Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 11:23:00
Ən çox nənəsinin xəngəli üçün darıxan  tələbə: ”ABŞ-da bizi cəmi 1 nəfər tanıyır, o da ki...” –MÜSAHİBƏ

“Təhsilimizin ali və orta pilləsində ən böyük boşluq müəllim və tələbə arasında olan münasibətlərdir”

Bu sözləri AzEdu.az-müsahibəsində Amerika Birləşmiş Ştatlarında təhsil alan Tural Haqverdiyev deyir.

Tural Haqverdiyev Bakı şəhərinin Günəşli qəsəbəsindən anadan olub. Orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində alıb. Hazırda isə ABŞ-ın Cənubi Florida Universitetində bakalavr səviyyəsində təqaüdlə təhsil alır.

AzEdu.az Tural  Haqverdiyevlə müsahibəni təqdim edir:

 Turalı okeanın o tayına  aparan təhsil yolu…

-Amerikada təhsil almağımın səbəbləri çoxdur. Düşünürəm ki, Amerikada  oxumağının ən böyük səbəbi təhsilinin yüksək səviyyədə olmasıdır. Həmçinin, çox məşhur olan Silikon Vadisi də Amerikada yerləşir. Silikon Vadisini də görmək Amerikada təhsil alan əcnəbilər üçün böyük fürsətdir. Bu ölkədə təhsil almağımım səbəblərindən biri də Amerikada yaşamaq istəyimlə bağlıdır.

Onu da bildirim ki, tək yaşayıb, özüm-özümüm qayğısına qalmaq istəmişəm. Bu baxımdan da Amerika universitetində qəbul olmağım  mənim üçün böyük fürsət oldu.

“Amerika təhsil sisteminin müsbət və mənfi tərəfləri”

-Azərbaycan və ABŞ təhsil sistemi çox fərqlidir. Amerika təhsil sisteminin ən çox bəyəndiyim cəhəti dərs prosesinin onlayn olmasıdır. Yəni Amerika universitetlərində  hər şeyi internet resursları vasitəsilə əldə etmək mümkündür. Bu ölkədə tələbələrə seçim azadlığı verilir. Amerikada tələbələr istədikləri dərsi özləri sərbəst seçə bilirlər. Bu ölkədə tələbələr həm də istədikləri müəllimləri seçmək hüququna da malikdirlər. Amma  bunun da mənfi tərəfləri var. Çünki hər tələbə öz dərslərini seçə bildiyi üçün onlar arasında “kurs yoldaşı” və ya “tələbəlik dostu” anlayışları zəif formalaşır.

Amerika universitetlərinə qəbul üçün tələb olunan sənədlər

-Amerika universitetlərinə qəbul olmaq üçün  tələbələrdən ilk növbədə ingilis dil biliyi tələb olunur. Həmçinin, SAT, IELTS, TOEFL sertifikatı əldə edənlər ABŞ universitetlərinə müraciət edə bilər.

Onu da bildirim ki, Amerika universitetlərinə qəbul olmaq istəyənlərin orta məktəb göstəriciləri də yaxşı səviyyədə olmalıdır. Bundan əlavə, Amerika universitetlərinə qəbul üçün doğum haqqında şəhadətnamə və ya valideynlərdən icazə sənədi tələb edilir.

 Amerikada təhsil almağın çətinlikləri… “Aysberqin görünməyən tərəfləri”

 -Amerikada təhsil almağımın ən böyük çətinliyi tək yaşamağım oldu. Çünki anam bu yaşıma qədər heç nə etməyimə icazə vermirdi. Anam qayğıma çox qalırdı.  Amma xörək bişirməyi öyrənmək, ev təmizləmək vaxtımı çox aldığına görə, dərslərlə birlikdə bu işləri görmək çətin idi. Daha sonra isə bu prosesləri etmək mənim üçün adiləşdi. Təbii ki, bəzi problemlər də olur. Təcrübəm olduğu üçün problemlərimin öhdəsindən gəlməyi bacarıram.  Onu da bildirim ki, amerikalılar çox fərqlidirlər. Amerikayla müqayisədə azərbaycanlılar daha intellektualdırlar.  Azərbaycanlılar ən azı 2 dili bilir. Bunlardan biri rus, digəri isə türk dilidir. Amma Amerikada hamı ingilis dilini bilir. Elə buna görə də heç  2-ci dili öyrənməyə maraqlı deyil. Amma Amerikada köçkün kimi yaşayanlar 2 dili bilir.

 Maraqlıdır, Tural problemlərini həll etməkdə çətinlik yarananda səfirliyə və ya diaspora müraciət edirmi?

-Səfirliyə müraciət edib, həll etdiyim problemim də olub. Həmin problem isə pasportla bağlı idi. Təəssüf ki, səfirlik yaşadığım Florida ştatında deyil, Vaşinqton şəhərində yerləşən səfirliyimiz var.

 Amerikada tələbələrə verilən iş izni

- Amerikada tələbələrə həftədə 20 saat iş izni verilir. Bu ölkədə tələbələr yalnız kampusun daxilində olan iş yerlərində çalışa bilərlər. Onu da bildirim ki, Amerikada işləyən tələbələrin dərs və iş cədvəli ayrı-ayrı günlərdə olmalıdır.

