Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-04 09:30:00
Vasim Məmmədəliyevin ən sonuncu yetirməsi: “Birgə yazdığımız əsər Azərbaycan elmini Şərqə tanıdacaq”

 

 “Vasim Məmmədəliyev Azərbaycanda ərəbşünaslıq və ilahiyyat elmlərinin nüfuzunu dünyaya tanıtdırmaqla tariximizə öz imzasını atan həqiqi ziyalılarımızdan biri idi”.

 Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, bir neçə gün öncə dünyasını dəyişən akademik Vasim Məmmədəliyevin sonuncu və ən gənc tələbəsi Tərlan Məlikov deyib

 O, müəllimi ilə bağlı xatirələrini bizimlə bölüşüb:

 “Uzun müddət Bakı Dövlət Universitetində ərəb dili fənnini tədris edən Vasim Məmmədəliyev sözün həqiqi mənasında tərifə ehtiyacı olmayan, böyük bir alim idi. Şərqşünaslıq fakültəsində tələbə olduğum dövrdən etibarən, Vasim müəllimin dəstəyini hər zaman üzərimdə hiss etmişəm. Yalnız mən deyil, bütün tələbələr Vasim müəllimin sanki məhz ona diqqət göstərdiyini və dəstək verdiyini hiss edirdi. Vasim Məmmədəliyev nadir alimlərdən idi ki, yetişdirdiyi hər bir tələbəsinə bütün biliklərini verməyə çalışır, əlindən gələn köməkliyi əsirgəmir, onun irəli getməsinə təkan verməkdə  tərəddüd etmirdi. Onun kimi dahi şəxsiyyəti iş prosesində izləmək insana başqa bir zövq verirdi və onun hər hansı bir məsələyə yalnız bir dəfə nəzər salmaqla dərhal reaksiya verməsi, heç bir qüsurun gözündən qaçmaması insanı heyrətə gətirirdi. Mən, Vasim müəllimin yetişdirdiyi ən gənc yetirməsi və onun rəhbərliyi ilə dissertasiya müdafiə edən son fəlsəfə doktoru olaraq, böyük qürur hissi duyuram. 

Vəfatından iki həftə öncə Vasim müəllim məni fəlsəfə doktoru diplomunu almağım münasibətilə təbrik edib, gələcəkdəki elmi fəaliyyətlər barəsində tövsiyələrini verdi. Tədqiqat sahəmin leksika olmasını nəzərə alaraq, mənimlə ərəbşünaslıqda ixtisas lüğətlərinin hazırlanması istiqamətində xeyli iş aparmalı olduğumuz barədə məsləhət xarakterli söhbət etdi. Sanki bu hikmətli şəxsiyyət son dəfə olaraq, mənim gələcək elmi fəaliyyətimin istiqamətini müəyyənləşdirdi, məhz hansı yolda irəliləməli olduğumu tapşırdı. 

 Təəssüf ki, bundan sonra onunla birgə nəzərdə tutduğumuz elmi işləri həyata keçirməyə Vasim müəllimin ömrü vəfa etmədi. Lakin, mən Vasim müəllimin davamçısı kimi onun son istəklərinin tövsiyə olaraq qalmayacağına, Bakı Dövlət Universitetinin rəhbərliyinin dəstəyi ilə Ərəb filologiyası kafedrasında onun digər davamçıları ilə birgə bir sıra elmi işləri həyata keçirəcəyimizə inanıram”. 

 O, müəlliminin şah əsəri -Qurani-Kərimin  Azərbaycan dilinə tərcüməsi barəsində də danışır:  

 “Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə orta əsrlərdən bəri cəhd göstərilsə də, 1904-1906-cı illərdə Bakı qazisi Mirməhəmməd Kərim ağanın, 1908-ci ildə Zaqafqaziya Şeyxülislamı Mövlazadənin tərcümə təfsirlərinin nəşri həyata keçib. Lakin, nadir nüsxələri əldə olan bu əsərlərin dili artıq müasir Azərbaycan oxucusu üçün çox qəliz və anlaşılmaz idi. Məhz buna görə də ərəb dilinin və ilahiyyatın bütün sahələrini mükəmməl bilən  mütəxəssis kimi Vasim müəllimin bu sahədə göstərdiyi xidmətlər misilsizdir. Sovet rejimi dövründə Vasim Məmmədəliyevin  Ziya Bünyadovla birgə Azərbaycan dilinə tərcümə etdiyi “Qurani-Kərim” ilk dəfə 1991-ci ildə işıq üzü görüb və bu tərcümə indiyədək müxtəlif illərdə 17 dəfə nəşr olunub. Ümumiyyətlə, bu tərcümə əsəri Azərbaycanda ilahiyyat və islamşünaslıq elminin yenidən dirçəlməsinə böyük təkan verib”.

 Tərlan Məlikov Vasim Məmmədəliyevin ərəb, eləcə də Şərq dünyasındakı nüfuzu barədə də maraqlı faktları sadalayır:

 “O, nəinki ərəb ölkələrində, habelə bütün Şərq dünyasında öz elmi fəaliyyəti ilə şöhrət qazanan dünya şöhrətli bir alimdir. 40 dan çox kitabın, 600-dən çox elmi məqalənin müəllifi olan Vasim müəllimin əsərləri dünyanın 15-dən çox ölkəsində çap edilib. O, İslam Əməkdaşlıq Təşkilatı Fiqh Akademiyasının həqiqi üzvü, İraq Elmlər Akademiyasının müxbir üzvü, Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İranın Beynəlxalq Əhlibeyt Assosiasiyasının və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü və Dağıstan Respublikalarının əməkdar elm xadimi kimi bir çox dərəcə və vəzifələrə nail olub”.

 Son olaraq

 “Qeyd etmək yerinə düşərdi ki, XX əsrin 90-cı illərində Bakı Dövlət Universitetinin nəzdində İlahiyyat fakültəsinin yaradılması yalnız Vasim Məmmədəliyev kimi milli dövlətçilik ideyalarına sadiq, doğma torpağa, milli soy-kökə bağlı bir vətənpərvər ziyalıya həvalə oluna bilərdi. Vasim Məmmədəliyevin dekanı olduğu, 1992-2018-ci illərdə fəaliyyət göstərən İlahiyyat fakültəsində çoxlu sayda ilahiyyatçı tələbələr, dinşünas alimlər yetişib. Məhz bu ilahiyyatçılar sayəsində Azərbaycanda İslam dininin düzgün təbliği istiqamətində böyük işlər görülmüş oldu. 

 Lakin, 2018-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə əlaqədar Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi ləğv edildi və o, Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü oldu. Həmin vaxtdan etibarən Vasim müəllim  Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi Dini Şuranın sədri, Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müdiri vəzifəsində çalışdı”.

 Magistraturda oxuduğum dövrdə Azərbaycan ərəbşünaslığında lüğətçilik barəsində bir çox problemlər var idi. Bu dövrdə artıq kifayət qədər tələbənin rus dilini bilməməsi, onların rus-ərəb lüğətlərindən istifadəsini mümkünsüz edirdi. Bir neçə ərəbcə-Azərbaycanca lüğətlərin olmasına baxmayaraq, bu sahədəki boşluq hələ də aradan qaldırılmamışdı. Bu məsələ Vasim müəllimin nəzərindən yayınıb, daim gənc nəslin inkişafına çalışan dəyərli alimi düşündürməyə bilməzdi. Bu nöqteyi-nəzərdən Vasim Məmmədəliyevin məsləhəti, rəhbərliyi və məhz iştirakı ilə Vüqar Qaradağlı və mən “Azərbaycanca-ərəbcə lüğət” adlı bir dərs vəsaitini ərsəyə gətirmək qərarına gəldik və 2012-ci ildə üçümüz birgə Azərbaycan ərəbşünaslığı tarixində ilk dəfə olaraq, 35000-dən artıq söz və ifadəni əhatə edən fundamental “Azərbaycanca-ərəbcə lüğət”i hazırlamış olduq. Vasim müəllimin təbirincə desək, “Azərbaycanca-ərəbcə” lüğətin hazırlanması çox böyük elmi iş olmaqla yanaşı, vətəndaş qeyrəti tələb edən bir işdir. Bu lüğət Azərbaycan elmini və dilini yaymaq üçün böyük bir mənbə hesab oluna bilər. Çünki, ərəblər Azərbaycan dilində eşitdiyi hər hansı bir sözün öz dilində qarşılığını məhz bu əsər sayəsində tapacaqdır. Dolayısıyla bu gün gördüyümüz iş gələcəkdə Azərbaycan dilinin Şərq dünyasında təbliği istiqamətində olduqca faydalı bir vəsait olacaqdır”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları