Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-03 12:39:00
Lütfi Zadə iqtisadiyyat sahəsində Nobeli nə üçün qazana bilmədi?-"Əslində, almalı idi"
 
 
AzEdu.az dünyanın düşüncə tərzinə yeni rəng qatan, elmin sərhədlərini genişləndirən böyük həmyerlimiz Lütfi Zadə haqqında yazını təqdim edir:
 
Həmçinin, onun şah əsəri sayılan qeyri-səlis məntiq nəzəriyyəsindən bəhrələnən alimlər və onların elmi işlərinə də diqqət edəcəyik. Çünki əsl alim kimi Lütfi Zadə məhz həmin elmi əsərlərdədir.
 
Bu silsilədən bir neçə yazını təqdim etmişik. Orada haqlı olaraq, Zadənin elmi irsinin varisi, professor Rafiq Əliyevin elmi işlərinə daha çox toxunmuşuq. Bu dəfə də həmin ardıcıllığı pozmamaq qərarına gəldik. Çünki dünyada qeyri-səlis məntiq nəzəriyyəsi üzrə ən güclü mütəxəssislərdən olan Rafiq Əliyevin bu istiqamətdə gördüyü işlər daha çox və daha mükəmməldir. 
 
Onlardan biri də Rafiq Əliyevin Zadənin elmi nəzəriyyələri və tövsiyyələrindən bəhrələnərək dünya və Azərbaycan  üçün təklif etdiyi yeni iqtisadi model və onun elmi əsasından danışacağıq.
 
Rafiq Əliyev müsahibələrinin birində həmin iqtisadi model haqqında qısaca da olsa danışıb, onu konkret misallarla izah etməyə çalışıb:
 
“Məsələn, deyək ki, Azərbaycanda 2015-18-ci illərdə kənd təsərrüfatından büdcəyə 15, yaxud 15,6 faiz daxilolunma olacaq. Əvvəla gələcəyi heç kəs həmin on beş nöqtə altıynan, yəni dəqiqliyinəcən deyə bilməz. Burada qeyri-səlislik olmalıdır. Çünki hadisələrin gedişində çox şey dəyişə bilər. Kənd təsərrüfatıdır, ona havanın dəyişimi belə təsir edəcək. Tək bu deyil ki? İqtisadi - siyasi maraqlar dəyişilə bilər. Bütün bunların hamısının nəticəsində 2015-2018-ci illərdə kənd təsərrüfatından büdcəyə gələcək gəlirdə qeyri-müəyyənlik olacaq. Qeyri-müəyyənlik hər zaman var. Mən indi bir kitab yazıram, Amerikada çap olunacaq. “Yeni hesab” adlanır. Amma bu hesab o hesabdan deyil. Qeyri-müəyyənliklər hesabıdır. Mən deyirəm ki,  daha ağıllı adam heç vaxt 15 nöqtə 8 deməz. Deyər 15 və 16 intervalındakı bir rəqəm. Amma bir az da dəqiq adam onu qeyri-səlis deyər: 15-lə 16 intervalında,  ən çox ehtimal olunan 15,5 olar.  Hər şeyin tam doğru, dəqiq olacağını Tanrıdan başqa kimsə bilmir. Bunu nə Rafiq Əliyev bilir, nə də bir başqası. Yaxşı variant informasiyanı qeyri-səlis təqdim edib yanında da inam ölçüsünü göstərməkdir. Burada baxılan kəmiyyətin qiyməti də  var,  yanında qeyri-müəyən etibarlılıq dərəcəsi də. Onları vurub bölmək, kvadrata yüksəltmək, bir sözlə hesablamaq çətindir. Lap sadə dildə deyək: tutaq ki, siz saytınızda bir adama deyirsiz ki, sizə bir yazı üçün 100 manat qonarar verirəm. Amma sizin o qonararı almaq ehtimalınız 90 faizə yaxın ehtimaldır. İkinci seçim də var. Deyir, sənə 80 manat qonarar yazıram, amma alma ehtimalınız  97 faizdir. Siz hansını seçərdiniz? 
 
