosenti, psixologiya üzrə fəlsəfə doktoru M.Sadıqovanın, kafedra rəisi D.Rüstəmov, Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Elvin Balacanovun, Akademiyanın İnformasiya təhlükəsizliyi fakültəsinin kursantı M.Mirzəxanlının “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər”, “Müasir gəncliyimiz və sosial şəbəkələr: qazandığımız və itirdiyimiz” və digər aktual mövzularda məruzələri dinlənilib. Seminarda 11-ci sinif şagirdləri sosial şəbəkələrin müsbət və mənfi tərəflərinin öz təcrübələrində onların həyatlarına təsirləri barədə fikirlərini bölüşüblər.

Böyük maraqla qarşılanan seminar sonra şagirdlərin yaxından iştirakı ilə interaktiv müzakirələrlə davam edib.

İlin gənc müəllimi-Müraciət formu