 Tural deyir ki, Amerikada təhsil aldığı müddətdə çətinliklə qarşılaşsa da oxumaq istəyi onu yolundan döndərməyib:

-Amerikada təhsil aldığım müddətdə bəzən çətinliklə qarşılaşanda onun mübarizə aparmaqdan çəkinmişəm. Bu ölkədə təhsil alan dostlarımın çoxusu çətinliklə qarşılaşıb. Amma universiteti tamamlayıb, sonra  Azərbaycana qayıdan dostlarım da olub. Amerikada təhsil alanlar daha çox ailələri üçün darıxdığına görə peşmanlıq yaşayıblar.

  “Ən çox  nənəmin xəngəli  üçün darıxıram”

Maraqlıdır bəs Tural Amerikada ən çox nə üçün darıxır?

 -Amerikada təhsil aldığım müddətdə ən çox Azərbaycan xörəkləri üçün darıxıram. Həmçinin, çayı çox sevən insan deyiləm. Amma artıq 2 ildir ki, normal dəmlənmiş çay içmirəm. Onu da bildirim ki, ən çox nənəmin qışda bişirdiyi  xəngəl üçün darıxıram.

  “Amerikada Azərbaycanı yalnız 1 nəfər tanıyır”

- Amerikada təhsil aldığım müddətdə  cəmi 1 nəfər Azərbaycanı tanıyıb. Həmin şəxsin də Azərbaycan haqqında fikirləri yalnız şahmat oyunu ilə bağlı idi.

Bəs Turalın fikrincə, ölkəmizi xaricdə tanıtmaq üçün nələr edilməlidir?

-Azərbaycanın xarici ölkələrdə də tanınması üçün  bir çox sahələrdə inkişaf vacibdir. İlk növbədə ali təhsil müəssisələrimizi inkişaf etdirmək lazımdır. Həmçinin, Azərbaycanın təhsil sistemini dəyişməyə ehtiyac var. Çünki tələbə və şagird bir ölkənin gələcəyidir. Əgər tələbə  gözəl mühitdə yetişib, yaxşı təhsil alarsa ölkə üçün çox xeyri olar.

 Tural təhsilimizin orta və ali pilləsində olan boşluqlarıda vurğulayır:

- Təhsilimizin ali və orta pilləsində ən böyük boşluq müəllim və tələbə arasında olan münasibətlərdir. Azərbaycanla müqayisədə Amerikadakı tələbə və müəllim münasibətləri fərqlidir. Amerikalı tələbələr istədikləri zaman müəllimlərinə zəng edərək sərbəstcəsinə danışa bilərlər. Həmçinin, tələbələr istədikləri zaman müəllimləriylə restorana gedə bilərlər. Amma Azərbaycanda müəllim və tələbə münasibəti bu formada deyil.

O, Azərbaycan və Amerika valideynlərini də müqayisə edir. Turalın düşünür ki, ABŞ-da yaşayan uşaqlar daha azaddırlar:    

-Amerikan və Azərbaycan valideynləri çox fərqlidir. ABŞ-da uşaqlar daha azad böyüyür. Hətta amerikalı uşaqların çoxusu işləyib, kirayə haqqını özləri ödəyirlər. Bu kimi məlumatları amerikalı dostlarım mənə bildirib. Amma tələbə şəhərciyi və kampusunda qaldığım üçün amerikan valideynlərini görmək şansım olmayıb.

Amerikada ilk keçirilən dərslərdən biri Amerika tarixi olub. Həmin  dərsə əcnəbi tələbələr həm öz ölkələri həm də Amerika tarixini müqayisə edib, təqdimat  hazırlamalı idi. Mən də Qarabağ həqiqətlərini və ermənilərlə aramızda olan konfliktlərdən də bəhs etmişdim.

 Tural Amerikadakı müəllimlərin əmək haqqısı,  insanların sosial rifahından da söz açıb:

- Amerikadakı müəllimlərin maaşı yüksək olduğunu bilirəm. Bu ölkədə müəllimlərə çox qayğı  və tələbat var. Amerikadakı müəllimlər bir çox maqazin və restoranlarda endirim imkanları əldə edirlər.  Amma Amerika müəlllimlərinin  nə qədər məvacib aldıqlarını dəqiq bilmirəm. 

Bəs Turalı Amerikada nə  təəccübləndirib?

-Amerikada ən çox təəccübləndiyim şey valideynlər övladlarını məcbur işləməyə sövq edib, hər bir xərclərini özlərinə ödətdirirlər.

Tural amerikalı müəllimlərin əcnəbi tələbələrlə münasibətindən də söz açıb:

-Amerikalı müəllimlər əcnəbi tələbələrə qarşı heç bir ayrı-seçkilik etmirlər. Hətta amerikalı müəllimlər əcnəbi tələbələrə daha anlayışlı yanaşırlar. Çünki əcnəbi tələbələrin dərslərlə bağlı  bilmədiyi çox şey olur. Elə buna görə də müəllimlərin bəziləri güzəştə gedirlər.

 Maraqlıdır, Turalın fikrincə, azərbaycanlı gənclərin xaricdə təhsil almasına ehtiyac var?  

-Fikrimcə, gənclərimizin xaricdə təhsil almasına ehtiyac var. Xaricdə təhsil almaq böyük fürsətdir. Çünki hər insan tək yaşayıb, böyüməyin çətinliklərini görə bilmir. Gənclərə xaricdə təhsil imkanı yaranarsa mütləq dəyərləndirsinlər.

Həmçinin, xaricdə təhsil alanlar ölkəyə qayıdarsa, Azərbaycanın gələcəyinə çox müsbət təsiri ola bilər.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları