Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 11:06:00
“Şəhərsalma bu günün və gələcəyin ixtisasıdır    

Sabir Orucov: “BMU-da şəhərsalma üzrə daha geniş biliyə malik mütəxəssislərin hazırlanması hədəflənib”

Müsahibimiz Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və dizayn kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucovdur.

Sabir müəllim, BMU-da yeni yaradılan ixtisaslardan biri də şəhərsalma ixtisasıdır. Bu ixtisas sahiblərinə əsasən, hansı bilkilərin verilməsi hədəflənib?

Bəli, qeyd etdiyiniz kimi şəhərsalma ixtisası BMU-da açılan yeni ixtisaslardan biridir. İxtisasın əsas məqsədi, tələbələrə ilkin mərhələdə şəhər və region planlaşdırma (urban and regional planning) haqqında fundamental nəzəri və praktiki bilikləri çatdırmaq, ikinci mərhələdə isə onları real layihə təcrübəsi üçün hazırlamaqdır. Yekun nəticədə, şəhərsalma mütəxəssisləri interdisiplinar yanaşmaya sahib olacaq. Yəni mühəndislik, iqtisadiyyat, ekologiya, sosiologiya, psixologiya, tarix, statistika, qısacası şəhər mühiti və şəhər sakinini əlaqələndirən bütün sahələrdə biliyə yiyələnəcək. Məzun tələbələr şəhər və region planlaşdırılması prosesində strateji qərarların müzakirə zamanı adı hallanan bütün sahələrdən mütəxəssislərlə məlumat mübadiləsində iştirak etməli olduğundan, onların digər ixtisaslardan fərqli olaraq daha geniş spektruma malik biliyə sahib olmağı hədəflənir.

Belə başa düşdük ki, bu ixtisas üzrə təhsil alanlara  başqa sahələr üzrə də biliklər aşılanır. Bu hansı zərurətdən irəli gəlir?

Tarixdə şəhərlərin inkişafına və hal-hazırda baş verən proseslərə nəzər yetirilərsə, şəhərlərin artıq bir neçə binadan və ictimai yerdən ibarət sadə bir zona yox, əksinə mürəkkəb və davamlı dəyişən, dinamik və yaşayan bir orqanizm olduğu görülə bilər. Artıq  yaxın şəhərlər və digər növ yaşayış məskənləri daha geniş miqyasda ələ alınır və region olaraq işlənir. Yaşayış məskənlərinin funksional olaraq bir-birini tamamlaması, uğurlu və səmərəli iqtisadi zona üçün zəruri olan komponentlərin analizi, təbii və insan resurslarının düzgün paylanması, təbii qaynaqların qorunması və səmərəli istifadəsi və s. kimi mövzular regional plan miqyasında həll olunur. Bu səbəbdəndir ki, şəhərlərimiz üçün artıq sadəcə memar və dizayner olmaq bəs etmir, həmçinin digər əlaqəli sahələr haqqında da fikir sahibi olmaq zəruri hal alır. Dünyada bu ixtisasların (memarlıq, dizayn, şəhərsalma)  bir-birindən ayrı tədris olunma səbəbi məşğul olunan miqyaslarda fərqliləşmənin artmasıdır. Eyni səbəbdən, artıq ölkəmizdə də bu sahələr fərqli ixtisaslar kimi ali təhsildə özünə yer tapır.

Tələbələrlə real ərazilər üzərində iş aparılması dedikdə nə nəzərdə tutulur?

Şəhərsalma mütəxəssislərinə bütün ixtisaslarda olduğu kimi fundamental, humanitar və ümumpeşə hazırlığı fənnlərindən lazımi biliklər verilməsi ilə yanaşı birinci tədris ilində tədris olunan fənnlər onlara sahə haqqında praktiki biliklər də aşılayır. İkinci il tələbələr artıq real şəhər mühiti üçün dizaynın tələblərini öyrənmiş olduğundan, real ərazilər üzərində işləyir və nəzəri dərsləri onlara şəhər mühitinin iqtisadi-ictimai aspektlərini izah edir. Üçüncü il onlar üçün regional plan miqyası ilə əlaqəli çalışmaların başladığı il sayılır. Dördüncü ildə isə davamlı (sustainable) şəhər mühiti, futuristik şəhər konseptləri, alternativ enerji qaynaqları, ağıllı ev layihələri mövzuları ilə yanaşı onlar bəzi modullar üzrə çalışmalar edib diplom layihəsi üçün hazırlıqlar edəcəklər. Diplom layihəsi həmin ilin başında rəhbərlər tərəfindən razılaşdırılmış mövzulardan biri olacaqdır.

- Hazırda bu sahədə təhsil alanlar üçün yeni proqram modulları hansılar  hesab olunur?

- Bu istiqamətdə BMU-da müvafiq işlər görülüb. Ümumi yanaşdıqda qlobal mühitdə standardlara cavab verən şəhərsalma təhsili üçün hazırlanmış yeni proqramın modulları fərqli miqyaslarda - şəhər dizaynı, şəhər iqtisadiyyatı, statistika, Coğrafi İnformasiya Sistemi (CİS), regional planlaşdırma, infrastruktur planlaşdırılması, nəqliyyatın planlaşdırılması, daşınmaz əmlakın dəyərləndirilməsi və idarəedilməsi sistemi, kadastr sistemi, şəhərsalma strategiyaları, tarixi abidələr və qoruma planları, ağıllı şəhərlər, şəhərsalma və tikinti qanunları, şəhərsalmada davamlılıq (Sustainability), həmçinin fövqəladə hallar və təbii fəlakətlər kimi istiqamətlərdən ibarətdir.

Sabir müəllim, ixtisas çeçərkən hamını düşündürən əsas məsələ həmin ixtisasa əmək bazarında olan tələbat önə çıxır. Bu baxımdan şəhərsalma ixtisası nə dərəcədə cəlbedicidir?

Azərbaycanda gedən böyük quruculuq işlərinin hamımız şahidiyik və şəhərsalma üzrə mütəxəssislərə nəinki, Azərbaycanda, bütün dünyada ciddi ehtiyac var. Şəhərsalma bu günün və gələcəyin ixtisasıdır. Buradan məzun olan tələbələr memarlıq və planlama ofisləri, daşınmaz əmlakın dəyərləndirilməsi ilə məşğul olan şirkətlər, layihə institutları, Şəhərsalma və Arxitektura Komitəsi, icra hakimiyyətləri, iqtisadi inkişaf planları, bələdiyyələr və s. bu kimi qurumlarda və sahələrdə müvafiq olaraq fəaliyyət göstərə bilər.