Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 14:16:00
Folklor İnstitutu illik hesabat verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AzEdu.az-a  bildirilib ki, iclasda elmi katib, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasovun elmi müəssisənin cari ildə fəaliyyəti barədə hesabatı dinlənilib. Hesabat Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarları və Dövlət proqramlarının icrası, elmi tədqiqat işləri, fundamental elmin təhsillə əlaqəsi, beynəlxalq əlaqələr, xaricdə keçirilən beynəlxalq tədbirlərdə iştirak, qrantlar, elektron elmin vəziyyəti, nəşr, kadr hazırlığı, sosial fəaliyyət, təltif və mükafatlarla bağlı məsələləri əhatə edib.

Bildirilib ki, institutda ölkə rəhbərinin fərman və sərəncamlarının, dövlət proqramlarının icrası istiqamətində mühüm işlər görülüb. 2019-cu ildə elmi müəssisədə “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 7 mövzu və 48 iş əsasında tədqiqatlar aparılıb. Bütün bunların nəticəsi olaraq “Mifologiya, II cild. Ritual-mifoloji rekonstruksiya problemləri”, “I Türkoloji Qurultay: mübahisələr, həqiqətlər”, “Qaçaq folkloru sosial-iqtisadi və siyasi-mədəni kontekstdə” nəşrləri ərsəyə gəlib. Həmçinin institutun əməkdaşları xarici ölkələrdə keçirilən çoxsaylı elmi tədbirlərdə iştirak ediblər.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu Folklor İnstitutunda cari ildə aparılan elmi tədqiqat və elmi-təşkilati işləri yüksək dəyərləndirib.

İnstitutun direktoru, akademik Muxtar İmanov növbəti ildə elmi müəssisənin kollektivinin qarşıya qoyduğu məsələlərin həllində inamla çalışacağına əminliyini bildirib. Sonda hesabat yekdilliklə qəbul olunub.

Tədbir çərçivəsində institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyevin 70 illik yubileyi ilə bağlı çıxışlar dinlənilib. Akademik Muxtar İmanov folklorşünas alimin həyat və yaradıcılığından söz açıb, onu yubileyi münasibətilə təbrik edib.