XƏBƏRLƏR

06.11.2019 15:53
Müqavilə müddəti analıq məzuniyyətində olduğu zaman bitən müəllim nə etməlidir? –Cavab

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Müddətli müqavilə əsasında işləyən müəllimləri ən çox maraqlandıran  məsələlərdən biri də müqavilə müddətinin məzuniyyət dövründə bitməsi ilə bağlıdır.

Ümumiyyətlə, müəllimin müqavilə müddəti analıq məzuniyyətində olduğu vaxt bitirsə, nə etməlidir?

AzEdu.az məlumat verir ki, Əmək Məcəlləsi bu məsələni də nəzarətdə saxlayır. Məcəlləyə görə, müəllimin üzrlü səbəbdən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin vaxtı qurtarırsa, həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə xitam verilir. Amma bir şərtlə: müəllim işə çıxdığı gündən bir təqvim həftəsi keçməməlidir.

Üzrlü səbəb dedikdə isə müəllimin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallar nəzərdə tutulur.

Qeyd edək ki, müddətli əmək müqaviləsinin vaxtı qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilir və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu