XƏBƏRLƏR

06.11.2019 11:00
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondları zənginləşir

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) “Kaspi” və “Apostrof” nəşriyyatları tərəfindən müxtəlif mövzularda kitablar hədiyyə olunub.

MEK-dən AzEdu.az-a  bildirilib ki, “Kaspi” nəşriyyatı tərəfindən hədiyyə olunan kitablardan biri Ziyadxan Əliyevin “Nəsimi dünyası rənglərin işığında” əsəridir. Kitabda Azərbaycan və xarici ölkə sənətkarlarının dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır. İlk dəfə bir kitabda yer alan bu əsərlərin timsalında hürufi şairin əqidəsi uğrunda apardığı mübarizənin ən müxtəlif səhifələri ilə tanış olmaq mümkündür. Kitab “Kaspi” qəzetinin layihəsi əsasında “Kaspi” Təhsil Şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görüb. Həmçinin tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın tərtib və redaktə etdiyi “Həsən Bəy Məlikov Zərdabinin Bakı şəhər Dumasında fəaliyyəti” (1897-1907) kitabı da hədiyyə olunub. Bu kitab 2015-ci ildə “Əkinçi” qəzetinin 140 illik yubileyinə həsr edilmiş rus dilindəki nəşrindən Azərbaycan dilinə çevrilərək təqdim olunub. Kitabda görkəmli ictimai-siyasi xadim, Azərbaycan xalqının vətənpərvər oğlu Həsən Bəy Məlikov Zərdabinin və onun həmkarlarının Bakı Şəhər Dumasında fəaliyyəti (1898-1907), eləcə də Dumanın iclasları ilk dəfə olaraq işıqlandırılır. Kitab tarixçilər, iqtisadçılar, Həsən Bəy Məlikov irsinin araşdırcıları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“Apostrof” tərəfindən hədiyyə olunan nəşrlərdən biri isə azərbaycanlı jurnalist, tərcüməçi, tarixçi-etnoqraf İsmayıl Umudlunun “Şıxlinskilər” kitabıdır. Əsərdə Azərbaycan türklərinin əsilzadə soylarından olan Şıxlinskilərin soykökü və şəcərələri 18 illik araşdırmalardan sonra bütün genişliyi ilə təqdim olunur. Qazax bölgəsi ilə bağlı olan bu soyun zəngin keçmişi milli tariximizlə sıx bağlılıqda gözdən keçirilib. Genealoji tələblər gözlənilməklə yanaşı, soyun ayrı-ayrı parlaq isimlərinin ömür yolu təfsilatı ilə verilir. Kitab Şahin Mutvalı oğlu Şıxlinskinin dəstəyi ilə işıq üzü görüb.

Hədiyyə edilən nəşrlərdən biri isə müəllifi Əməkdar jurnalist Faiq Sadıqovun “Qarabağdan xəbər var...” kitabıdır. Kitabda 1990-1995-ci illərin döyüş xəritəsi cızılıb. Əsərdəki xəbərlərin qəhrəmanları birinci Qarabağ savaşında mərdliklə döyüşən Azərbaycan insanıdır, bu insanlara səngər olan evlərdir, kəndlərdir, Azərbaycan torpağıdır. Eləcə də kitabda Qarabağ müharibəsinin qismən ümumi mənzərəsi, o dövrün reallıqları ayrı-ayrı xəbərlər, epizodik hadisələr və döyüş səhnələri ilə əks olunub.

 

İlin gənc müəllimi-Müraciət formu