Əlbəttə, ikincini götürsəniz, pis olmaz. Amma adama görə bu seçim dəyişir. Seçim həmin adamın dövlətli olub olmamağından, nə qədər riskli olmağından asılıdır. Elə jurnalist var ki, 100 min pulu var, o saat deyəcək ki, yox mən ancaq birincini, yəni yüzü istəyirəm.
 
Klassik üsullarda, paketlərdə, modellərdə rəqəmlər hamısı yüzdə yüz inamla qoyulub. Məsələn, yazılır ki, mən kənd təsərüfatından 17.1 faiz gəlir alacağam. Mən deyirəm ki,  bu mümkün deyil. Bu real həyatda özünü doğrultmayacaq. Bu rəqəmlərdə qeyri-müəyyənlik var, axı gələcəyi yüzdə yüz dəqiqliklə demək olmaz. Belə iqtisadi model qeyri - səlis nəzəriyyə əsasında özünü doğrultsa tək,  Azərbaycan yox,  dünya üçün xeyir verə bilər. Yəni elə bir model ola bilər ki, onun içərisindəki verilənlər və ondan alınan nəticələr reallığı daha yaxşı əks etdirər”.
 
İndi keçək məsələnin başqa tərəfinə. Yəqin ki, Rafiq Əliyevin yeni iqtisadi modellə bağlı səsləndirdiyi misallarda qeyri-səlis məntiq ifadəsinin tez-tez işləndiyini gördünüz. Əvvəlcə qeyd edək ki, yuxarıdakı parçada (müsahibədən çıxarışda) yeni iqtisadi metodun mahiyyəti dərinliyinə qədər söylənilməyib. Bu da müsahibə texnologiyası və kütləni nəzərə almağa əsaslanıb. Lakin biz Rafiq müəllimin bir neçə il bundan əvvəlki təklifinin Zadə nəzəriyyəsi ilə əlaqəsinə toxunaq. Professor vaxtilə bu sətirlərin müəllifinə Zadənin iqtisadiyyata verdiyi və gələcəkdə verəcəyi töhfələrdən də danışmışdı. Yaddaşı yeniləmək üçün həmin informasiyaları yenidən təqdim edirik:
 
“Zadənin iqtisadiyyatın inkişafı naminə gördüyü işlərin çoxu elə bizim bərabər yazdığımız kitablardır. Bu il fizika üzrə Nobel mükafatına 3 alim layiq görüldü. Ən azı, 15-20 məqalə yazıldı ki, niyə Zadəyə və onun əməkdaşlarına iqtisadiyyat sahəsindəki işlərə verilmir. Çünki o fiziklərin işi bəzi işıq proseslərinin avtomatlaşdırılması idisə Zadə ilə mənim işim insan düşüncəsinin avtomatlaşdırılmasıdır. Bilirəm ki, siz jurnalistika ilə bərabər, elmi sahə ilə məşğulsuz. Ən yüksək elm Tanrının yaratdığına nisbətən yaxınlaşmaqdır. Qeyri -səlis məntiq Tanrı məntiqindən çox aşağı səviyyədədir. Zadənin mənə sonuncu məktubu odur ki, Rafiq, onlar bu işə adət etməlidirlər. Nobeli alan fiziklərin 1990-cı ildəki işlərinə Nobel mükafatı verildi. Lütfi Zadə də onu yazırdı ki, Nobeli verənlər buna adət etməlidirlər. Məsələn, mən SSRİ dövlət mükafatını üçünücü dəfədən aldım. Birinci dəfə alınmadı, ikinci dəfə alınmadı, mənim elmi rəhbərim Akadik B.Petrov (o, SSRİ Elmlər Akademiyasının vitse-prezidenti idi) mənə dedi ki, Rafiq, onlar bu işə alışmalıdır. İndi də vəziyyət belədir. Sağlıq olsun!"