Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-05 12:21:00
“Şagird evdə çay içə-içə riyaziyyatı asanlıqla öyrənəcək” – Azərbaycanlı müəllimdən ilk

 

“Riyaziyyat dərsliklərində IX sinifdən XI sinifə qədər yer alan bütün mövzuları izahlı şəkildə “Udemy.com” saytında yerləşdirmişik.

Bu saytda eyni zamanda olimpiada suallarının geniş izahları da verilib. Dərslər vasitəsilə riyaziyyatın çətin bir fənn olmadığını hər kəsə göstərdik”.

 Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Bəhman Qüdsi deyib. Onun sözlərinə görə, sayta yerləşdirilən bütün videolar  sadədən sadəyə doğru sıralanıb:

“Bacardığımız qədər mürəkkəbi sadə etməyə çalışdıq. Dərsləri müxtəlif üsullarla, əyləncəli şəkildə, şagirdi yormadan, incitmədən ona sevdirə bilirik. Bütün videolarımız şən mahnı ilə başlayır. Dərsin ortalarında uşaqları motivasiya edirik, həvəsləndirici cümlə və hekayələrdən istifadə olunur. Videoya bəzən Azərbaycan mahnıları ilə başlayırıq, bəzən Nəsiminin qəzəllərini  əlavə edirik. Şagird evdə çay içə-içə riyaziyyatı öyrənmiş olur. Onlayn dərslərin bir müsbət cəhəti də şagirdin dərsləri istədiyi zaman, istədiyi şəkildə və dəfələrlə dinləmə şansına sahib olmasıdır”.

Bəhman Qüdsi bildirib ki, hər gün durmadan yeni  videolar hazırlanmağa davam edir:

“Ən çətin olimpiada suallarını belə maraqlı formada şagirdlərə çatdırırıq. Bu videolar bölgələrdə olan şagirdlərimiz üçün də əlçatandır. Bütün dərslərdə izahlar və isbatlardan istifadə olunub. Hər dərsi elmi şəkildə, isbatı ilə verməyə və əzbərçilikdən uzaq olmağa çalışdıq.

Dərslər sadəcə şagirdlər üçün deyil, müəllimlər üçün də metodiki vəsaitdir. Müəllimin özünə lazım olan materialı başqa yerdə axtarmasına ehtiyac qalmayacaq”.

Xatırladaq ki, Bəhman Qüdsi 6,7,8,9,10 və 11 sinif şagirdləri üçün orta məktəbdə tədris olunan riyaziyyat dərslikləri əsasında 500 video dərs hazırlayaraq “Udemy.com”saytına yerləşdirib. Videolarda eyni zamanda olimpiada suallarının izahları da yer alıb. Bu, Azərbaycanda bir ilkdir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları