Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 13:20:00
Sinif jurnalında edilən dəyişikliklər, saxta diplom hazırlayan şəxslər-Həftənin təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Ötən həftədə Prezident Təhsil nazirinə yeni səlahiyyət verdi    

Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanla “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Təhsil nazirinə verilib.

Prezident Təhsil Nazirliyinə pul ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

  1. Ağdaş rayonunun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
  4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Geridə qoyduğumuz həftədə Təhsil naziri direktora töhmət verdi, müavini işdən çıxardı

Təhsil naziri Ceyhun Bayramov daha bir məktəb direktoruna töhmət verib.

Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovanın qanunsuz əməlləri barədə Təhsil Nazirliyinə daxil olmuş elektron müraciətlər əsasında yerində araşdırma aparılıb.

Araşdırma nəticəsində məktəb binasının qəzalı vəziyyətdə olması ilə bağlı Abşeron rayonu, Höküməli qəsəbəsi, Koroğlu küçəsində fərdi sahibkara məxsus binanın qeyri-rəsmi icarəyə götürüldüyü və icarə haqqının müəllim kollektivindən yığılaraq sahibkara ödənildiyi, məktəbin təsərrüfat işləri üzrə direktor müavininin işə qəbulu zamanı qanunvericiliyin tələblərinin pozulduğu, şagirdlərin yerdəyişməsi və sinifdən-sinfə keçirilməsi qaydalarına riayət edilmədiyi məlum olub.

Müvafiq məsələ ilə bağlı Təhsil nazirinin əmrinə əsasən məktəb direktoru Nərgiz Zeynalovaya əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və vəzifə funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, məktəbin təsərrüfat işləri üzrə direktor müavini Fuad Zeynalov isə tutduğu vəzifədən azad edilib.

Prezident rektora orden verdi

 Ötən həftədə Heydər Əsədov “Şöhrət” ordeni ilə təltif olunub.

 Prezident İlham Əliyevin Sərəncamı ilə təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Prezidentin 3 aprel 2019-cu sərəncamı ilə Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Ötən həftə həm də Hafiz Paşayevin istefası ilə yadda qaldı

Azərbaycanın Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib.

H.Paşayev müraciətində əmək fəaliyyətinin 27 ilini müstəqil Azərbaycanın dövlət strukturlarında işlədiyini və ölkəmizin maraqlarını hər zaman yüksək tutaraq müasir Azərbaycanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəmədiyini qeyd edib.

H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atıb.

Sinif jurnalında qiymətləndirmə nəticələrinin qeydində dəyişiklik olundu

“Bu ildən etibarən sinif jurnalında qiymətləndirmə nəticələrinin qeyd edilməsində dəyişiklik edilib”

Bu sözləri AzEdu.az-a təlimçi-müəllim Mahir Əhədov deyib. O, sinif jurnalında qiymətləndirmə nəticələrinin qeyd edilməsində dəyişiklərlə bağlı fikirlərini də bildirib:

“KSQ və BSQ-nin qiyməti həmişə yazıldığı kimi jurnalın içində, hər fənn üçün ayrılmış səhifədə qeyd olunmamalıdır.

Yəni KSQ və BSQ-nin qiyməti jurnalın sonunda fənlər üçün ayrılmış müvafiq səhifədə rəqəm və balla qeyd olunmalıdır. Amma  ibtidai sinif jurnalları əvvəlki qayda da qalır ”.

Azərbaycanda saxta diplom hazırlayan  şəxslər saxlanıldı-Bu universitetdə

 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar, müvafiq məhkəmə qərarları əsasında Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta-ixtisas müəssisələrini qəbul olmaq hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırması, qanunsuz hazırlaması və satışı ilə məşğul olan bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub.

Belə ki, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlunun Gəncə Dövlət Universitetində xidməti otaqlarında aparılmış axtarış zamanı 37 nəfər ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülüb:

“Bundan başqa, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlunun xidməti otağında, sonuncuya məxsus şəxsi avtomobilində axtarış zamanı 62 ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar olunaraq götürülüb.

Eyni zamanda əməliyyat-istintaq qrupu tərəfindən sözügedən cinayətkar qrupun üzvü olan İmamquliyev Azər Vaqif oğlunun Gəncə şəhərində yaşadığı ünvanda aparılmış axtarış zamanı Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Gəncə, Qazax və Naxçıvan filialları, həmin İnstitutun Ümumi şöbəsi, Gəncə şəhəri Təsərrüfat Hesablı Məişət Xidməti Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnalogiyalar kolleci, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir şəhər kadr hazırlığı və ixtisasartırma məktəbi, Gəncə Elm-Təhsil Mərkəzi Yeyinti Sənaye İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, o cümlədən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunun saxta möhürləri aşkar edilib.

Həmçinin, həmin ünvanda axtarış zamanı aşkar edilən saxta sənədlərin hazırlanması zamanı istifadə olunan rəngli printer, möhürlərin hazırlanması üçün xüsusi çanta, 1 ədəd «LG» markalı monitor, 1 ədəd «Raimb» markalı prosessor, 5 ədəd ali təhsil haqqında diplomun üzlükləri, 2 ədəd orta və texniki təhsil haqqında diplomun üzlükləri, 2 ədəd yaddaş daşıyıcısı və sənədlərin saxtalaşdırılmasında istifadə edilən digər alət və vasitələr götürülüb”.

Rəsmi məlumata görə, Baş İdarə tərəfindən qeyd edilən ünvanlarda aparılmış axtarışlar nəticəsində toplanmış ilkin sübutlarla, habelə aparılmış ayrı-ayrı istintaq hərəkətləri ilə müəyyən edilib ki, Məmmədov Ələddin Hətəm oğlu Gəncə Dövlət Universitetinin kafedra müdiri vəzifəsində işləyərkən həmin kafedranın laborantı Qasımov Elmir Müzadil oğlu, tanışları İmamquliyev Azər Vaqif oğlu, "İsmayıllı Olimpiya İdman Kompleksi" MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlu və istintaqla şəxsiyyətləri araşdırılmaqda olan başqa şəxslərlə sabit cinayətkar qrup yaradaraq aralarında cinayətkar məqsədlərinə uyğun ciddi vəzifə bölgüsü aparıblar:

Hacıbala Abutalıbov AMEA-da çalışacaq

Yaş həddinə görə təqaüdə göndərilən Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov bundan sonra elmi fəaliyyətlə məşğul olacaq. Bu barədə Abutalıbov yaxın ətrafına bildirib.

 Abutalıbov deyib ki, gələn həftədən etibarən mütəmadi olaraq Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) iş yerinə gedəcək.

Xatırladaq ki, 75 yaşlı sabiq vitse-premyer 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri postunu tutur. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib.

Həftənin təhsil informasiyaları

Ötən il magistraturaya qəbul imtahanında kimsə maksimal bal toplamadı

 2018-ci ildə keçirilən magistraturaya qəbul imtahanlarında bakalavrlardan heç biri maksimal bal toplaya bilməyib.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsində toplanıla bilən maksimal bal 100, toplanılan ən yüksək bal isə 95-dir.

Geridə qoyduğumuz həftədə Mehriban Əliyeva internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Ötən həftədə Mehriban Əliyeva həm də körpələr evi-uşaq bağçasında olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.

Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verilib.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları