XƏBƏRLƏR

05.11.2019 09:45
Araz Əlizadə elmi işini niyə yarımçıq qoyub? -“Deyəcəkdilər ki, pul gücünə müdafiə edib”-Gündəm

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin bir neçə gün bundan əvvəl televiziya proqramlarının birində (İctimai TV, 3D)  səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Onun Qafqaz İslam Ordusu və Nuru Paşa ilə bağlı söylədikləri fikir, eləcə də türk irqi ilə bağlı etdiyi tarixi yanlışlıqlar Azərbaycan və Türkiyə ziyalılarının etirazlarına səbəb olub.

 Görən, özünü türk adlandırmayan Araz Əlizadənin özünün hər hansı elmi fəaliyyəti, araşdırmaçılıq təcrübəsi varmı?

 AzEdu.az xəbər verir ki, A. Əlizadənin qısaca da olsa,   elmi fəaliyyəti olub. İxtisasca şərqşünasdır. Anası Zinət Əlizadə filoloq, atası Məmmədmübariz Əlizadə isə şərqşünas olublar. Bakı Dövlət Universitetində  müəllimlik edən valideynlərin hər üç övladı da bu ali təhsil ocağını bitirib. Araz və Zərdüşt Əlizadələr universitetin şərqşünaslıq,  Nüşabə Əlizadə isə filologiya fakültəsinin məzunu olub.

 Qısa dosye

 Araz Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində anadan olub, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-red.) Şərqşünaslıq fakültəsini bitirib. 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib. Lakin sonradan..

Əlizadə baş tutmayan elmi karyerası haqqında vaxtilə bu sətirlərin müəllifinə bir neçə maraqlı faktı sadalayıb:

“Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyirdim. 1979-cu ildə getdim ora. Dissertasiya işim 1982-ci ildə  hazır idi. Dissertasiya işimin mövzusu “1648-54-cü illər Ukraynanın azadlıq mübarizəsi dövründə Ukrayna və  Türkiyə münasibətləri” olub. Dissertasiyamı başa vurdum,  lakin həbsə uğradığım üçün müdafiə edə bilmədim. Bu mövzuda dissertasiya işindən əlavə cəmi bir məqaləm çıxıb. Buna baxmayaraq, fəxr edirdim ki, Ukraynada bu mövzudan yazanların bir çoxu mənim o məqaləmə tez-tez müraciət edirdilər. Çünki həmişə yazırdılar ki, Ukrayna xalqının tarixi arzusu Rusiya ilə birləşməkdir. Mən isə bunun əksinə yazmışdım. Yazmışdım ki, bu Ukrayna xalqının tarixi arzusu deyil, bu Zaporojye qoşununun getmanı Boqdan Mixaylov Xmelnitskinin  şəxsi motivlərdə qisas hissi idi. Çünki o, Polşa Seyminin deputatı idi. Varşavadan gələndə gördü ki, onun doğma kəndi Subitinanı qarət ediblər. Onun canişini oğlunu öldürüb arvadını da özü ilə aparıb. Yəni, bu istək Ukrayna xalqının deyil,  Xmelnitskinin şəxsi ambisiyalarından doğurdu.

Nə isə, ilk dəfə olaraq mən yazmışdım ki, Osmanlı Ukraynaya Polşa ilə müharibələrdə köməklik göstərib. Bunun da səbəbi 6 yaşlı Sultan Mehmetin anasının  ukraynalı olması idi. Ukraynada bu çox adam mənim məqaləmdən istifadə edir”.  

 Xüsusi qeyd edək ki...

Əlizadənin doktoranturada parta yoldaşı hazırda Ukrayna Elmlər Akademiyasının  Tarix İnstitutunun direktorudur. Onlar bərabər kiçik elmi işçi olublar. Amma ukraynalı alim hazırda akademikdir. O, sonradan elmi siyasətə dəyişən azərbaycanlı dostunu unutmur və ona elmi məqalələr yazıb doktorluq dərəcəsini almağı təklif edir. Araz Əlizadə isə bu təklifi rədd edib. Yenə də özünü dinləyək:

“Sizə bir fakt deyim: Mənim parta yoldaşım hazırda Ukraynada akademikdir, Tarix İnstitutunun direktorudur. O mənə deyirdi ki, gəl bir neçə məqalə yaz, sənə  yardımçı olaq. Çünki o, bu istiqamətdə  bazam olduğunu bilirdi. Amma qəbul etmədim. Dedim ki, mən lap bir il oturub dissertasiya yazsam da, öz gücümə müdafiə etsəm də, yenə hamı deyəcək ki, getdi pul gücünə alıb gəldi. Mən belə söz söhbəti istəmirəm”.

Yalnız  maraq üçün

Elm barədə ürəyi dolu olan A. Əlizadə haşiyə çıxaraq tədqiq etdiyi dövr barədə bir məqamı da qeyd etmişdi:


“Rus Çarı Alaksey Mixayloviç Rişelyeyə məktub yazanda o, da yolladığı cavab məktubunun üzərində “Moskva çarı” qeyd edirdi. Çar səbəbini soruşanda isə deyirdi ki,” nə qədər ki, qırmızı ruslarla ağ ruslar bir –birindən ayrıdırlar, mən sənə Rusiya çarı yox, Moskva çarı deyəcəyəm”. “Qırmızı ruslar” deyəndə Ukraynanı, “ağ ruslar” deyəndə isə indiki Belarusu nəzərdə tuturdu” .

 

 

İlin gənc müəllimi-Müraciət formu