XƏBƏRLƏR

05.11.2019 15:30
Mendeleyevi təmas xəttindəki məktəbə gətirən xanım müəllim - FOTOLAR  

“2016-cı ildə  bakalavr pilləsini uğurla tamamlayıb Azərbaycan Dövlət İqtisad Universitetinin İnsan Resursları üzrə magistratura pilləsinə daxil olmuşdum.

Amma Aprel döyüşləri həmin ilə   təsadüf  etdiyindən  Bakı şəhərindəki şansları dəyərləndirmədim, öz rayonuma-Füzulimə qayıtdım.

Kimya fənnindən rayonumuzda müəllim çatışmazlığı vardı. Müəllimlərin işə Qəbul imtahanından 54 bal toplayaraq qonşu kəndlərin birində müəllim kimi fəaliyyətə başladım”.

Bu sözləri AzEdu.az-a danışan  Füzuli rayon  Böyük Bəhmənli kənd 2 saylı tam orta məktəbinin kimya müəllimi Solmaz Qənimətli deyib.

ADPU-nun Kimya müəllimliyi fakültəsini bitirən Solmaz xanım artıq dörd ildir ki, öz doğma torpağında müəllim  işləyir və bu sahədə xeyli uğurlar  əldə edib.

AzEdu.az xəbər verir ki, Rayon Təhsil şöbəsi,  məktəb kollektivi, tanınmış müəllimlərin iştirakı və Solmaz  müəllimin təşəbbüsü ilə məktəbdə Dimitri İvanoviç Mendeleyevin kimyəvi elementlərin dövri sistemi cədvəlinin (1869-2019) 150 illiyinə aid tədbir keçirilib.

Fənn müəllimi  bu işdə köməklik göstərən hər kəsə öz minnətdarlığını bildirib.

“Dimitri  İvanoviç  Mendeleyevin kimyəvi elementlərin dövri sistemi cədvəlinin (1869-2019) 150 illiyini belə möhtəşəm şəkildə qeyd etməkdə mənə dəstək olan Füzuli rayonu İcra hakimiyyətinə,Təhsil şöbəsinə və dəvətimizi qəbul edib gələn qonaqlarımıza, xüsusi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Simuzər xanım Qəhrəmanova, onun həyat yoldaşı, respublikamızda nüfuzlu söz sahibi Gülabbas Qəhrəmanova, Laçın rayonunun fəxri Şəbnəm xanım Uğurlu və dəyərli tibb işçisi Orxan Cəbrayıla minnətdarlığımı bıldirirəm.

Vurğulayım ki, keçən il  Dövri sistemin 149-cu ilini akt zalı olmadığı üçün məktəbdaxili dəhlizdə qeyd etmişdik.  Laborotoriyamız olmadığına görə həmin il  şagirdlərə bəzi zəhərli maddələrə toxunmağa imkan vermədim. Artıq onlar püxtələşiblər. Builki tədbirdə isə hər bir təcrübəni özləri aparıblar”.

O bildirib ki, hər il mütəmadi olaraq bu kimi tədbirlər keçirməkdə əsas məqsədi nəzəri bilikləri praktyikaya daşımaqla yanaşı, şagirdləri belə mühitə alışdırmaqdır.

“Mütəmadi olaraq nəzəri bilikləri praktikaya daşımağa çalışırdım. Bu gün fərəhlə deyə bilərəm ki,artıq mənim şagirdlərim həm kimyanı dərindən mənimsəyir, sevir həm də hərbi vətənpərvər tədbirlərdə ən qabaqcıl mövqedədirlər. Şagirdlərin səlis nitqinin formalaşması, fənlərarası inteqrasiyası, kimyanı öyrənmək, nəzəriyyə ilə praktikanın vəhdətini və digər faktorları  mənimsətdim. Sağlam, savadlı gənc nəslin yetişməsində töhfəmizin olmağına çalışıram. Cəbhə rayonunun kəndindən çıxmış uşaqlar yüksək tribunalarda özlərini ifadə etməkdə çətinlik çəkməsinlər...!”.

Kimya müəllimi qeyd edib ki, şagirdlərin belə tədbirlərə olan marağını nəzərə alaraq builki tədbiri rayon səviyyəsində keçirməyi qərara alıb.

“Hesab edirəm ki, heç bir rayonda Dövri sistem elementlərinin 150 illiyi qeyd edilməyib. Füzuli rayonu “son dayanacaqdır”. Əksər  işğal olunmuş rayonlarımıza gedən magistral yollar məhz bu rayondan keçir. Biz bu tədbirlərlə şagirdlərimizdə inam, özünü ifadə etmək qabilliyyəti formalaşadırmağa çalışırıq. Məhz buna görə də digər fənn müəllimlərini, eləcə də ucqar kənd məktəblərini həmrəyliyə səsləyirik. Ümidi edirik ki, teziklə tədbirlərimiz işğal olunmuş torpaqlarda da qeyd olunacaq. Biz buna əminik”- deyə S.Qənimətli sözlərinə əlavə edib.

Ayşə Müseyib

İlin gənc müəllimi-Müraciət formu